C.Cabbarlının əsas fəaliyyəti teatrla bağlı olmuş, bu sahədə böyük uğurlar qazanmış, «Trablis müharibəsi» , «Ədirnə fəthi», «Bakı müharibəsi», «Vəfalı Səriyyə və yaxud göz yaşları içində gülüş», «Solğun çiçəklər», «Nəsrəddin şah» , «Aydın», «Oqtay Eloğlu», «Od gəlini», «Sevil», «Almaz», «Yaşar», «1905-ci ildə», «Dönüş» və s. əsərləri oxucular və tamaşaçılar arasında geniş şöhrət tapmışdır.
   
   Bununla belə C.Cabbarlı tədricən həyatını kinematoqrafa bağlamışdı. O, kino sənətinin gələcəkdə daha da inkişaf edib böyük uğurlar qazanacağına inanır, ona görə də öz istedad və bacarığını bu vacib və mühüm iş üçün əsirgəmirdi. Onun kinostudiyaya gəlib bir müddət ssenari şöbəsində işləməsi, filmlərə ssenarilər yazması və sonradan özünü kinorejissorluğa hazırlaması, fikrimizi bir daha təsdiq edə bilər.
   C.Cabbarlının kino fəaliyyəti üç istiqamətdə inkişaf etmişdir.
   Birinci istiqamət onun kinomuzun təşəkkül tapmasında təəssübkeşliyi ilə bağlıdır. O, çəkilən filmlərin bədii səviyyəsinin yüksək olması, milli kadrların kino üçün axtarılıb tapılması, nümunə olsun deyə öz ailə üzvlərini kino işinə cəlb etməsi və s. problemlərin həllində yaxından iştirak edirdi.
   Dramaturqun yaxın dostu M.Əlilinin dediklərindən: «Peterburqdan kino çəkmək üçün Bakıya gəlmiş yaradıcı qrupa artist Murad Muradovun, xüsusilə Cəfərin çox köməyi olurdu. «Neft və milyonlar səltənətində» filminin ən inandırıcı səhnələrindən biri dəniz kənarındakı keçmiş qadın Kupalnisi deyilən yerdə çəkilmişdir. Cabbarlının məsləhəti ilə yuxarı məhəllənin arvad-uşaqlarını xalça-palaz yumaq üçün Bayıla gətirirdim. O vaxt hələ Bakıya şollar suyu gəlmədiyindən əhali suyu quyulardan içirdi. Və bu suyu səhənglərdə evə daşıyırdılar. Bu səhnələr filmdə çox inandırıcı çıxmışdı...»
   Başqa bir misal. Rejissor A.M.Şərifzadə «Bismillah» filmini çəkəndə C.Cabbarlı öz körpəsi Aydını kinofabrikə gətirir. Və filmin baş qəhrəmanı Qulunun təzəcə doğulmuş uşağı rolunda çəkdirir. O cümlədən qardaşı qızı Mələk xanımı «Almaz» filmində iştirak etməsi üçün onu kino sınaq çəkilişindən sonra Yaxşı roluna təsdiq edir.
   Görkəmli sənətkar çoxlarını, o cümlədən M.Mikayılovu, A.Quliyevi, Q.Salamzadəni, Ə.Tahirovu, M.Əlilini, İ.Orucovanı, R.Təhmasibi və başqalarını kinoya gətirmiş, onların professional kinematoqrafçı kimi yetişməsində böyük rolu olmuşdur.
   Rejissor M.Mikayılov Cəfərlə birgə fəaliyyətini belə xatırlayırdı: «Cəfər bizi həmişə işə ruhlandırar və deyərdi: «Heç fikir çəkməyin. «Kinofabrikdə hələ çox işlər görəcəyik». Bakıya dəvət olunan hər bir kino mütəxəssisindən kino sənəti ilə bağlı nə isə öyrənməyə çalışır, bizə də bu sənəti mükəmməl öyrənməyi tövsiyə edirdi. Başqa şəhərlərdən gələnlərin arasında kəmsavadlılarla rastlaşanda qanı bərk qaralardı, deyərdi ki, gör Azərbaycan kinosu kimlərin əlində qalıb. Belələri ilə çox uzağa gedə bilməyəcəyik...»
   1925-ci ildə I Dövlət Kinofabriki nəzdində ikiillik kino sənəti kursları açılanda C.Cabbarlı və onun yoldaşları bu kurslara qəbul olundular. Hətta Cəfər 1926-cı ildə R.Təhmasibin çəkdiyi «Balıqçılar» adlı kurs işində balıqçı rolunu ifa etdi.
   I Dövlət Kinofabrikin mövcud vəziyyəti, buradakı çatışmamazlıqlar, kadr siyasətindəki nöqsanlar, Azərbaycan kinosunun sabahı C.Cabbarlını bərk narahat edirdi. Onun bu barədə düşüncələri və nəzəri fikirləri məqalə, çıxış və məktublarında öz geniş əksini tapmışdır. Bu məqalələr və məktublar («Azərkino» haraya gedir?», «Azərkino»nun qüsur cəhəti», «Kinofabrikin işçiləri barədə qeydlər» və s.) kinomuzun 20-30-cu illərdə keçdiyi yola nəzər salmağa, burada gedən yaradıcılıq və istehsalat proseslərini izləməyə, başa düşməyə kömək edir.
   C.Cabbarlının kino fəaliyyətinin ikinci istiqaməti onun filmlərə ssenari yazması ilə bağlıdır. C.Cabbarlı Azərbaycanın ilk milli kinodramaturqudur. Onun kino üçün yazdığı ilk əsərlər - «Sona» («Hacı Qara») ədəbi ssenarisidir. O, bu ssenarisini Azərbaycan klassik dramaturgiyasının banisi M.F.Axundovun «Hacı Qara» pyesinin motivləri əsasında qələmə almış, onu ekran üçün demək olar ki, yenidən işləmişdir.
   Filmdə mərkəzi obraz kimi Hacı Qaranı yox, Sonanı ön plana çıxarmışdır. Bununla da qadının cəmiyyətdə yeri və mövqeyi probleminə toxunmuş, qadının bir insan kimi azad yaşayıb öz fikrini sərbəst ifadə etmək hüququna malik olduğu ideyasını nəzərə çarpdırmışdır.
   «Hacı Qara»dan (film çəkilərkən ad belə saxlanılmışdır) sonra C.Cabbarlı «Sevil» pyesinin ekran variantını qələmə alır. Filmi rejissor A.Beknazarov çəkir. Yeri gəlmişkən, bu il «Sevil» filminin çəkilməsinin və ekranlara buraxılmasının düz 80 yaşı tamam olur.
   A.Beknazarov «Sevil» filmi üzərində kinodramaturqla birgə işlərindən söhbət açarkən demişdir: «C.Cabbarlı yüksək bədii hisslərlə yaşayan ən böyük dramaturq, yazıçı, kinossenarist, şair, həm də məharətli rejissordur. Etiraf etməliyəm ki, «Sevil»in elə bir kadrı yox idi ki, Cəfər Cabbarlı orada mənimlə birgə işləməsin. Biz çox vaxt saatlarla əyləşib çəkəcəyimiz kadrların daha canlı və inandırıcı çıxması üçün düşünərdik. C.Cabbarlının kino sənəti sahəsində az müddət çalışmasına baxmayaraq, onun bir sıra kinematoqrafik hökmlər vermək qabiliyyəti məni doğrudan da heyran edirdi. Odur ki, biz «Sevil» kinofilmini hədsiz həvəslə çəkib başa çatdırdıq».
   A.Beknazarovun bu xatirəsindən aydın olur ki, C.Cabbarlının kino fəaliyyətinin üçüncü istiqaməti onun rejissorluğu ilə bağlıdır. O, «Sevil» filminin II rejissoru olub. Bunu C.Cabbarlının həyat yoldaşı Sona xanımın, Sevil və Balaş rollarının ifaçıları İzzət Orucova və Ağasadıq Gəraybəylinin xatirələrindən də görürük.
   İ.Orucovanın xatirəsindən: «Kinonun çəkillişində rejissor A.Beknazarovla bərabər Cəfər Cabbarlı da iştirak edirdi. Cəfər çox tələbkar idi. Bəyənmədiyi kadrların dəfələrlə yenidən çəkilməsinə israr edərdi. Heç yadımdan çıxmaz. Sevilin çarşabı başından atması epizodu bir neçə dəfə təkrarən çəkildi; amma bu səhnə yenə də Cəfərin xoşuna gəlmədi. O, hər dəfə əllərini bir-birinə vurub deyərdi: - Yox, İzzət , olmadı. Çarşabı başından atmağın çox süni çıxır. Əsərin əsas kulminasiya nöqtəsi də elə buradır. Sən çarşabı başından elə atmalısan ki, bu səhnə tamaşaçıda cəhalətin və mövhumatın qara pərdəsi olan çarşaba nifrət və qəzəb hissi oyatsın.
   Nəhayət, «Sevil» filminin çəkilişi tamamilə qurtardı, film ekranlara buraxıldı. Filmin nümayişi günü çoxlu azərbaycanlı qadın öz çarşabını həmişəlik olaraq tulladı. O gün çarşabını atanlardan biri də mənim anam idi».
   «Sevil» filminin uğurundan ruhlanan C.Cabbarlı 1934-cü ildə eyniadlı əsəri əsasında «Almaz» filminin ssenarisini yazdı. Filmə quruluş verməyi də öz öhdəsinə götürdü, rejissor ssenarisini hazırladı, yaradıcı qrupu komplektləşdirdi. Aktyorlar arasında rolları bölüşdürdü.M.A. Əliyev, İ.Hidayətzadə, Ə.Hüseynzadə, Ə.Məmmədova, P.Tanalaidi, X.Əmirzadə kimi səhnə ustalarından ibarət gözəl aktyor ansamblı yaratdı. Almaz roluna yenə də İzzət Orucovanı, Yaxşı roluna qardaşı qızı Mələk xanımı təsdiq etdi. O, çəkəcəyi naturanı belə özü müəyyənləşdirmişdi. Çəkilişlər Şamaxının Dədəgünəş kəndində aparılmalı idi.
   Lakin yeni ilə bir neçə gün qalmış kinostudiyada C.Cabbarlının ürək ağrıları başlayır, onu təcili evə aparırlar. Bir neçə gündən sonra, yəni dekabrın 31-də səhər saat 5-də görkəmli sənətkar yaradıcılığının çiçəkləndiyi bir dövrdə dünyasını dəyişir.
   C.Cabbarlının arzuları yarımçıq qalmadı. Dostları, həmkarları, ardıcılları onun kinematoqrafiya sahəsindəki işini davam etdirdilər. Rejissorlardan A.Quliyev və Q.Braginski, operatorlardan İ.Frolov və Ə.İsmayılovdan ibarət yaradıcı qrup «Almaz» filmini çəkib başa çatdırdı. Film mərhum sənətkarın vəfatının ildönümü münasibətilə ekranlara buraxıldı.
   Filmin operatorlarından Əsgər İsmayılov «Kommunist» qəzetində dərc etdirdiyi məqalədə yazmışdı: «Film hazırdır. «Azərkino»nun işçiləri öz sevimli yoldaşları və dostları olan əziz Cəfərin başladığı işi şərəflə yerinə yetirdilər».
   Kinodramaturq «Hacı Qara», «Sevil», «Almaz» filmlərinin ədəbi ssenarilərindən başqa, daha üç film üçün ssenari üzərində işləmişdir. Bunlardan birincisi «1905-ci ildə», ikincisi «Yaşar» adlanır. Üçüncüsü isə «Ölülər» adlı geniş librettodur.Onun yazdığı ssenariləri nəzərdən keçirərkən aydın olur ki, o, bu sahənin sənətkarlıq məsələlərini, tələb və qanunlarını yaxşı bilirdi. Bir sənətkar kimi kinodramaturgiyanın spesifik xüsusiyyətlərinə dərindən yiyələnmişdi.
   1929-cu ildə istehsal olunmuş «Sevil» melodramından 40 il sonra C.Cabbarlı adına «Azərbaycanfilm» kinostudiyasında bəstəkar F.Əmirovun «Sevil» film-operasının ekrana çıxarılması qərara alındı. Kinostudiyanın bədii şurasında yeni çəkiləcək film-operanın ssenarisi müzakirə olunarkən rejissor M.Dadaşov ssenaridən çıxarılmış Gündüz obrazının bərpa olunması üçün çox cəhd göstərdi. Filmə quruluşu V.Qorikker verəcəkdi. O, opera tamaşalarının ekrana çıxarılması üzrə ixtisaslaşmış kinorejissor idi. V.Qorikker Sevilin oğlunu qızla əvəz etməkdə iki səbəb görürdü: birincisi, oğlan deyil,qız doğmasına görə Balaş arvadını evdən qovur. İkincisi, yeni cəmiyyətdə qız anasının taleyini bir daha yaşamayacaq, onu təkrar etməyəcəkdi.
   M.Dadaşov sübut edirdi ki, Sevilin uşağını qız yox, oğlan göstərməkdə dramaturqun məqsədi vardı. Balaş artıq mənən sınmışdır, cəmiyyət üçün yararsız adama çevrilmişdir. Onun ümidi oğlu Gündüzədir. Yeni cəmiyyətin gələcəyi Gündüz ilə bağlıdır.
   Çox təəssüf ki, M.Dadaşovun gətirdiyi tutarlı dəlillər filmin bəstəkarı F.Əmirov tərəfindən də müzakirə olunmadı. Beləliklə də, Gündüzün əsərdən çıxarılma əməliyyatı həyata keçirildi.
   Film-opera 1970-cı ildə istehsal olunmuşdur. Burada C.Cabbarlının eyniadlı pyesinin motivlərindən istifadə edilmişdir. Pyesdə olduğu kimi, film-operanın da mərkəzində cəhalətə qarşı üsyan edən, həyatda öz yerini axtarıb tapmağa çalışan Azərbaycan qadınının taleyi durur.
   «Sevil» Azərbaycan kino tarixində ilk film-opera, sabiq sovet kinematoqrafiyası tarixində isə müasir mövzuda yaradılmış ilk kinooperadır.
   Ömrünün son illərində görkəmli kinorejissor T.Tağızadə C.Cabbarlının «1905-ci ildə» pyesi əsasında «Atan kazaklardır...» bədii filminin ssenarisini yazmışdı. O, çəkəcək bu filmi böyük dramaturqumuz C.Cabbarlnıın anadan olmasının 100 illiyinə həsr etmişdi.
   Rejissor çox qapılar döydü, çox adamlarla görüşdü. Lakin film «1905-ci ildə» pyesi ilə bağlı olduğu üçün ona məhəl qoyan tapılmadı ki, tapılmadı. Ssenari də tarix üçün çəkilməmiş yadigar qaldı.
   Azərbaycan dövləti və xalqı C.Cabbarlının adını həmişə əziz və uca tutmuşdur. Azərbaycan SSR Nazirlər Sovetinin 20 aprel 1959-cu il tarixli 306 saylı qərarı ilə «Azərbaycanfilm» kinostudiyasına C.Cabbarlının adı verilmişdir. Məhəbbət və hörmət əlaməti olaraq 1980-ci ildə kinostudiyanın ərazisində C.Cabbarlının abidəsi ucaldılmışdır.
   Azərbaycan kino işçiləri görkəmli ədib və kinematoqrafçı Cəfər Cabbarlının həyat və yaradıcılığına müxtəlif illərdə müraciət edərək, sənətkara həsr olunmuş «Cəfər Cabbarlının dəfni» (1935), «Cəfər Cabbarlı» (1944), «Cəfər Cabbarlı» (1969), «Cəfər Cabbarlı. Səhnə əsərləri» (1973), «Solmaz bir bahar kimi» (1979) sənədli filmlərini yaratmışlar.
   Bu kinolentlərin bəzilərində canlı Cəfər Cabbarlını əks etdirən nadir kadrların qiyməti yoxdur. Gəlin hər bir azərbaycanlı üçün əziz olan bu kadrları bir daha xatırlayaq və deyək: Cəfər baba, ad günün mübarək olsun! Sən milyonlarla Aydınların, Gültəkinlərin, Oqtayların, Yaşarların, Firuzələrin, Elxanların qəlbində yaşayır və həmişə də yaşayacaqsan! Sən bizim aramızda, Sən bizim özümüzdəsən!
   
   Aydın Kazımzadə,
   əməkdar incəsənət xadimi, kinoşünas