Məşhur rejissor Eldar Quliyev bu yaxınlarda “İstanbul reysi” adlı yeni filmi ilə tamaşaçıların qarşısına çıxacaq. Rejissorumuzun verdiyi məlumata görə, filmin üzərində gərgin iş prosesi davam edir: “Çəkilişlərimiz başa çatsa da, hazırda filmin montaj, səsləndirmə, musiqi məsələləri ilə məşğuluq”. Melodram janrında olan “İstanbul reysi” bədii tammetrajlı filminin ssenarisi Ramiz Fətəliyevlə elə rejissorun özünə məxsusdur. Çəkilişlər isə Bakıda, İsmayıllının Basqal kəndində və digər ərazilərdə aparılıb. Qeyd edək ki, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə çəkilən bu musiqili dramda baş rolu xalq artisti Yaşar Nuri canlandırır.
   Eldar müəllimin sözlərinə görə, “Azərbaycanfilm” studiyasının istehsalı olan bu yeni bədii film tam hazır olduqdan sonra onun təqdimat mərasiminin keçirilməsi planlaşdırılır.