Festivallarda iştirak etmiş filmlərimiz az olmayıb. Həmin filmlərin festival taleyi barədə əldə etdiyimiz bəzi məlumatları oxuculara təqdim edirik.
   Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası və “United Multimedia Profil” şirkətinin birgə istehsalı olan “Qala” bədii filmi yaşadığımız günlərdə ABŞ Kino Akademiyasının “Ən yaxşı xarici film” nominasiyası üzrə “Oskar” mükafatına təqdim olunmuşdu. Böyük bir ajiotaja səbəb olmuş bu məsələnin təfərrüatını rejissorun öz dilindən eşitmək istədik. Filmin quruluşçu rejissoru Şamil Nəcəfzadənin dediklərindən: “Hazırda Azərbaycanda ABŞ Kino Akademiyasının Oskar Komitəsi fəaliyyət göstərir. Tanınmış kinodramaturqumuz Rüstəm İbrahimbəyovun başçılıq etdiyi həmin komitəyə keçən il bir çox filmlər təqdim olunmuşdu. Lakin Oskar Komitəsi həmin filmlərin arasından “Qala”nı seçərək, Amerika Kino Akademiyasına təqdim etdi. Oraya “Ən yaxşı xarici film” nominasiyası üzrə bütün dünyadan 67 film qəbul olunmuşdu ki, həmin o 67 film arasında yeganə Azərbaycan filmi məhz “Qala” idi. Düzdür, ilk dəfədən kino akademiyaya təqdim olunan filmlərin arasında Azərbaycan filminin nominasiya mükafatına layiq görülməsi kifayət qədər çətin məsələdir. Lakin indiyə qədər film təqdim etməmişdik. Əsas odur ki, biz bu film vasitəsilə, o yolu açmış olduq. İlk addımın atılması həmişə çətin olur. Əgər bundan sonra biz oraya səviyyəli filmlər təqdim etsək, yaxın zamanlarda Azərbaycan kinosunun “Oskar” alması heç də təəccüblü olmayacaq. Bilirsiniz, Oskar Komitəsi çox mürəkkəb həm də spesifik bir komitədir. Orada lakin təsadüfi bir filmə görə mükafat vermirlər. Onlar ölkənin milli kinosundakı tendensiyaya, inkişaf istiqamətlərinə müəyyən dərəcədə proqressin olub-olmamasına fikir verirlər”.
   Qeyd edək ki, rejissorun 2008- ci ildə çəkdiyi “Qala” filmi bu il ölkəmizdə “Humay” mükafatına layiq görülüb. Ssenarisi Ramiz Rövşənlə Şamil Nəcəfzadəyə məxsus filmin operatoru Kənan Məmmədovdur. Rəssamlar Arif Məhərrəmov və Əziz Məmmədovdur.
   “Koramal” filmi də Azərbaycanın adının xaricdə səsləndirilməsinə nail olub. Bunu filmin rejissoru Elməddin Alıyevdən aldığımız məlumata əsasən deyə bilirik. Dram janrında çəkilmiş bu qısametrajlı bədii film Serbiyanın XVIII Dokufest Film Festivalının xüsusi mükafatına layiq görülüb. Film həmçinin İtaliyanın Maris Korto Festivalında da iştirakçısı olub. Qeyd edək ki, artıq ötən ildən “Bu meydan, bu ekran” müsabiqəsinin qalibi kimi tanınan və “EXA prodakşn”ın istehsalı olan film 2 korun bir-birinə qarşı olan müzakirəni göstərir. Digər rejissoru Xəyyam Abdullayev olan “Koramal” filmi daha əvvəl Latviyanın XIV Tu Annas Festivalında Azərbaycanı təmsil etmişdi. Elməddin bəyin açıqlamasına görə, hər 2 festivalda Azərbaycan kinosuna qarşı xüsusi maraq vardı: “Dokufest” festivalının artıq XVIII, “Tu Annas”ın isə XIV dəfə keçirilməsinə baxmayaraq, Azərbaycan filmi orada ilk dəfə iştirak edirdi. Lakin filmimiz ilk dəfədən mükafat almağı bacardı. Həm də “Koramal” “Bu meydan, bu ekran” çərçivəsindəki layihələr arasında beynəlxalq festivaldan prizlə qayıdan ilk film oldu. Biz hətta Latviyada prodüser mərkəzi ilə bir görüş də keçirdik. Bu görüşə əsasən, onu deyə bilərik ki, Riqada gələn il Azərbaycan kinosu günləri keçiriləcəyi gözlənilir. Bundan başqa bizim “Nəfəs” bədii qısametrajlı filmimiz ölkəmizdə keçirilən Audiovizual Film Festivalında “Ən yaxşı bədii film” nominasiyasının qalibi olub. Mistik dram janrını təmsil edən “Nəfəs” II Dünya müharibəsi mövzusundadır”.
   Tanınmış rejissor Eldar Quliyevlə də onun festivalda iştirak edən filmi ilə bağlı söhbətimiz oldu. Rejissorun verdiyi məlumata görə, “Girov” filmi Kəlküttədə, Tehranda və başqa şəhərlərdə keçirilən bir çox beynəlxalq festivallarda iştirak edib. Polşada isə bir kompaniya filmin baxışını təşkil etdikdən sonra disklə satışını da təşkil etməyi boynuna götürüb. Onu da açıqlayaq ki, Eldar Quliyevin “Girov”u bundan əvvəl Çexiyada keçirilmiş beynəlxalq film festivalında da Azərbaycan kinosunu təmsil etmişdi. Ssenarisi yazıçı Natiq Rəsulzadəyə və rejissorun özünə məxsus olan filmin mövzusu Ermənistanın Azərbaycana hərbi təcavüzündən və Dağlıq Qarabağ münaqişəsindən bəhs edir...

  Könül