Samir Kərimoğlu: “Kinoun ən böyük problemi texniki personalın yoxluğudur”
   
   “Qanadlarıma sığal çək”, “Sirat körpüsü”... Hazırda “Niyyət” filmini tamamlayan rejissor Samir Kərimoğlu film ilə bağlı təəssüratlarını və maraqlı məqamları qəzetimizlə bölüşdü.
   
   - Rejissorlar sifarişli mövzuların üzərində işləmək istəmirlər. Amma “Ziyarət” filminin layihəsi sizə tapşırılanda qəbul etdiniz?
   -Bu vaxtadək 3 film çəkmişəm. Bunlardan ikisi tammetrajlı və yalnız biri qısametrajlıdır. 2007-ci ildə Orxan Fikrətoğlunun “Küçə” ssenarisi əsasında “Qanadlarıma sığal çək” qısametrajlı filmini çəkdim. Film “Ratio TV” tərəfindən təqdim edildi. Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin keçirdiyi “Bu meydan, bu ekran” müsabiqəsində çəkilən 5 film arasında ən yaxşı ekran əsəri kimi seçildi. Müsabiqənin belə bir şərti də var idi ki, qalib rejissora tammetrajlı film çəkmək imkanı veriləcəkdi. Bu səbəbdən mənə də 3 ssenari təqdim olundu. Bunların arasında Yavər Rzayevin “Həcc” ssenarisi dramaturji baxımdan mənə çox təsir etdi. Sonra Yavər müəllimlə görüşdük. Rüstəm İbrahimbəyov bədii rəhbər kimi bizə yaxından köməklik göstərdi, ssenaridə bəzi dəyişikliklər oldu. 2008-ci ilin sentyabr ayında buraxılış oldu, Həcc çəkilişləri başladı və 2009-cu ilin mart ayında bitdi. Yalnız Məkkə şəhərində, Kəbədə 3-4 dəqiqəlik material hazır etməliydik və Ərəbistanın çəkiliş icazəsi iki aya yaxın gecikdi. Düzdü, Kəbənin içərisində çəkilişlərə icazə vermədilər. Beş nəfərlik qrupumuzla - direktor Adil Qulamov, operator Nadir Mehdiyev və iki aktyor Fuad Axundov, Rövşən Məmmədli, bir də mən 10 gün orada qalıb çəkilişlərimizi başa vurduq.
   - Film hazırda hansı mərhələdədir?
   -Montaj prosesini bitirmişik, artıq film səsləndirmə mərhələsindədir. Plana görə, filmimiz 1 aya tam hazır olacaq. Noyabr ayında premyera gözlənilir.
   - “Ziyarət”in əsas mövzu və ideyası nədən ibarətdir?
   -Film iki əks xarakterli-dindar və yüngül həyat tərzi keçirən insanların həyatından bəhs edir. Onlardan biri saf, təmiz qəlbli, Kəbəyə ziyarət arzusunda olan, digəri isə qumarbaz, eyş-işrətə qapılmış, valideynlərinə qarşı hörmətsizlik edən, qumar oynamaq üçün Las-Veqasa getmək istəyən əks qütblü gənclərdir. Film onların mübarizəsindən ibarətdir. Kim-kimə üstün gəlib özünə tərəf çəkə biləcək... Müxtəlif dünyagörüşə sahib olan bu iki gənc sonda bir amal uğrunda birləşir. Film xoşbəxt sonluqla bitir.
   - Necə deyərlər, HAPPY END...
   -Bəli, elədir.
   - Filmin mövzusu indiki zəmanəmizdə nə dərəcədə aktualdır?
   - Demək olar ki, filmdəki hadisələri bu günümüzlə səsləşir. Filmin hər iki qəhrəmanı hazırkı cəmiyyətimizdə olan müsbət və mənfi obrazlardır.
   - Bundan öncə “Sirat körpüsü” adlı filminiz də olmuşdur. O filmdə daha çox Hollivud estetikasından bəhrələndiyiniz hiss edilir.
   -“Sirat körpüsü” döyüş janrında çəkilmişdir. Amma filmdə döyüşü yox, daha çox sosial dramanı önə çəkmişəm. Allah Quranda belə buyurub ki, hər kəsin ruzisini mən verirəm! Övladlarınıza sahib çıxın, onları öldürməyin! Film də bu ideyanın üzərində qurulub. Övladı atmaq onu öldürməyə bərabərdir. “Sirat körpüsü”ndə də belədir ki, valideynlər guya övladlarını imkansızlıqdan atırlar və onların ucbatından uşaqların taleyi gətirmir.
   - Dünya kinosundan kimləri izləyirsiz?
   - Janrından asılı olmayaraq bütün yaxşı filmlərə baxıram: Action, fantastika, melodram. Fellininin, Tarantinonun və başqa rejissorların filmlərini izləyirəm. Tarantinonun filmlərinə nəzər yetirəndə onun, demək olar ki, klassikadan yararlandığı görünür. Tarantino klassikanı müasir tərzdə improvizasiya edir.
   - Bu gün kinomuzun əsas problemini müasir texnikanın olmamasında görürlər. Buna sizin münasibətinizi bilmək istərdik.
   - Əsas problem bu deyil. Texnikanı qonşu ölkələrdən kirayə almaq mümkündür. Bizim əsas problemimiz texniki bazanı işlədən personaların olmamasındadır. Məsələn, bu gün müasir kameralarla işləyən operatorlarımız çox azdır. Əgər bu gün 6-7 film çəkilirsə onlardan ən azından üçünün operatoru digər ölkələrdən gətirilir. “Cavad xan”, “Hökmdarın taleyi” və digər filmləri misal kimi deyə bilərəm.
   - Bəs sizə elə gəlmirmi ki, problem bəzi ssenarilərin primitivliyindədir. Sizcə, bu gün çəkilən filmlərin ssenarisiylə dünya arendasına çıxa biləcəkmi?
   - Hazırda yazılan ssenarilər qənaətbəxşdir. Düzdür, deyə bilmərəm ki, hamısı şedevrdir. Amma ən azından 100 ssenaridən 10-u əladırsa, demək, yaxşı ssenarilərimiz var. Çünki elə Hollivudun özündə də bu problem yaşanır. Yuxarıda qeyd etdiyim kimi, bizim kinoda ən böyük edən problemimiz texniki personalın yoxluğudur.
   İnanıram ki, bu da yavaş-yavaş düzələcək. Çünki 2-3 ildir ki, filmlərin çəkilişinə başlamışıq. Sovet məktəbi bitəndən sonra uzun müddət kinomuz durğunluq dövrünü yaşadı. Dövlətimizin qayğısı sayəsində yenidən film çəkilişlərinə başlanıldı. Bütün bunları nəzərə alsaq, indiki vəziyyətimizi qənaətbəxş kimi dəyərləndirilə bilər. Mənə belə gəlir ki, 5 ildən sonra biz kinomuzla fəxr edə biləcəyik.
   - “Ziyarət” filmini hansisa bir festivala gondərməyi planlaşdırırsınızmı?
   - Oktyabrın sonunadək filmi Berlin festivalına göndərməyi düşünürük.
   - Filminizin əsl adı necə olacaq?
   - Film “Həcc” kimi yazıldı, “Ziyarət” kimi şərti adı oldu, “Niyyət” kimi nümayiş etdiriləcək.
   
   Yeganə Cansail