İlk özbək aktrisası Rano Şodiyeva XI "Şərq-Qərb" kinofestivalından sonra məşhurlaşdı
   
   XI "Şərq-Qərb" Bakı Beynəlxalq Kinofestivalı çərçivəsində yaddaqalan filmlərdən biri də "Yurta" bədii filmi oldu. Bu ekran əsəri 2007-ci ildə "Özbəkkino" Milli Agentliyi və Yoshlar Ijodiy "5 studiya"sı tərəfindən istehsal edilib.
   
   Filmin süjet xətti keçmişin damğasından qurtula bilməyən Ubay adlı qəhrəmanın həyata baxışlarını əhatə edir. İnsanın adında nə var - insanın özü, nişanə, yoxsa tarixçə. Taleyin uğursuzluğunda öz adını ittiham edib, ona nifrət bəsləmək olarmı? Bəlkə, həqiqətən də, taleyi müəyyənləşdirən elə addır.
   Filmin qəhrəmanı keçmişlə gələcəyin məngənəsində var-gəl edir. Keçmişdə zülm çəkərək, "xalq düşməninin oğlu" damğasını daşımış Ubay, uzun illər bu haqsızlığın ağrısından, təsirindən qurtula bilmir. Yeganə oğlunu tərki-dünyalıqda, həyatın qarşılaşdıracağı tufandan xəbərsiz böyüdür. Oğlunu həyatdan gizlətməyə çalışan ata və azadlığa can atan oğul. Hər ikisi həyatlarını dəyişəcək qərarı verməlidirlər: ya keçmişdən imtina etmək, ya da gələcəyi unutmaq...
   Filmin müəllifi gənc kinorejissor Əyub Şahobiddinovdur. Əsas rollarda Nazim Tulyaxocayev (Ubay rolunun ifaçısı olan bu aktyor 2007-ci ildə "Kinoşok" MDB və Baltikyanı ölkələrin XVI Beynəlxalq kinofestivalında "Ən yaxşı kişi rolu" nominasiyası üzrə mükafat qazanıb), Əziz Rasmtov, Rano Şodiyeva, Hayrulla Saqdiyev, Zəmirə Beşimova çəkiliblər.
   “Yurta" filminin yaradıcı heyətindən XI "Şərq-Qərb" Bakı Beynəlxalq Kinofestivalına rejissor Əyub Şahobiddinov və Zeynəb rolunun ifaçısı Rano Şodiyeva qatılmışdılar. Yeri gəlmişkən, onu da deyək ki, Rano Şodiyeva ikinci dəfədir Bakıda olur. Hələ 2006-cı ildə eyniadlı festivala "Vətən" filminin yaradıcı heyəti qismində gələn aktrisa, vətənə festivalın "Ən yaxşı aktrisa" nominasiyasında əsas mükafatla qayıtmışdı. Bu mükafatı aktrisa həyatının dönüş nöqtəsi sayır. Aktrisa söhbətinə elə o festivalda qazandığı uğuru xatırlamaqla başlayır.
   - 2006-cı ildə keçirilən "Şərq-Qərb" kinofestivalında qazandığım uğura özüm də təəccüblənmişdim. Çünki "Ən yaxşı aktrisa" seçiləcəyimi təsəvvür belə etmirdim. Bu mükafat aktrisa kimi yaradıcılığımın mayakı oldu. "Şərq-Qərb" kinofestivalı mənim təkcə Azərbaycanda yox, Özbəkistanda da bir aktrisa kimi kəşf edilməyimə səbəb oldu. Artıq mənə qarşı sözün yaxşı mənasında fərqli baxışlar vardı. Başqa festivallara dəvətlər, maraqlı rollara təkliflər almağa başladım. Bundan başqa, 30 yaşımda mən artıq Özbəkistanın əməkdar artisti fəxri adına layiq görüldüm. Bu baxımdan "Şərq-Qərb" kinofestivalının mənim həyatımda önəmi çox böyükdür.
   - Bakıya ikinci gəlişinizdə sizi daha çox nə təəccübləndirdi?
   - Mən Bakının bu qədər gözəlləşməsinə təəccübləndim. Gördüyüm möhtəşəm tikililər Bakının qədim memarlığına zərər vurmadan şəhəri gözəlləşdirib. Özümü sanki sirli, nağılvari Şərq ölkəsində hesab edirəm. İnsanların qonaqpərvərliyi, simalarındakı təbəssüm mənə doğma olduğundan özümü sanki öz evimdə hiss edirəm.
   - Yaradıcılığınızı ancaq kino ilə bağlamısınız, yoxsa teatr fəaliyyətiniz də var?
   - Teatr fəaliyyətim olub. Bir müddət Özbəkistan Gənc Tamaşaçılar Dram Teatrının rus bölməsində işləmişəm. Ancaq kino çəkilişlərinin və səfərlərin çoxluğundan teatrdan ayrılmağa məcbur oldum. Yaxın keçmişdə Özbəkistanın "İlhom" və Moskva teatrlarından birinə dəvətlər almışam. Hələ ki, bu haqda qərar qəbul etməmişəm.
   - Azərbaycan kinosu ilə tanışlığınız varmı?
   - Çox təəssüf ki, Azərbaycan kinosu ilə tanışlığım çox da geniş deyil. Bir neçə filminizi görmüşəm, ancaq konkret adları xatırlamıram. Ən çox sevdiyim Azərbaycan filmi isə "Arşın mal alan"dır. Bu filmi bütün ailəmiz sevir. Anam xüsusilə bu filmə, Rəşid Beybudovun bənzərsiz ifasına baxmaqdan doymur.
   - Festival çərçivəsində Azərbaycan kinorejissorları ilə tanış oldunuz. Onlardan hər hansı bir dəvət aldınızmı?
   - Bir neçə Azərbaycan rejissoru ilə maraqlı ünsiyyətimiz oldu. Konkret heç bir təklif almamışam. Ancaq hələlik onu deyə bilərəm ki, bir aktrisa kimi mənim potensial imkanlarımı yüksək dəyərləndirdilər. Hətta mənim Azərbaycan xanımına bənzədiyimi, filmlərdə bir azərbaycanlı roluna çəkə biləcəklərini dedilər. Mən də məmnuniyyətlə razılaşacağımı söylədim. Azərbaycan qadını rolunda çəkilmək mənimçün də maraqlı və xoş olardı.
   - "Yurta" filmində Siz lal qız Zeynəbi oynayırsınız? Jest və mimikayla danışmaq sizin üçün çətin olmadı ki?
   - Əvvəla onu deyim ki, jest dilini, surdotərcüməni mən peşəkar səviyyədə bilirəm. Çünki Özbəkistanda əlil uşaqlara aktyor sənətini tədris edirəm. Ona görə də ssenarini ilk oxuduğum zaman asan olacağını, jest dili ilə hisslərimi tamaşaçıya çatdıra biləcəyimi düşündüm. Ancaq rejissor, peşəkar jest dilindən istifadə etməyi qəti şəkildə qadağan etdi. Bunu da onunla əsaslandırdı ki, uzaq dağ kəndində yaşayan sadə bir qız jest dilini peşəkar səviyyədə bilə bilməz. Sən bu jestləri öz daxilindən hasil edib seyrçinin anlaya biləcəyi şəkildə göstərməlisən". Ona görə də bir qədər çətin oldu, çəkiliş zamanı daha çox gözlərimlə və hərəkətlərimlə anlatmağa çalışdım.
   - Jestlərlə məqsədyönlü şəkildə, yoxsa maraq xatirinə öyrənmisiniz?
   - Nə dərəcə məqsədyönlü olduğunu deyə bilmərəm. Eşitmə qabiliyyəti zəif olan uşaqlara aktyor sənətindən dərs demək təklif edilmişdi mənə. Mən də bu xeyirxah işi qəbul etdim. Ancaq sonradan bu işə daha ciddi şəkildə girişdim. Elə bu məqsədlə "Danışan əllər" adlı xeyriyyə fondu yaratdım. Hazırda həmin fondun prezidentiyəm. Bir sözlə, yaradıcılıqla paralel ictimai fəaliyyətlə də məşğul oluram. Özümü hərtərəfli inkişaf etdirməyə çalışıram!
   - "Yurta" filmində qızınızı elə həyatdakı doğma qızınız Raxşona oynayır. 11 yaşlı qızınızı gələcəkdə aktyor görmək istəyirsiniz?
   - Etiraf edim ki, nə qızımın, nə də 12 yaşlı oğlum Diorun incəsənətdə olmasını qətiyyən istəmirəm. Baxmayaraq ki, ailəmizin, demək olar ki, bütün üzvləri incəsənətlə bağlıdır. Həyat yoldaşım rejissorluğu bitirib. Ancaq ikinci ixtisası üzrə - təhlükəsizlik orqanında çalışır. Qayınanam və qayınatam isə Özbəkistanın xalq artistləridir. Qızımın gələcəyinə gəlincə, nə qədər ki, balacadır çəkilməsinə icazə verirəm, qoy aktrisalıq onun bir hobbisi olsun. Ancaq əsas sənəti başqa olacaq. Bu barədə artıq qızımla ciddi söhbətimiz olub.   

Söhbətləşdi:  Sevda BABAYEVA