SSRİ dövründə uşaqlar üçün ən populyar veriliş olan “Gecəniz xeyrə qalsın, uşaqlar!”ın (“Spokoynoy noçi, malışi!”) 45 yaşı tamam olur.
    “RİA Novosti” agentliyinin məlumata görə, proqram ekrana 1964-cü il sentyabrın 1-də SSRİ Mərkəzi Televiziyasının İkinci proqramında çıxıb.
   İlk verilişlər kadr arxasındakı səslə şəkillər formasında olub. Sonra isə ekranlarda oyuncaqların iştirakı ilə tamaşalar görünməyə başlayıb. Əsas personajlar isə dovşan Stepaşka, it Filya və donuz balası Xryuşa olub.
   Proqram tez bir zamanda populyarlaşıb. “Gecəniz xeyrə qalsın, uşaqlar!” 3 dəfə (1997, 2002 və 2003) “TEFİ” mükafatı alıb. Proqramı müxtəlif illərdə Vladimir Uxin, Anqelina Vovk, Valentina Leontyeva, Tatyana Vedeneyeva, Yuri Nikolayev kimi teleaparıcılar aparıb. İndi isə verilişdə 2002-ci ilin “Dünya gözəli” Oksana Fyodorova, məşhur rejissor Nikita Mixalkovun qızı Anna Mixalkova aparıcılıq edirlər.
   SSRİ-nin dağılmasından sonra veriliş dəfələrlə telekanalları dəyişsə də, onun populyarlığı itməyib. İndinin özünə kimi də valideynlər uşaqları məhz bu proqramdan sonra yatmağa göndərirlər.
   Qeyd edək ki, «Gecəniz xeyrə qalsın, uşaqlar!» Azərbaycanda Rusiya kanallarına çıxışı olan tamaşaçılar arasında da populyarlığını qoruyub saxlayır.  

  İntiqam