Bu həftə Azərbaycanın ilk milli kino aktrisası, görkəmli kimyaçı-alim, akademik İzzət Orucovanın 100 illiyi Mədəniyyət və Turizm Nazirliyinin xətti ilə Dövlət Film Fondu tərəfindən təntənəli şəkildə qeyd edildi. Fondun direktoru, kinorejissor Cəmil Quliyev yubiley münasibətiylə tədbiri açıq elan edərək qonaqları salamladı.
   O, İzzət Orucovanın həyat və yaradıcılığından, onun məktəb keçmədən məharətlə ifa etdiyi Sevil və Almaz rollarından böyük həvəslə danışaraq sözü əməkdar incəsənət xadimi, kinoşünas Aydın Kazımzadəyə verdi. Aydın müəllim İzzət xanımın həyat və yaradıcılığından ətraflı söhbət açdı. Onun milli kinomuzdakı rolundan danışdı: “Cəhalətin hökm sürdüyü keçən əsrin 20-ci illərində azərbaycanlı qızın təhsil alması, oxuyub mühəndis olması Şərq mühitində görünməmiş hadisə idi. Üstəlik tələbə qızın filmə çəkilməsi, baş rolda oynaması əsl möcüzə idi. İ. Orucovanı kino üçün böyük axtarışlardan sonra görkəmli dramaturq Cəfər Cabbarlı kəşf etmişdir. İzzət xanım xatirələrində bu barədə belə yazır: “Filmin rejissorları A. Beknazarov və Cəfər Cabbarlı idi. Amo Sevil rolunun ifasını Nora Arzumanova adlı bir qıza tapşırmaq istəyirdi. Lakin C. Cabbarlı buna qəti etirazını bildirdi. Dedi ki, əsərdə baş rolda azərbaycanlı qızı çəkilməlidir...” Beləliklə, İ. Orucova “Sevil” filmində baş rola çəkilir və böyük uğur qazanır. Bundan ruhlanan dramaturq özünün eyniadlı pyesi əsasında “Almaz” kinossenarisini yazır. Kinostudiyanın rəhbərliyinə bildirir ki, filmə özü quruluş verəcəkdir. O, baş rola - Almaz roluna yenə İzzət Orucovanı təsdiq edir. Lakin amansız ölüm Cəfər Cabbarlıya öz arzusunu həyata keçirməyə imkan vermir. Onun bu arzusunu həmkarları həyata keçirirlər. İzzət xanım Almaz obrazını ekranda müvəffəqiyyətlə yaradır. Bundan sonra gənc aktrisa kinodan uzaqlaşır və həyatını bütünlüklə Azərbaycan elminin inkişafına sərf edir”.
   Doğrudan da İzzət xanımın enişli-yoxuşlu həyat yollarına qısaca nəzər saldıqda onun bu qədər əyilməz, böyük ürəyə malik qəhrəman qadın olduğunu etiraf etməmək mümkün deyil. Elə bəlkə buna görədir ki, ilk milli kino aktrisamızın şəxsiyyətinə hörmət əlaməti olaraq zal gələn qonaqlarla dolu idi. Hamı İ.Orucovanın şəxsiyyətindən, insanlığından sevə-sevə danışaraq onu yad edirdi.
   Tədbirdə “Sevil” və “Almaz” filmlərindən fraqmentlər göstərildi.
   Tədbirdə digər qonaqlar da, millət vəkili Asim Mollazadə, İ.Orucovanın nəvəsi Elxan bəy öz ürək sözlərini söylədilər.
   Sonda kinorejissor Cəmil Quliyevin İ. Orucovanın həyat və yaradıcılığına həsr etdiyi “İzzət Orucova” adlı sənədli filmi nümayiş etdirildi.

   Yeganə