«İmper Qrup» Prodüser Mərkəzinin istehsal etdiyi «Bir addım» qısametrajlı bədii filmi Serbiyanin Veliko Qradişte şəhərində keçirilən Sila Fest Beynəlxalq kinofestivalında (30.VIII-05.IX) xüsusi nominasiyada “Ən yaxşı qısametrajlı bədii film” mükafatına layiq görülüb. Bu barədə qəzetimizə məlumat verən filmin prodüserlərindən olan R.Qasımovun sözlərinə görə, mükafatı festivalda iştirak edən və filmin rejissorlarından olan Fariz Əhmədova Serbiyanın mədəniyyət naziri ilə yanaşı, festivalın münsiflər heyətinin sədri Colin H.Arthur təqdim edib. Festivala 20 ölkədən 52 müxtəlif janrlı film təqdim olunubmuş. Postsovet məkanından Azərbaycan Sila Fest kinofestivalında iştirak edən yeganə ölkə olub. Qeyd edək ki, Colin H.Arthur Madrid, Berlin və Kann kimi festivallarda mükaftlar alıb.
   Mədəniyyət və Turizm Nazirliyinin keçirdiyi «Bu meydan, bu ekran-2008» müsabiqəsinin 7 qalib layihəsindən biri olan «Bir addım» filminin uğuru bununla bitməyib. Film Sila Fest kinofestivalında daha 3 beynəlxalq festivala dəvət alıb. Belə ki, ekran əsəri bu ilin noyabrında Bosniya və Hersoqovinada, gələn ilin mayında Polşada, aprelində isə bütün Avropa dövlətlərini gəzən Avropa Beynəlxalq Film Festivalında iştirak edəcək.
   Xatırladaq ki, filmin rejissorları Fariz Əhmədov və Nərgiz Bağırzadə, ssenari müəllifi Alina Abdullayeva və Nərgiz Bağırzadə, quruluşçu operatoru Tarıverdi Tarıverdiyev, quruluşçu rəssamı Şahin Həsənli, bəstəkarı Rauf Əliyev, prodüserleri isə Fariz Əhmədov və Rəşad Qasımovdur. Filmin bədii rəhbəri Cəmil Quliyevdir. Filmdə baş rollara Gülzar Qurbanova, Pərviz Məmmədrzayev və Nərminə Kərimova çəkiliblər.
  
   Aytək