“İlahi məxluq”, “Ziyarət”, “Ölüm növbəsi” və “Kuklalar” gəlir
  
   Son iki ildə Azərbaycanda film istehsalı kəmiyyət baxımından artmaqdadır. Bununla yanaşı bəzi filmlərimizin istehsal müddəti uzanmaqdadır. 2007-2008-ci illərdə dövlət sifarişi ilə istehsalata buraxılan bəzi filmlərimiz isə hələ də hazır deyil. Mədəniyyət və Turizm Nazirliyinin kinematoqrafiya şöbəsinin milli filmlərin istehsalı sektorunun müdiri Cəmil Fərəcovla əlaqə saxlayıb bütün bunlara aydınlıq gətirmək istədik. C.Fərəcovun verdiyi məlumata görə, ilin sonuna qədər 2007-2008-ci illərdə istehsalata buraxılan filmlərin təqdimatı gözlənilir. Bu, Yavər Rzayevin “İlahi məxluq”, Fikrət Əliyevin “Ölüm növbəsi”, Samir Kərimoğlunun “Ziyarət” və Çingiz Rəsulzadənin “Kuklalar” filmləridir.
  
   “Aktrisa” Bilgəhdə
   
   2009-cu ildə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən sifariş verilən filmlərin aqibəti ilə maraqlandıq. Kinematoqrafiya şöbəsinin milli filmlərin istehsalı sektorunun müdiri Cəmil müəllimdən aşağıdakı məlumatları əldə edə bildik. Rejissoru Rövşən İshaq, ssenari müəllifi İlqar Fəhmi olan “Aktrisa” filminin çəkilişlərinə start verilib. Hazırda çəkilişlər Bilgəhdə davam etdirilir.
  
   “Kabusun gözü ilə” - çəkilişlər davam edir
  
   Nazirliyin rəsmisi “Kabusun gözü ilə” filmi haqqında bunları dedi: “Tanınmış kinematoqrafçımız Rüstəm İbrahimbəyovun ssenari müəllifi və rejissoru olduğu “Kabusun gözü ilə” filminin də (“İbrus” şirkəti) çəkilişləri davam etməkdədir. Filmdə fransız rolunu oynayan tanınmış fransalı aktyor və teatr rejissoru Rişar Mardendir. Aktyor artıq çəkiliş üçün Bakıdadır”.  

  “Vəkil hekayətləri”ində ləngimə sətəlcəmlə bağlı imiş
  
   Məşhur klipmeyker Ülviyyə Könülün tammetrajlı film çəkəcəyini də ilin əvvəlində məlumat vermişdik. Hazırda isə proses Cəmil müəllimin dediyinə görə aşağıdakı kimidir: “Çəkilişləri davam edən filmlərdən biri də Səidə Vəliyevanın ssenarisi əsasında Ülviyyə Könülün quruluş verdiyi “Vəkil hekayətləri”dir (“Bizim kino” prodüser mərkəzi). Bir müddət isə çəkilişlərin ləngimə prosesi filmin operatorunun sətəlcəm olması ilə əlaqədar idi. Hazırda çəkiliş prosesi yenidən davam edir”.
  
   Elxan Cəfərov “Bəşəriyyətin xilası”nı hazırlayır
  
   İlin əvvəlində Mehriban Ələkbərzadənin “Bəşəriyyətin xilası” adlı film çəkəcəyi qeyd edilmişdi. Amma sonradan “Bəşəriyyətin xilası” rejissor Elxan Cəfərova tapşırıldı. Mehriban xanıma isə Ramiz Rövşənin “Xəyanət” ssenarisinin həvalə edildiyi xəbəri gəldi. Sonuncu xəbər rəsmi şəkildə özünü doğrultmasa da, “Bəşəriyyətin xilası” Cəmil müəllimin açıqlamasına görə, hazırlıq dövründədir. Qeyd edək ki, bu indiyəcən qısametrajlı filmlər çəkən Elxan Cəfərovun ilk tammetrajlı bədii filmi olacaq.
  
   “Qorxma, mən səninləyəm - 2” 2010-cu ili gözləyir
  
   İlin əvvəlində 2009-cu ildə istehsalata buraxılacaq filmlərin informasiyası içərisində maraqlı layihələrdən ikisi də Rusiya şirkətləri və rejissorları ilə birgə işlərin yer alması idi. Amma hər iki film bəzi səbəblərdən müvəqqəti olsa da dayandırılıb.
   Ssenari müəllifi və quruluşçu rejissoru Yuli Qusman olacaq “Qorxma, mən səninləyəm - 2” filminin çəkilişləri çox güman ki, gələn ilə nəzərdə tutulub. Bunu da sektor müdiri C.Fərəcov bizimlə söhbətində vurğuladı.

   Maliyyə böhranı “Neft əfsanəsi”nə təsir edib
  
   Rusiyanın Sverdlovsk kinostudiyası ilə birgə “Sinema-Pro” şirkətinin ORT telekanalı üçün istehsal edəcəkləri 8 seriyalı “Neft əfsanəsi” filmi hələlik hazırlıq dövrünə başlamayıb. Mədəniyyət və Turizm Nazirliyinin kinematoqrafiya şöbəsinin milli filmlərin istehsalı sektorunun müdiri Cəmil Fərəcovun sözlərinə görə, Sverdlovsk kinostudiyası bunu vəsaitin yoxluğu və maliyyə böhranı ilə əlaqələndirib: “Ola bilsin ki, filmin çəkilişləri gələn ildən başlasın”.
  
   Ramiz Fətəliyev “Prezident Heydər Əliyev” ssenarisini yazır
  
   Bu il üçün adıçəkilən layihələrdən biri də C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında istehsalı nəzərdə tutulan “Prezident Heydər Əliyev” filmi idi. Amma filmin ssenarisi hələ hazır deyil. Cəmil müəllim “Prezident Heydər Əliyev” filminin ssenari müəllifi olacaq Ramiz Fətəliyevin bu mövzunun çox ciddi və məsuliyyətli olması ilə əlaqədar layihəsi üzərində işlədiyini də qeyd etdi.
  
   Yeganə C.