Bu ilin 18 sentyabrında Heydər Əliyev Sarayında XI “Şərq-Qərb” Bakı Beynəlxalq Kino Festivalının rəsmi açılışı olacaq.
   Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi Əsəd Əsədovun qəzetimizə verdiyi məlumata əsasən, kinofestivalın keçirilməsinə yalnız Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Kinematoqrafçılar İttifaqı dəstək verir. Lakin lent.az saytının verdiyi məlumata əsasən builki kinofestivalı dəstəkləyənlər arasında “Bank of Azerbaidjan” da vardır. Əsəd bəy bu ilki kinofestival proqramının bir qədər fərqli və maraqlı olduğunu da qeyd etdi: “Bildiyiniz kimi, bu il Bakı İslam Mədəniyyətinin Paytaxtı seçildi. Bununla əlaqədar olaraq XI “Şərq-Qərb” festivalında daha çox müsəlman ölkələrinə üstünlük veriləcək. Onlardan Türkiyə, Mərakeş, Tunis, Qərb ölkələrindən isə Fransa, Rusiya, Bolqarıstan, Polşa, Macarıstan və s. nəzərdə tutulur. Festivalın direktoru Lalə Əfəndiyeva, prezidenti isə Rüstəm İbrahimbəyovdur. Kinematoqrafçılar İttifaqı olaraq biz də öz dəstəyimizi əsirgəməyəcəyik”.
   Məlumat üçün onu da qeyd edək ki, festival Azərbaycan Kinematoqrafçılar İttifaqı və Azərbaycanda Dünya Kinosunun 100 illiyi Fondu tərəfindən, MDB və Baltikyanı ölkələri Kinematoqrafçılar İttifaqının Konfederasiyasının dəstəyi ilə 23 oktyabr 1996-cı ildə yaradılıb. Əvvəllər festival Bakıda Festivallar Festivalı - “Filmfest” adı altında təşkil olunub. Lakin 1999-cu ildən “Şərq-Qərb” kinofestivalı adını daşıyır.
  
   Aytək