yaxud həyatdan bezənlərə
  

   Əbəs yerə deyilməyib ki: “Sevgi bizi yenidən yaradır”. Əgər bir insan sevirsə nə gözəl... Nə gözəl ki, xoşbəxtliyin içində boğulur. Sevgi Allahın insan ömrünə bəxş etdiyi hisslərin bəlkə də ən müqəddəsidi. Amma nə yazıq ki, bəzən qədrini bilməyib ətrafımızda dolaşan xoşbəxtliyə kor oluruq. Sevgini izhar etmək, onun açıqlamasını yazmaq onsuz da qeyri-mümkündü. O, bir tapmacadı. Açmasını bildinsə, demək həmin andaca sevgi də bitdi...
   Elə Fateh Akının “Divara qarşı” filmindəki kimi. Sevdiyin insanı itirmək içində qurduğun dünyanı itirmək qədər eynidir. Filmin baş qəhrəmanı qadınını itirmiş alman türkü Cahid də tənhalığı özünə həmdəm seçmiş bir insandı. Lakin hər gün eyni ağ-qara rəngli həyatın davamı onu bir gün o qədər bezdirir ki, sükan arxasında gözündən yaş axa-axa, punk-rock sədaları altında qışqıra-qışqıra əzabla bir andaca bu rəngsizliyə nöqtə qoymaq istəyir. Maşını divara çırpır. Burada aktyor oyunu demək olar ki, obrazın ruhi vəziyyətini tamamilə doğruldur. Həmin an gözlərim qarşısında yalnız 6 hərf göründü: BEZMƏK... Əslində bir kod olub cəmiyyətin qurduğu lazımsız qanunlara çırpılan maşın o 6 hərfin son həddi idi. Bilmirəm nə dərəcədə yerinə düşür, amma nədənsə o an Beynimdə Salam Sarvanın bu şeiri pıçıldayırdı:
  
   Eynən qatarların vəziyyətindəyəm
   Onlar üçün qandal relslərdən
   Çölə, azadlığa çıxmağın
   Bircə yolu var - QƏZA!

  
   Kədərin insan ruhunu zəncirləməsi qədər dünyada bəlkə də əzablı heç nə yoxdu... Biz insanlar müxtəlif oluruq. Kimi məhəbbəti, kimi tənhalığı özünə həmdəm seçir. Onu sevir, qısqanır, gecələri ona sarılır, tənhalığı məhəbbətdə, məhəbbəti tənhalıqda unudur. Amma təəssüf ki, bütün sonluqlar eyni : Ayrılıq!
   Onunla xəstəxanada rastlaşır. Maşında qəza və damarlarını kəsməklə intihar etmək istəyən insanların üzlərində gəzən baxışları...və təsəvvür edin ki, tanımadığınız bir qız sizə yaxınlaşıb : “Mənimlə evlən. Xahiş edirəm, evlən mənimlə” deyir. Əlbəttə, cavabında “Bunun başına hava gəlib”, yaxud ən pis halda elə filmdəki kimi qızı təhqir də edə bilərsiz. Amma maraqlıdı, damarlarını kəsib ölmək istəyən bir qız niyə “Mənimlə evlən” desin. Bəlkə elə doğrudan xəstədi? Yox! Onu bu sözləri deməyə vadar edən ruhu xəstə insanlardı, xəstə cəmiyyətlərdi. Azadlığını boğan qadağalar məngənəsidi. Qadağalar!..
   Artıq evlidirlər. Lakin bu evlilik yalnız quru kağız parçasında olan yalançı nikahdı. Bir evdə ayrı-ayrı yaşayan iki eyni insan. Gecələri diskobarlarda keçirmək həyatlarının ayrılmaz hissəsinə çevrilib. Ötən yazımda bu problemə toxunmuşdum. Qadağalar olduqca onlara olan maraq da artır. Elə filmdə də birdən-birə qəfəsdən azadlığa buraxılan quşu xatırladan Sibel azadlığının çərçivəsini itirir. Göbəyinə sırğa, belinə tatuaj etməklə, gecələri barlarda hərdən bir oğlanla tanış olub gün keçirməklə azad, müstəqil olduğunu düşünür. O epizodlar ki, bugünkü əksər gənclərimizi xatırladır. Bilmirəm niyə, amma nədənsə bu gün çoxları narkotika, alkaqol, diskotekalarda dəlisov-çılğın rəqslər, kiminsə yataq yoldaşı olmaq və s.azad yaşamın simvolu, gəncliyin etalonu kimi xarakterizə edir. Amma yox qardaşım, yox! Azadlıq çılğınlıq deyil. Hisslərin azadlığı “Nə istəyirəm onu da edirəm” demək də deyil!
   Əvvəl-əvvəl bu qızın çılğın arzu-istəkləri məni qıcıqlandırsa da, sonda ona çox acımalı oldum. Film Aristotelin “Bədbəxtlikdən xoşbəxtliyə, xoşbəxtlikdən bədbəxtliyə” süjeti üstündə davam edirdi. Bəlkə də tam əksi... Deyirlər, sevgililər bir-birilərinə qovuşduğu an sevgiləri bitər... Bu kəlmə mənə canı şüşədəki göyərçində olan divi xatırladır. Div qədər nəhəng olan sevgi göyərçinin qanad açıb uçub getməsi qədər ani olan ehtirasın qurbanı olur. Aylardır bir evdə yaşayan, lakin bir-birinə belə toxunmayan bu iki gənc ruhlarını yavaş-yavaş zəncirləyən sevgini hiss edib, hisslərini paylaşmaq istəyir. Şüşəni sındırıb göyərçini azad etmək istədikləri an isə Sibel : “Yox, biz bunu edə bilmərik. Əgər etsək, onda biz ər-arvad olacağıq”. Yenə həyat davam edir, amma bu dəfə tamam fərqli. Sevgi artıq cücərib boy verir. Lakin bir gün barda Sibelin keçmiş yataq yoldaşından birinin qızın ardıyca Cahidin qarşısında ağına-bozuna baxmadan danışıb hər ikisini alçaltması və Cahidin onu öldürməsi hadisələri düyün nöqtəsinə gətirir. Türmə... Birləşən iki əl... “Mən səni gözləyəcəm. Hər zaman gözləyəcəm”. Həyat yenə öz axarıyla və sürprizləriylə davam edir.
   O qədər çirkabın içərisində almaz kimi parlayan saf sevginin işığı getdikcə tamaşaçının gözünü qamaşdırır. Bəli, bu o sevgidi, hansı ki, ehtirassız, dostluqsuz, filansız...yalnız təmiz, günahsız hisslərin hökmranlıq etdiyi aləm. Bədbəxtlikdən xoşbəxtliyə.
   Ümumiyyətlə isə, belə bir hadisənin baş verməsi bizə filmin həqiqətdən kənar olduğunu hiss etdirir. Lakin dərhal bunun səbəbini də anlamaq olur. Düşünürəm ki, o qədər yalanlar içində itib-batmışıq ki, həqiqəti görə bilmirik. Əslində baş verənlər hər gün ətrafımızda olan, bəzən görə bilmədiyimiz, yaxud görmək istəmədiklərimizdi.
   İllər keçir. Cahid həbsdən qayıdıb. Sibelə olan məhəbbəti bu illər ərzində daha da böyüyərək bütün ruhunu zəbt etmiş... Sibelin başqa biriylə evli olması xəbəri və bir gecəlik qonaq... İllərdir böyüyən məhəbbət həmin gün doğulur.... Göyərçinin canı şüşədən qurtulur. Bəlkə də o nəhəng məhv olur. Amma bayaq dediyim kimi, sevgidən sevgi doğulur...
  
   Yeganə Cansail