Öz qəlbindən və əxlaqından başlamalı
   
   

   1976
   

   27 yanvar, çərşənbə axşamı
   
   Ümumi (birinci) məşq oldu. («Hamlet»).
   Bu gün məşq fərdi idi- personajların eksplikasiyası (şərhi).
   O. Yankovski Laerti oynamaq istəmədi. Mən onu dilə tutmağa çalışdım: dedim ki, «Maqbet»ə quruluş verəndə o, Maqbeti oynayacaq. Amma yenə də istəmədi. Sən demə, o, Hamlet rolunu elə arzulayırmış ki. Tarkovskinin ona quruluş verəcəyini - amma onsuz, Solonitsınla - eşidəndə başa düşüb ki, Hamlet ondan yan keçdi və ikinci şans olmayacaq.
   O qədər məyusdur ki, tamaşada iştirakdan, ümumiyyətlə, imtina edir.
   «Hamlet»in mətni üzərində işləyirəm. Morozovun sətri tərcüməsi işimə çox yarayır.
   Lozinskidə tərcümə ağırdır, lakin Şekspirə uyğunluq var.
   Pasternakın tərcüməsi dəhşətli, qaranlıqdır, hətta hərdən adama elə gəlir ki, o, qəsdən «Hamlet»in anlamını gizlədir, daha doğrusu, bəzi hissələrini.
   Vıqojski yaxşı deyir: «Öz Hamletini yaradan tənqidçi və ya artist fanatik olmalıdır».
   «Əsər nə qədər çətin dərk olunarsa, bir o qədər alidir»
    Höte
   
   «Rəmz o zaman həqiqi rəmz olur ki, sonsuz və sərhədsiz anlama malikdir, öz gizli (sehrli) eyham və təlqin dilində zahiri sözə uyğun olmayan, izahagəlməz nə isə deyir. O çoxsimalı, çoxmənalıdır və həmişə sonsuzluğa qədər gedir... O orqanik, təbii savaddır - kristall kimi. O hətta vahid təklikdir - və bu xüsusiyyətilə pritçanın, alleqoriyanın, bənzətmənin mürəkkəb və parçalanmış tərkib hissəsindən fərqlənir... Rəmzlər təsvirə və izaha gəlmir və biz onların bütöv, sirli anlamları önündə acizik».
   V.İvanov
   Dzen - buddizm yada düşür. Bəs onda - obraz da bu keyfiyyətlərə malik deyilmi?
   
   30 yanvar, cümə
   
   13. «Dar darvazalardan girin, çünki məhvə aparan darvazalar geniş və yol enlidir və çoxları o yolla gedir».
   14. «Çünki həyata aparan yol ensiz və darvazalar dardır və onları hamı tapmır».
   Matveydən 8-ci fəsil 13.14
   «Ürəkli ol, uşaq!
   Sənin günahların bağışlanır!»
   Matveydən 9-cu fəsil 2
   
   6 fevral, cümə
   
   Dünən Varvaragildə idim.
   
   7 fevral, şənbə
   
   O, loğmandan və ya gələcəyi görəndən daha çox, psixoloji hadisələrin kolleksioneridir. Hərçənd onun enerjisi hiss olunur. Birdə ki onun hansı ruhların xidmətindən istifadə etdiyi məlum deyil. O özü də bunu bilmir.
   Yure haqlıdır - öz qəlbindən və əxlaqından başlamaq lazımdır. Hərçənd o, böyük iş görür - parapsixologiyanın elm kimi qanuniləşdirilməsinə kömək eləməyə çalışır. Yure L. iki dostuyla birliklə 3 gün bizdə qaldı. Yaxşı uşaqlardı.
   Daha bir pis nümunə. Gürcüstanın dağlarında, qoyun sürüləri otarılan yerdə xüsusi peşə mövcuddur. Mçnobari, yəni bilici. Onun vəzifəsi böyük sürüdə anasından ayrı düşmüş quzuları anasına qaytarmaqdır. Mçnobari - yüzbaşlıq sürüdə səhv eləmədən quzunu birbaş anasının üstünə aparır, onu xüsusi bir məharətlə tapır. Ona kömək edə biləcək yeganə şey- bir-birini çağıran ana və quzunun səsləridir. Ancaq bütün sürünün mələşdiyini nəzərə alsaq, aydın olur ki, bu hal heç də onun işini asanlaşdırmır.
   Sinxronluq nəzəriyyəsi barədə nümunə - «Rublyov»un əlyazması ilə bağlı əhvalat. Mənim, qaralamanın yeganə nüsxəsini taksidə qoyaraq necə itirməyim haqqında. Bir neçə saat sonra taksi sürücüsü məni elə həmin yerdə, camaatın arasıyla getdiyimi görüb maşını saxladı və qovluğu mənə verdi. Qeyri-adi hadisədir.
   
   8 fevral, bazar
   
   Əminəm ki, vaxt dönmə qabiliyyətinə malikdir. Hər halda düzxətli deyil.
   
   18 fevral, çərşənbə
   
   «Dahi insan-ictimai fəlakətdir»
   Çin məsəli
   
   20 aprel
   
   Tolstoy yazırdı:
   «Əgər hərdən azadlıq ekstazı hiss etmiş insanları unutmaq mümkün olursa…».
   «Əgər mən tək olsaydım, divanə olardım, yəni həyatda heç nəyin üstündə əsməzdim»…
   «Yazıda da divanə olmaq lazımdı»…
   Bu gün «Güzgü» ilə bağlı üç məktub və iki teleqram almışam - Qorkidən, Novosibirskidən, Sverdlovskdan.
   Məktublardan ikisi dəhşətli dərəcədə savadsız və təhqiredicidir.
   Biri savadsızdır, amma minnətdarlıq məktubudur.
   Teleqramlar kollektivlərdəndir və təbrikdir.
   «Güzgü» meşşanlıq əleyhinə çəkilmiş kinodur, ona görə də onun düşmənləri çox olmaya bilməz.
   «Güzgü» - dinidir. Və əlbəttə ki, yalançı kinoya öyrəşmiş, kitab oxuya, musiqi dinləyə, rəsmə baxa bilməyən kütlə üçün anlaşılmazdır.
   Heç bir kütləyə sənət lazım deyil, başqa şey lazımdır - əyləncə, nəsihət verən «süjetin» (rejissorun öz yazdığı kimi) fonunda dincəldən görüntü»
   
   21 aprel
   
   Bəlkə, «Güzgü» ilə bağlı təhqiredici məktublardan birinə cavab yazım?
   Niyə? Cahil, alçaq hisslərlə yaşayan adamı haqsız olduğuna inandırmaq üçün?
   Mənim haqlı olduğumu özümə sübut etmək üçün?
   Kimisə tərbiyə etmək üçün?
   Bütün bunlar mənim işim deyil. Mənim işim, təhqirlərə baxmayaraq, Allahın verdiyilə məşğul olmaqdır.
   Təhqir, snobizm, cahillik bütün dövrlərdə olub. Mən özüm haqqında o qədər də yüksək fikirdə deyiləm - sadəcə qismətinə düşəni yaşamaq lazımdır. Bu gülüncdür, ya yox, mən haqlıyammı- zaman göstərəcək.
   Eqoist adam Tolstoyu oxuya və sevə bilməz. Tolstoy onun düşmənidir. Doğrudur, o özünü aldadaraq fikirləşə bilər ki, Tolstoyu təkcə o başa düşür.
   
   10 may, bazar ertəsi
   
   Dialoq.
   Konflikt.
   Məhəbbət - birini başqasına və ya özünə görə atmaqdır. Yenə də konflikt.
   Və dialoq.
   Qurban - şəxsiyyətin mövcudluğunun yeganə formasıdır. Əgər sərhədlər olmasaydı, biz (Rusiya) daima qalib gələrdik. Rejimin xətrinə yox.
   İdeyanın xətrinə. Zira biz ideyaya hörmət edirik. İdeya üçün yaşayırıq.
   Almanlarsa ideyaları yaradırlar.
   Mən ideya ilə yaşayanda, təbii ki, onu həm də yaradıram.
   Almanlarsa, əlbəttə ki, onunla yaşamırlar. Onlara yaratmaq kifayət edir. Fərq bundadır.
   8 mm üçün kinonu atmaq (ssenarilərlə yaşamaq).
   Mənə icazə veriləndə..
   «Stalker»i çəkmək məni darıxdıracaq, hərçənd bilirəm ki, necə.
   «İdiotu» çəkmək məni darıxdıracaq.
   Mən öz həqiqətimi istəyirəm.
   «Hofmanı» çəkmək mənim canımı sıxacaq. Hərçənd onu mən yazmışam. Çünki həqiqət istəyirəm.
   Əsərdə təsvir olunmuş predmet həqiqətin simvolu ola bilməz. Metod, üsul, «necə» həqiqət adlana bilər.
   Kinonu atmağın vaxtıdır. Mən yetişmişəm.
   Uşaqlıq haqqındakı kitabdan başlamaq lazımıdır («Ağ gün» ssenarisinə daxil olacaq).
   Donuzu necə yandırdılar, xizəyi necə əlimdən aldılar, qoyun necə məni buynuzladı.
   Alkoqol - yalnız dağıdır. Yaradır- hər şeyə qarşı protest, elə alkoqola qarşı da.
   
   31 iyul
   
   Gecə yarısına az qalıb.
   Kəndə getmək, yazmaq...
   Nə haqqında? Sənin fikrincə, əvvəl - axır məşhur olacaq dörd film haqqında?
   Bacarıqsız…
   Teatr... Moskvada qalmaq və alçalmaq?
   Kitab? Nəsr? Bəs çörək? Ssenari? Hə. Və uzaqlaşmaq?
   Ətrafda yalan, saxtakarlıq və məhv...
   Bədbəxt Rusiya!
   
   17 avqust, çərşəndə axşamı
   
   F.M. Dostoyevskinin qeyd kitabçasından:
   «Yalnız o kəs bərkiyir ki, altından qan axır». Ancaq əclaflar unudublar ki, bərkiyən qan tökənlər yox, qanı axıdılanlardı.
   Budur - Yer üzündə qan qanunu.
   
   10 sentyabr
   
   Dünən hansı saatdasa, yəni 9-na keçən gecə Mao Tsze Dun ölüb. Balaca şeydir, amma xoşdur.
   
   13 sentyabr
   
   Bizim hamımız bir-birimizin yaxşı cəhətlərini ya həddindən artıq şişirdirik, ya da, ümumiyyətlə, dəyər vermirik. Çox az adam bir-birilərini layiqincə qiymətləndirə bilir. Bu istedaddır. Hətta daha çox, yalnız dahi insanlar buna qadirdir.
   
   1977
   
   5 yanvar
   
   Şamreyə məktub yazmaq qərarına gəldim. «Güzgü»nün problemini həll etmək vaxtıdır.
   1.Filmin qəbul olunmasına baxmayaraq (II kateqoriya) o,
   a) ekranlara çıxmır.
   b) Prokatdan yığışdırılıb və rəhbərliyin vədinə baxmayaraq nümayişi bərpa olunmayıb.
   c) Niyə bunu mənə prokatçıların filmi istəməməsi ilə izah edirlər, halbuki getdiyim hər yerdə onlar filmi tapmaq üçün məndən kömək istəyirlər (Daşkənd).
   d) Niyə film xaricə satılmır, baxmayaraq ki, SSRİ valyutada maraqlıdır. «Soveksportfilm»də isə çoxlu təkliflər var. Burda isə hətta xüsusi əngəllər də yaradılır - çox yüksək qiymət qoyulur.
   2. Cavab vermənizi xahiş edirəm. Bəyəm «Güzgü» vətənpərvər və yüksək əxlaqi film deyil?
   Bəyəm o, antihumansit və ya Allah eləməmiş, antisovet filmdir?
   3.Niyə filmi zorla ekranlardan yığışdırıblar? Niyə «Güzgü»nü izah edən məqalələr çap olunmur?
   Mən şübhələrdən, əyri baxışlardan və bizim kinorəhbərliyin qiyabi təhqirlərindən yorulmuşam.
   Mən buna cavab vermənizi, mənim sovet rejissoru adımı, statusumu - RSFSR - in əməkdar incəsənət xadimi və «Güzgü» filminin SSRİ və əcnəbi ekranlarda nümayişini bərpa etmənizi istəyirəm.
   Əks halda sovet mədəniyyətinin, cəmiyyətinin və rəhbərliyinin məni gərəksiz və ziyanverici hesab etdiyini fikirləşməli olacağam.
   Və onda bu, mənə, təmiz adımı bərpa etmək üçün seçəcəyim üsullarda tamamilə azad olmaq imkanı yaradacaq.
   
   Tərcümə etdi: İntiqam