Son dövrlərin maraqlı nəşr nümunələrindən biri də Yaqub Dəliöməroğlunun “Nurlan” nəşriyyatında çap olunan “Türküstan Yasəvinin şəhəri Yəsiyəyə dair” kitabıdır. Bu kitab Azərbaycan Yazıçılar Birliyinin 75 illiyi münasibətilə nəşr olunan kitablar seriyasındandır. Kitabın elmi redaktoru Azərbaycan Atatürk Mərkəzinin müdiri, AMEA-nın müxbir üzvü, millət vəkili Nizami Cəfərovdur. Rəyçi isə AYB-nin katibi Arif Əmrahoğludur. Əsəri dilimizə uyğunlaşdıran Rəsmiyyə Sabir, redaktoru isə Əkbər Qoşalıdır. Kitabda Əmir Teymurla Yasəvinin münasibətləri, Türküstan şəhərləri, Qazax xanları, Türküstanın sovet dönəmində və çağdaş dövrdəki vəziyyəti, Yasəvi türbəsi, Türküstandakı missionerlərin fəaliyyəti haqqında dəyərli məlumatlar vardır.