Xalq yazıçısı Elçinin məşhur “Mahmud və Məryəm” romanı bir çox xarici dillərə tərcümə olunaraq nəşr edilib, oxucuların dərin rəğbətini qazanıb, xüsusi elmi araşdırmaların mövzusuna çevrilib. Bu roman qardaş Türkiyədə də dəfələrlə nəşr olunub, 1997-ci və 2003-cü illərdə ilin ən çox satılan 10 kitabı sırasında yer alıb. Roman Türkiyədə ilk dəfə 1993-cü ildə doktor İldəniz Kurtulanın çevirməsində “E yayınları” nəşriyyatında işıq üzü görüb. 1994-cü ildə romanı “Milli Kitabxana Basımevi” nəşr edib.
   “Mahmud və Məryəm” 1997-ci ildə doktor Əli Duymazın yeni çevirməsində qardaş respublikanın ən qədim və nüfuzlu nəşriyyatlarından olan “Ötüken”də çapdan çıxıb. Bundan sonra roman həmin nəşriyyatda dəfələrlə yenidən işıq üzü görüb. 2001-ci ildə “Mahmud və Məryəm” “Çağdaş dünya ədəbiyyatı” seriyasından “Everest” nəşriyyatında çap olunub. Əsər bir sıra universitetlərdə, o cümlədən Ərzurum Atatürk, Memar Sinan, İstanbul Fateh universitetlərində elmi tədqiqata cəlb olunub. Eyni zamanda, roman Fateh Universitetində səhnələşdirilib.
   Türkiyənin ən tanınmış sinema şirkətlərindən “24 Kare Film” bugünlərdə “Mahmud və Məryəm” romanı əsasında bədii film çəkmək üçün müqavilə imzalayıb. Film FİYAB-ın (Film Yapımçıları Məslək Birliyi) dəstəyi ilə çəkiləcək. Şirkətin sahibi və filmin prodüseri Sevda Kayğısızdır. Onun sözlərinə görə, türk dünyasının böyük yazarı Elçinin “Mahmud və Məryəm” romanı əsasında film çəkmək onların çoxdankı arzusu olub. Çəkilişləri Ərzurumda, Qarsda və Azərbaycanda aparılacaq filmin istehsalı 2010-cu ildə başa çatacaq. Yeni ekran əsərinin Ankarada, İstanbulda və Bakıda qala nümayişləri keçiriləcək. Filmin yaradıcı heyətində məşhur türk sənətçiləri ilə bərabər, Elçinin təklifi ilə bir sıra görkəmli Azərbaycan sənətkarları da iştirak edəcəklər.
   Şübhəsiz ki, bu film Azərbaycan-Türkiyə mədəni əlaqələrinin daha da inkişaf etdirilməsində mühüm rol oynayacaq. Filmin prospektini biz ABŞ, Almaniya, Fransa, Yaponiya kimi ölkələrin məşhur prokat qurumlarına göndərmişik və artıq həmin qurumlar “Mahmud və Məryəm”lə maraqlandıqlarını bildiriblər. Azərbaycan və türk dillərindən əlavə ingilis, fransız və alman dillərinə dublyaj edəcəyimiz bu filmin 2010-2011-ci illərdə 20 ölkədə nümayiş olunacağı nəzərdə tutulub.