Oktyabrın 2-dən 4-dək Gəncədə ilk dəfə olaraq “Mən insanam” devizi altında III Qafqaz sülh və insan hüquqları sənədli filmlər festivalı keçiriləcək.
   Qara dəniz Əməkdaşlıq Təşkilatı, Almaniyanın “Henrix Böll” fondu Açıq Cəmiyyət İnstitutu və Gəncə Regional İnformasiya Mərkəzi tərəfindən dəstəklənən festivalda göstəriləcək ilk sənədli film İsrail və Boliviya kinematoqrafçılarının istehsal etdikləri “İşgüzar ana” filmi olacaq. Filmdə güzəran dalınca okeanın o tayına keçmiş Latın Amerikasından olan orta yaşlı bir qadının iztirablarından bəhs edilir.
   Gəncə Regional İnformasiya Mərkəzinin əməkdaşı Mahir İsayevin məlumatına görə, festivalda Azərbaycanla yanaşı, Liviya, İsrail, Belçika, Kanada, Xorvatiya, Bolqarıstan, Macarıstan, Qırğızıstan və Misirdə istehsal olunmuş 15-dək film nümayiş etdiriləcək.