"İmper Qrup" Prodüser Mərkəzi, “Təkan” Tələbə Gənclərin İctimai Birliyi və Bakı Avrasiya Universitetinin Tələbə-Gənclər Təşkilatının birgə təşəbbüsü ilə 18 oktyabr - “Müstəqillik aktının qəbul edilməsi” günü münasibətilə oktyabr ayının 13-dən 17-dək Bakı Avrasiya Universitetində son illərdə vətənpərvərlik mövzusunda çəkilmiş milli filmlərin nümayişi keçiriləcək. Həftə çərçivəsində "Arxada qalmış gələcək", "Yalan", "Girov", "Qala", “Lal çinar” filmlərinə baxış keçirilməsi planlaşdırılır. "İmper Qrup" Prodüser Mərkəzindən verilən məlumata görə, bu aksiya qeyri-kommersiya xarakteri daşıyır və əsas məqsəd 18 oktyabr - Müstəqillik Gününü qeyd etmək, eyni zamanda milli kinomuzun ən yaxşı filmlərini nümayiş etdirmək, gənclər arasında mədəniyyətimizin təbliğini aparmaqdır. Film nümayişinin davamının Bakı Musiqi Akademiyası, Azərbaycan Beynəlxalq Universiteti, Azərbaycan Pedaqoji Universiteti, İqtisad Universiteti və Slavyan Universitetində keçirilməsi nəzərdə tutulur.