“Ritm” prodakşnda istehsal olunan “40-cı qapı” bədii filmi qısa müddət ərzində beynəlxalq festivallarda uğurlar qazandı. Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi və İsveçrənin “Avanti” proqramının dəstəyi ilə çəkilən filmin prodüseri Xaqani Savalan, rejissor və ssenari müəllifi Elçin Musaoğludur. Rollarda Həsən Səfərov, Rövşən Ağayev, Gülər Nəbiyeva, Elmira Şabanova, Adil Zeynalov, Ozal Muradov və başqaları çəkiliblər. Film 42-ci Beynəlxalq Hyuston, 44-cü Beynəlxalq Karlovı Vari, “Moskovskaya premyera” və XI “Şərq-Qərb” Bakı Beynəlxalq kinofestivallarında iştirak etmişdir.“40-cı qapı” Hyuston festivalında “Ən yaxşı xarici film” nominasiyası üzrə qızıl,“Şərq-Qərb” Bakı Beynəlxalq kinofestivalında isə “Ən parlaq debüt” mükafatına layiq görülmüşdür. Hazırda film dünyanın 30-dan çox nüfuzlu kinofestivalına dəvət almışdır.
   
   Maraqlı məqamlardan biri isə Karlovı Vari film festivalının “Qərbin Şərqi” müsabiqəsi bölməsində “40-cı qapı” filmi haqqında yazılan şərhdir. 7 iyul 2009-cu il tarixində dərc olunmuş məqalədə yazılır:
   “8-ci mildə (Miçiqanda ağ dərili varlıların və qara dərili kasıbların yaşadığı ikiyə bölünmüş hissə) olduğu kimi, Azərbaycanda, Bakının 40-cı km-də yerləşən bir qəsəbə, küçə uşaqları və xuliqanlar, aralarında isə özünün gələcək karyerasının musiqi ilə bağlı olmasını arzulayan bir yeniyetmə. Lakin rejissor Elçin Musaoğlunun filmi Hollivud filmlərində olduğu kimi, yoxsulluqdan zənginliyə çevrilmə haqqında deyil, əksinə, Vittorio De Sika ruhunda və on il əvvəlki güclü İran filmlərində olduğu kimi çılpaq, bər-bəzəksiz neorealist əsatiri xatırladır. Hazırda buna bənzər filmlər, bəlkə də çoxdur, lakin bu film fərqlidir, təkrardan uzaq, klişedən azaddır. Filmin təsiredici portreti sadəcə arthausa xidmət edir. Filmin adı gənc Rüstəmin (Həsən Səfərov) yaşadığı ərazi ilə, həm də milli nağıllarda olduğu kimi, qəhrəmanın şahzadə xanımı 40 otaqlı qəsrdə maneələrlə üzləşərək sonuncu bağlı otaqdan xilas etməsi ilə bağlıdır. Ağıllı və bacarıqlı gənc Rüstəmin kasıb olmasına baxmayaraq atasının ölüm xəbərini alana qədər o, sanki ideal həyat sürmək arzusu ilə yaşayır.
   Bu ölüm hadisəsi uşağın üzərinə elə bir məsuliyyət qoyur ki, o, Bakıda iş tapmaq məcburiyyətində qalır. Anasının bunun əleyhinə olmasına baxmayaraq, tale Rüstəmi həmin o metaforik “40-cı qapı” qarşısında qoyur. Rüstəm optimist olmaq üçün hələ çox gəncdir və bu baxımdan da şübhəli əməlləri ilə tanınan, qonşusu Edik (Rövşən Ağayev) onu özü ilə oğurluğa aparır. Rüstəmin kifayət qədər pul qazanmaqda məqsədi, onların ailəsinə nəsillərdən bəri miras qalmış dəyərli qədim xalçanın satılmasına mane olmaqdır. Bir dəfə o, şəhərdə təsadüfən nağaraçılar qrupu ilə rastlaşır və gələcəkdə musiqiçi olmaq arzusu ilə yaşayır.
   Demək olmaz ki, bu cür filmlərdə qəhrəmanlar üçün hər şey asan olur. Hər kiçik qələbə Rüstəmin xoşbəxtliyinə maneələri də özü ilə gətirir. Musaoğlunun üslubu tamaşaçıya heç bir təzyiq etmir və naturalistikdir.
   Edik həbs olunur, yerli cinayətkarlar triosu Rüstəmi döyür. Filmin yalnız bu səhnəsindən sonra Rüstəmin günahsız uşaqdan qəddar cinayətkara çevrilmə təhlükəsi anı təsvir olunur.
   Bütün bunlara baxmayaraq, o, ləyaqət hissini itirmir, hətta Edikin gözdən əlil qardaşını öz himayəsi altına götürür.
   Səfərovda - Rüstəmi oynayan gənc aktyorda heç bir xüsusi qeyri-adilik yoxdur və bundan başqa, görünür ki, Musaoğlunun məhz onu bu rola çəkməsi aktyorun cazibədar olmasından irəli gəlmir. Rejissorun məqsədi qəhrəmanların üzləşdiyi müxtəlif vəziyyətlərdən necə çıxmasını sözlə deyil, daha çox təsvir vasitəsilə auditoriyaya çatdırmaqdır (Rüstəmin xalça alverçilərini aldatması səhnəsi buna sübut olaraq xüsusilə yaddaqalandır).
   Hiss olunur ki, filmin büdcəsi azdır, lakin çox tanımadığımız regionun - günəşli Azərbaycanın müəyyən yerlərinin təbii görüntülərini nümayiş etdirən bu filmdə peşəkarlıq yerindədir”.