“Ruhların qovuşan yeri” adlı serialın artıq çəkilişləri tamamlanmaq üzrədir. Əsər “Artist” kino şirkəti tərəfindən istehsal olunur.
   Bu barədə məlumatı “Artist” kino şirkətinin və filmin prodüseri Elçin Məmmədov verib.
   Hələ körpə ikən valideynləri tərəfindən uşaq evinə atılmış Aslan Qədirov (filmin baş qəhrəmanı) Rusiyada ad çıxarmış mafiya başçısı tərəfindən Rusiyaya qaçırılır.
   Aslan sərrast atıcı kimi böyüdülür və mafiyanın sifarişlərini yerinə yetirərək, peşəkar qatil kimi qətllər törətməyə başlayır.
   Çox keçmir ki, törətdiyi cinayətlərə görə həm digər mafiyalar, həm də beynəlxalq polis bu muzdlu qatilin axtarışına başlayır.
   Günlərin birində mafiya dəstəsinin başçısı (“Qoca vor”) tərəfindən yeni qətl törətmək üçün öz doğma şəhəri Bakıya göndərilir. “Mao” ləqəbli Aslan Qədirovun izinə düşən mafiya qruplaşmaları və polis əməliyyatçıları tanınmış killerin ələ keçirilməsi üçün əməliyyata başlayırlar.
   Elçin Məmmədovun açıqlamasına görə, qalmaqal, dinamik kadrlar, atışma, insan taleyilə bağlı tükürpədici səhnələrlə dolu olan serial yaxın vaxtlarda tamaşaçıların ixtiyarına veriləcək.
   Serialın baş qəhrəmanı rolunda Mahir Cananov çəkilib. Rollarda həm də Elçin Məmmədov, Allahverdi Rüstəmov, Nail Məmmədov, Vüqar Məcidov kimi dünya və Avropa çempionları da çəkilib.
   Filmin ssenari müəllifi və quruluşçu rejissoru “Artist” Kino Şirkətinin rəhbəri, rejissor Samir Qulamovdur.