Nədən yapışsalar, nə qədər çalışsalar belə, hünər, qəhrəmanlıq və bir də şairliyi gizli saxlamaq olmaz; onlar mütləq bütün maneələri, bütün sədləri keçib səsini aləmə yayacaq. O da böyük sözə, poeziyaya qarşısına çıxan bütün nahamarlıqları aşaraq gəldi. Gəldi və qısa zaman kəsiyində sevilib seçildi, özünü təsdiqləyə bildi. Şeirləri dillər əzbəri olub, söz düzümləri mahnılara dönüb. Kitablar, disklər, albomlar, kasetlər, kliplər həyatının ayrılmaz hissəsinə çevirildi.
   Söhbət öz poetik ruhu, duyumu ilə fərqlənən şairlərdən biri - nəğməkar-şair Ramiz Abdullayevdən gedir.
   “Vətən torpağı” (“Şərqin səsi”- 2002) kitabındakı şeirlərin poetik təravəti, lirik müşahidələrin özünəməxsusluğu bu şair haqda fikir deməyə əsas verir. Şairin həyat orbiti Vətən adlı bir kürədən ibarətdir. Bütün istək və arzularının müqəddəsliyi üzü Vətənə sarıdı.
   
   Bu gün, Vətən, sənin üçün həyatımdan keçərəm mən
   Öpüb sənin torpağını, gözlərimə çəkərəm mən,
   Səni azad etmək üçün son qanımı tökərəm mən,
   Arzum budur: sən ol azad, şəhid olum yolunda mən,
   Təki yaşa, Azərbaycan, Odlar yurdu - sən ey Vətən!

   
   Bu silsilədən olan “Vətəni düşməndən azad edək”, “Vətən”, “Qurbanın olum”, “Xəzərim”, “Bakım mənim”, “Maştağadır kəndim mənim” və digər şeirlər vətəndaşlıq yanğısı ilə yazılmış nümunələrdir. Ramizin yazılarından hiss olunur ki, o qeyri peşənin daşıyıcısı olsa da, yaradıcılıqda zəhmətin qaynağında bişən, öz üzərində böyük məsuliyyət hiss edən yanarqəlbli şairdir.
   Dramaturq kimi R.Abdullayev, ilk dram əsərini şeirlərindən sonra yazsa da, burada diqqəti çəkən məziyyət çoxdur: özgürlük, ətrafda baş verən olaylara ayıq gözlə baxım, çağdaşlarının həyatını diqqətlə izləyiş və s.
   Komediyalarında isə gündəlik olayları, müasirlərimizin qayğı və sevincini öz yumor süzgəcindən keçirərək oxucularının ixtiyarına buraxır; özü də çox diqqətlə, təmkin və səbirlə. Əsərdə müəllif ümumiləşdirmə yolu ilə insanların mənəvi aləmini ustalıqla təsvir etməklə yanaşı üzdən adi və sadə görünən bu adamların yaşamında, xırda olsa da, elə maraqlı detallar tapır ki, obrazlar oxucu və tamaşaçı diqqətində çox aydın canlanır, onların inamını artırır.
   
   Məhəbbətlə alışdıq,
   Qorunmağa çalışdıq,
   Pıçıldaşıb danışdıq
   Sevgi dolu o gecə.

   
   Məhəbbət kimin ürəyində hədsizdirsə, o insan mənəviyyatca da zəngindir, kamil insandır, xeyirxahdır.
   Ramiz Abdullayev poeziyasının təməli məhəbbətdir. Bu hiss, bu duyğu onun yaradıcılığında ətirli bir ab-hava yaradır. Çünki o, həyatı, insanları sevir, əsl dostları sevgilərlə əzizləyir.
   Şeir və nəsr... Ramiz Abdullayevin yaradıcılıq palitrasında əlvan poetik uçuşlar, epik lövhələr, dramaturji materiallar, təkrarsız nəğmələr görünür... Həyatımız yeni-yeni mövzular, motivlər gətirir onun yaradıcılıq emalatxanasına.
   Səmimi çalarlarla, həzin, xəfif duyğularla qovuşan bir işartı da var Ramizin yaradıcılığında.
   Heç şübhəsiz, poeziyanın əlifbasına bələd olanlar təsdiqləyər ki, Ramiz Abdullayevin çox şeirləri ayla, illə, günlə səsləşmir. Axı o, heç təqvim şairi deyib. Onun poeziyası gələcəyə üz tutub. Nəğmələri onu unutmaq istəyənlərə şans verməyəcək. Ürəyinin işığını bəmbəyaz saçlarında gəzdirən şair əlbəttə, unudulmaz…
   
   Mahəddin Əsgər