İlk dəfə Azərbaycan dilinə 1937-ci ildə “Çapayev” filmi dublyaj olunub. Azərbaycan Dövlət Televiziyasında dublyaj redaksiyasi isə 1966-ci ildə yaradılıb. Ümummilli liderimiz Heydər Əliyevin 2001-ci il 18 iyun Dövlət dili haqqında imzaladığı müvafiq fərmanından sonra dublyaj işinə xüsusi önəm verildi. Həmin vaxtdan bütün telekanallarda efirə gedən əcnəbi filmlər yalnız doğma dilimizdə səsləndirilir. Dublyaj fransızca ”doublaje” sözündən olub mənası nəyinsə surətini yaratmaq, üz şəklini çəkmək kimi tərcümə olunur.
   
   Qənaətbəxş deyil
   
   Əcnəbi dillərin Azərbaycan teleməkanında səsləndirilməsinə qadağa qoyulduğu gündən bütün filmlər ana dilimizdə dublyaj olunmağa başladı. Hər bir dövlətin efir teleməkanında yayımlanan bədii, sənədli, cizgi filmləri, bütün veriliş və reklamlar dövlətin rəsmi dilində səsləndirilir. Bu, artıq bütün dünya ölkələrinin televiziyalari üçün bir qaydaya çevrilmişdir. Azərbaycanda dublyaj olunmuş filmlərin səviyyəsini tamaşaçıların bu filmlərə münasibəti ilə müəyyənləşir. Tamaşaçıların əksəriyyətinin belə filmlərə münasibəti müsbət, bəzilərininki isə “Mən dublyaj edilmiş filmlərə baxmıram,çünki baxılası səviyyədə deyil” deməklə fikirlərini əsaslandırırlar. Niyə baxılası səviyyədə deyil - sualını araşdırmağa çalışdım. Dublyaj olunan filmlərdəki əcnəbi aktyorların səs tembrləri ilə filmi öz dilimizə dublyaj edən aktyorların səs tembrləri uyğun gəlmir. Filmdəki aktyor bəzən çox kök, yekəpər kişi obrazında olursa, dublyaj zamanı həmin aktyorun fakturasına uyğun olmayan nazik səs tembri səsləndirilir. Mətnin səsləndirilməsi ilə ekrandakı görüntünün üst-üstə düşməməsi, dublyaj edən aktyorların düzgün seçilməməsi qeyri-peşəkarlıqdan xəbər verir. Azərbaycanda dublyaj hələ də qənaətbəxş deyil.
   
   Əsəbiləşirik
   
   Çox vaxt Amerika filmlərinin tərcüməsində öz atalar sözlərimizi eşidirik. Məgər əcnəbilər bizim atalar sözlərimizdən istifadə edir?! Bu nə dərəcədə inandırıcıdır? Azərbaycan telekanallarında dublyaj filmlərində ən təsirli məqamları, komediyanı faciə şəklində, faciəni komik şəkildə eşitməkdən qulaqlarımız tutulub. Sanki insanlar da süniləşiblər,hər şeyi olduğu kimi deyil, göründüyü kimi qəbul edirlər. Hər bir xalqın özünəməxsus leksikası vardır. Elə ifadələr var ki, onlar yalnız doğma dilin özünəməxsusdur. Belə ifadələri orijinalda olduğu kimi çevirmək mümkün olmasa da, ən azından ona yaxın bir şəkildə çevirmək lazımdır. Peşəkar dublyajçılar həmin ifadələri çox məharətlə, mənasını itirmədən səsləndirirlər. Əcnəbilərin filmlərinə diqqət yetirsək, görərik ki, onlar yalnız doğma dillərinin daxili imkanlarından istifadə edirlər. Başqa dillərə məxsus heç bir sözdən istifadə olunmur. Bu da hər bir xalqın öz dilinə,dövlətinə sadiqliyindən irəli gəlir. Ancaq bizim tərcümə edilmiş filmlərə baxdıqda isə dilimizə qarşı laqeydliyin, biganəliyin şahidi oluruq. Səbəbi bəllidir. Dublyajçılar doğma dillərini mükəmməl bilmirlər.
   
   Yeganə Yaşar,
   ADMİU-nun tələbəsi