Moskvada Kinematoqrafçılar Birliyi Konfederasiyası, MDB-yə üzv ölkələrin Beynəlxalq Humanitar Əməkdaşlıq Fondunun dəstəyi ilə MDB və Baltikyanı ölkələrin milli kinematoqraflarının XIII forumu keçirilir. Avqustun 29-da forum çərçivəsində "Qırxıncı qapı"-Azərbaycan filmi nümayiş etdirilib. Filmin rejissoru və ssenari müəllifi Elçin Musaoğlu, operatoru Abdulrəhim Beşarat, rəssamı Elxan Nəbiyev, bəstəkarı Natəvan Faiqdir. Ekran əsərində Həsən Səfərov, Rövşən Ağayev, Gülər Nəbiyeva, Elmira Şabanova, Rafiq Əzimov və başqa aktyorlar çəkiliblər.
   "Qırxıncı qapı" bədii filmində hadisələr XX əsrin 90-cı illərinin əvvəllərində Bakının 40 kilometrliyində yerləşən bir qəsəbədə cərəyan edir. Sakinlər yaşadıqları qəsəbəni "Qırxıncı qapı" adlandırırlar. "Qırxıncı qapı" ümumilikdə detallarla dolu bir filmdir. Rejissor E.Musaoğlu bu detallarla obrazların xarakterini və hadisələrin mahiyyətini aça bilib.
   Moskvalı tamaşaçılar filmi böyük maraqla qarşılayıblar. Sentyabrın 3-dək davam edən forumun proqramına Azərbaycan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan, Ukrayna, Estoniya və Ermənistandan olan rejissorların 9 tammetrajlı filmi daxil edilib. Forum çərçivəsində filmlərin retrospektiv nümayişi də nəzərdə tutulmuşdu.