Onun üçün ölüm oynamaqdan daha maraqlıdır
  
   1984-cü ildə Bakıda anadan olan Dürdanə Dünyamalıyeva 2001-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Unversitetinin musiqili komediya aktyoru fakültəsinə daxil olub. Elə həmin ildən xalq artisti İlham Namiq Kamalın “İlham Miniatür” Teatrında aktrisa kimi çalışmağa başlayıb. Bir çox tamaşalarda (Rəhman Əlizadənin “Bəxtimin kələyi”ndə Nailə, Rafiq Səməndərin “Meşədə yeni il şənliyi”ndə Dovşan və b.) baş rolları ifa edib. 2009-cu ildən Şuşa Dövlət Musiqili Dram Teatrında çalışır. Bu teatrda Enurə Abdullayevanın “Ağ qayıq” tamaşasında Ağgül, Bilal Appayevin “Gözəlləri necə qaçırırlar?” tamaşasında isə Roza rollarının ifaçısı olub. Bundan əlavə, televiziya tamaşaları və seriallarda rol almış Dürdanə xanım bizimlə söhbətində gələcəkdə tanınmış kinoaktrisa olmaq arzusunu gizlətmədi.
  
   - Teatrda çalışan bir aktyor kimi filmlərə də çəkilirsiz. Hətta eşitdiyimizə görə, seriala da dəvət almısız.
   - “Artist” kino şirkətinin direktoru və rejissor Samir Qulamovun “Ruhların qovuşan yeri” serialına çəkilirəm. Serialda killerin sevgilisi rolunu oynayıram. Teatrda da çalışıram, amma filmə çəkilmək mənə daha maraqlıdır. Düzdü, bir çox aktyorlar tamaşaçı ilə canlı ünsiyyətdə olmaq üçün teatra daha çox üstünlük verirlər. Əlbəttə, bu belədir. Teatrda işləmək mənim üçün də maraqlıdır. Ancaq kinoya marağım başqadır. Məsələn, Samir Qulamovun serialında rol aldığıma görə sevinməyə dəyər. Qonşu Türkiyədə də bədii filmlərə yol çox vaxt seriallardan keçir. İndi serialın çəkilişlərində həvəslə işləyirəm.
   - Filmlərdə ən çox hansı obrazları oynamaq istərdiniz?
   - Ölüm səhnələri ürəyimə yatır. Teatrda, filmdə həmişə ifa edəcəyim rollarda yaşamağa üstünlük verirəm. Belə olanda obraz daha maraqlı və təbii alınır. Amma düzünə qalsa özüm də bilmirəm ki, kinoya çəkilmək həvəsi məndə necə yarandı.
   - Tamaşaçıların Azərbaycan seriallarına marağının az olması sizi narahat etmir ki?
   - Bizdə seriallara bir o qədər maraq göstərmirlər. Amma ümid edirəm ki, hazırda çəkildiyim “Ruhların qovuşan yeri” tamaşaçıların ən çox baxdığı və sevdiyi bir serial olacaq. Ona görə yox ki, mən bu seriala çəkilirəm. Zənnimcə, Samir Qulamovun çox böyük həvəslə hazırladığı bu iş tamaşaçılar tərəfindən müsbət qarşılanacaq.
   - Hərdən aktyorla rejissor arasında anlaşılmazlıq yaranır. Aktyor da çəkilişləri yarıda qoyub gedir. Samir Qulamovla aranızda bu tip problem yaranmır ki?
   - Bir çox rejissorlarla işləmişəm. Amma Samirin öz işinə doğma münasibəti yaradıcı heyəti ruhlandırır. Rolumun ifasında bir çox yeniliklər etmək istəyirəm. Samir maraqlı ideyalar verir. Bizə də o ideyaların ətrafında maraqlı oyun qurmaq qalır. Onu da qeyd edim ki, Samirin bir üstün cəhəti də var. Bu, onun aktyorlara çətinlik çəkdiyi məqamlarda aktyor kimi oynayıb göstərməsidir.
   - Necə düşünürsən, hansı xüsusiyyətinizə görə rejissor məhz sizi killerin sevgilisi roluna dəvət edib?
   - Hə, aktyorların bəziləri fikirləşir ki, sifətində əsl Azərbaycan qadınlarına məxsus mimikalar var. Amma bir çox rejissorlar deyib ki, səndə daha çox xarici aktyorlara xas mimika və oyun tərzi var. Belə düşünürəm ki, məhz bu xüsusiyyətimə görə məni killerin sevgilisi roluna dəvət ediblər.
   - Teatrda ümumi ab-hava necədir, yaradıci mühit varmı?
   - İlk dəfə məni Şuşa Dövlət Musiqili Dram Teatrına Enurə Abdullayevanın “Ağ qayıq” tamaşasına Ağgül roluna dəvət ediblər. Bu rolumu teatrın rəhbərliyi bəyəndi və məni teatrda saxladılar. Hazırda teatrda rejissor Loğman Kərimovun hazırladığı tamaşada məşqlərim davam edir. Səmimi deyirəm ki, ondan çox şeyləri öyrənirəm.
  
   Elmin