“Qala” filmi sentyabrın 22- si, saat 19-da Heydər Əliyev Sarayında tamaşaçıların ixtiyarına veriləcək. Qeyd edək ki, ssenarisi Ramiz Rövşənlə Şamil Nəcəfzadəyə məxsus filmin operatoru Kənan Məmmədovdur.
   Sərhəddə yerləşən ucqar dağ kəndindəki qədim qalanın qalıqları arasında kino çəkilişi üçün dekorasiyalar qurulub. Şəhərdən gəlmiş kino qrupu burada müharibə və sevgi haqqında tarixi film çəkir. Çox keçmir ki, kənd adamları, onların canlı hissləri - məkr və məhəbbət, sevinc və iztirab, kino həyəcanlarını üstələyib ön plana çıxır. Bir qədər sonra isə bütün bunları alt-üst edən müharibə başlayır. Keçmişdə olduğu kimi, qədim qala yenə müdafiə istehkamına çevrilir. “Azərbaycanfilm” və “United Multimedia Projects” şirkətinin istehsalı olan filmin bundan əvvəl kino ictimaiyyəti üçün xüsusi nümayişi keçirilmişdi.
   Qeyd edək ki, filmin baş prodüseri Xamis Muradov, quruluşçu rejissoru isə Şamil Nəcəfzadədir.
  
   Könül N.