Sentyabrın 18-23-də Bakıda XI “Şərq-Qərb” Beynəlxalq kino festivalı keçiriləcək.
   Bu barədə məlumat Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, xalq yazıçısı Rüstəm İbrahimbəyov, Mədəniyyət və Turizm Nazirliyinin kinematoqrafiya şöbəsinin müdiri Cahangir Məmmədov və həmin şöbənin sektor müdiri Yusif Şeyxovun birgə keçirdikləri mətbuat konfransında verildi. Festivalın prezidenti Rüstəm İbrahimbəyov tədbirin rəhbərlik etdiyi qurum, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı, Heydər Əliyev Fondu, MDB və Baltikyanı Ölkələrin Kinematoqrafçılar İttifaqları Konfederasiyasının dəstəyi ilə keçiriləcəyini bildirdi. Kino tədbirinin coğrafiyasının ildən-ilə genişləndiyini diqqətə çatdıran R.İbrahimbəyov builki “Şərq-Qərb”də ənənəvi olaraq Avrasiya ölkələrində istehsal olunmuş, beynəlxalq festivallarda iştirak etmiş yeni ekran əsərləri təqdim ediləcəyini dedi. Tədbirin əvvəlkilərdən əsas fərqi ondadır ki, bu il Bakı şəhərinin İslam mədəniyyətinin paytaxtı elan olunması ilə bağlı XI festivalda müsəlman ölkələrinin filmləri nümayiş etdiriləcək.
   İttifaq sədri qeyd etdi ki, “Müsəlman mistisizmi və onun dünya mədəniyyətinə təsiri” mövzusunda keçiriləcək dəyirmi masa festival iştirakçılarını və tamaşaçıları öz ətrafına toplayacaq. Tanınmış çex kinematoqrafı, “Qızıl qlobus” mükafatı laureatı, ssenarist və prodüser Yan Sverakın “Sürmə”, “Kolya” və “Netçciklər” filmlərinin retrospektivinin nümayişi festivalın əlamətdar hadisəsi olacaqdır. XI “Şərq-Qərb” Bakı Beynəlxalq kino festivalının rəsmi açılışı Heydər Əliyev Sarayında keçiriləcək, filmlər isə “Azərbaycan” kinoteatrı və “İbrus” teatrında nümayiş etdiriləcək.