Nərmin HÜSEYNZADƏ

   
   Ünvansız məktub
   
   Məktub yazıram, ancaq nə ünvanı, nə də istiqaməti bəlli deyil... Yox, fikrimi dəyişdim. Məktubu yola salmaq çətin məsələdir bir az, mən də ki, çətinlikdən qorxuram həmişə. Daha asan bir yol da olmalıdır. Aha, tapdım. Elektron poçt- bu, daha asandır...
   Menevizayollaygn@qacmaqisteyirem.com
...
   -Salam, mənə viza lazımdı. Səfər etmək istəyirəm. Çox yox, cəmi 3 günlük. Çox qala bilmərəm, görüləsi işlərim var burda. Cavabınızı səbirsizliklə neisteyiremyazgram@mail.ru
ünvanında gözləyirəm. Hələlik... OK...SEND
   ....MAİL DOESN`T BE SENT...lənət şeytana getmədi. Ünvan səhvdir. Heyif...
   dargxgram@mail.net
...
   -Salam. Mən çox darıxıram. Heç məşğul olmağa məşğuliyyətim də yoxdur. Kömək edə bilərsiz?
    OK... SEND
   ....MAİL DOESN`T BE SENT... bu da getmədi. Eybi yoxdur atalar üçdən deyib. Növbəti cəhd... Yenə də alınmadı. Sən demə, atalar da arada səhv edirmiş. Dünyanın hörümçək toru sevindirmədi məni. Nə isə...
   Aha, mənə indicə məktub gəldi. meslehet@mail.ru
ünvanından.
    “Bəsdir kimdənsə hazır nəsə gözlədiyin! Viza almaq üçün universitetdə əlaçı olmaq, darıxmamaq üçünsə kitab oxumaq daha yaxşı yoldur. Nəinki mənasız emaillər yazmaq...
   Sehrli bir sözdü qadın…
   Zəif məxluq deyirlər qadınlara çox zaman. Bəzən razılaşıram bu fikirlə… Baxmayaraq ki, nə ədəbiyyatımız, nə də tariximiz razı deyil bu fikirlə…
   …Əgər bizsiz heç olduqlarını kişilərə sübut edə bilmiriksə, deməli, zəifik…
   Heç vaxt bir sözlə, hətta bir zərbəylə belə ağlayan görmədim kişiləri. Özlərini ovundururlar həmişə “kişilər ağlamaz” deyə. Ancaq gözləri ovuclarının içindədir qadınların çox zaman. Mərhəmətli, sədaqətli, mehriban, saf, bir az da qorxaq olur qadınlar. Elə ona görə də zəif görünürlər. Bəzən də, biz daha dözümlüyük deyə öyünürük. Əslində dözməyə məcbur olduğumuzçün dözürük problemlərə. Bu yaxınlarda ANS-in “İç xəbər”ində oğlunun ölümünə dözməyib özünə qəsd edən ata barədə olan reportaja baxdım. Dünyasını dəyişən oğlanın anası isə o biri uşaqlarını qucaqlayıb eləcə ağlayırdı. Onun ölməyə haqqı yoxdu, deyə düşündüm o an. Dözməli idi, bala dərdinə də,ər dərdinə də!
   
   Bəzən gülər, bəzən ağlar,
   Ağ geyinər, qara bağlar
   Şəfqətiylə dərd sağaldan,
   Bir sehirli sözdü qadın…
   
   Ancaq ana olmağa, dünyaya yeni bir nəfəs, yeni bir həyat gətirməyə hazırlaşan qadınlara baxanda zəif sözünü birdəfəlik yox etmək keçir könlümdən…
   
   Mənim nağıllarım
   
   Bütün uşaqlar kimi mən də çox sevirdim nağılları. Elə indi də sevirəm. Çünki həmişə yaxşı qurtarır sonluqları. Çox vaxt nağıl qəhrəmanlarının yerində hiss edirdim özümü… Doğrudan da, çox xoş gəlir adama. İstəsən yox olursan, istəsən uçursan, istəsən qaçırsan... Çox maraqlıdı.Nə olursa,olsun sonda haqq-ədalət yerini tapır, sevənlər qovuşur, pis qüvvələr məhv olur… daha nələr, nələr… Əladı, ancaq təəssüf ki, nağıldı…
   Ən çox sevdiyim “Qırmızıpapaq” nağılı olub. Canavar Qırmızıpapağı udanda şükür edirdim bunun nağıl olduğuna, çünki odunkəsənlər canavarın qarnını yarıb xilas etdilər onu. Ancaq bu nağıl yox, həqiqət olsaydı, elə oradaca qalardı yazıq qızcığaz…
   Gülürdüm həmişə Qırmızıpapağa nənəsi ilə canavarı ayırd edə bilmədiyi üçün. İndi özümə gülən lazımdı, yaxşıyla pisi ayıra bilmirəm hələ də…
   Nağıllarda adətən hadisələr pisdən yaxşıya doğru gedir. Həyatda isə əksinə, hər şey yaxşı başlayır, sonu isə pis olur.Nağıllarda reallığı görmək üçün sondan əvvələ doğru oxumaq lazımdı bəlkə də… Kaş həyatımız da nağıllar kimi gözəl olsun həmişə…
   Kaş həyatda da sehrli xalça,sehrli çubuq olaydı, xeyirxah insanlar,xeyirli işlər üçün…
   
   Məndən sənə bir ömürlük xatirə,
   Səndən mənə nə qalacaq bilmirəm...

   
   Deyirlər ki, zaman hər şeyi unutdurur. Bəzən bu fikirlə razılaşmıram. Çünki həyatda heç vaxt unudulmayan anlar, heç vaxt unudulmayan insanlar da olur. Unutmayacağım anlarım məktəb illərim,unutmayacağım insanlarsa sizlərsiniz ,əziz müəllimlərim.
   İstərdim ki,məni həmişə yaxşı xatırlayasınız. Necə varamsa, eləcə...
   Hərdən tərsliyim, hərdən şıltaqlığım, hərdən də şirinliyimlə...Bəzən, səhvlər də etmişəm. Səhvsiz insan olmaz. Uşaqlıqda hamı səhv edir. Və səhvləri edə-edə həyatı, həqiqətləri, düzgünlüyü öyrənirik. Təki, böyüyəndə böyük-böyük səhvlər etməyək!
   Ancaq bütün bunlara baxmayaraq, mənə elə gəlir ki, mən heç də pis qız deyiləm.
    Bəzən sizi incitmişəm, bezdirmişəm. Buna baxmayaraq hərəmizin qəlbimdə öz yeriniz var. Öz xasiyyətləriniz,deyimləriniz, özünəməxsusluqlarınızla. 11 ildə dilimdən qəlbimə, qəlbimdən yaddaşıma köçdünüz! Sizi bilmirəm, amma mən sizi həmişə xatırlayacağam. Bir mahnıda deyildiyi kimi, sizi sevəcəyəm siz sevməsəz də. Ancaq bir həqiqət də var: siz mənim gələcək xatirələrimin ilkin səhifələrində yer alacaqsınız. Uşaqlarıma, nəvələrimə uşaqlığımdan, yeniyetməliyimdən danışanda - ən şirin, ən məzəli səhifələr olacaq bu saralmış vərəqlər...
   Əziz müəllimlərim!
   Bir vaxt anam toppuş, çox danışan,yetənə yetən,yetməyənə bir daş atan, bir az şit, bir az şirin, şıltaq bir qızın əlindən tutub darta-darta gətirmişdi yanınıza. Sabirsayağı əti sizin sümüyü mənim, adam edin bu ərköyünü demişdi. Sizdə bacardığınızı etdiniz, mən də bacardığım qədər götürdüm. Sonrasını tale bilər,gələcək göstərər. Hər halda çəkdiyinz əməyi halal edin. Çünki bu gəlimli-gedimli, nə yazıq ki, bir ucu ölümlü dünyada ayrılıq deyilən bir məfhum da var. Təəssüf ki, bu ayrılıq bizə də nəsib oldu. Ayrıldıq ki, siz yeni-yeni dəcəlləri adam edəsiniz,biz isə özümüzə yeni bir dünya quraq. Və həmin dünyanın içərisində öz yuvamızı tapaq.