Gələcək kinematoqrafçılar belə düşünürlər
   
   Azərbaycanda bu gün audiovizual məhsulların istehsalı ilə bağlı olan yetərincə şirkət və prodüser mərkəzləri fəaliyyət göstərir. Amma nədənsə özəl şirkətlər film istehsalında müəyyən çətinliklərlə üzləşirlər.
   
   Dünyada keyfiyyətli filmin ərsəyə gəlməsini, adətən, kino mütəxəssisləri qoyulan sərmayə ilə əlaqələndirirlər. Ancaq çox vaxt sərmayə də hər şeyi həll etmir. Belə ki, hər il dövlət tərəfindən kinomuza vəsait ayrılır. Üstəlik bu vəsait hesabına özəl şirkətlər də təqdim etdikləri layihələri ekranlaşdıra bilirlər. Bununla belə dünya kino bazarı bizim üçün hələ də əlçatmazdır. Nədən Azərbaycan kinosu hələ də dünya səviyyəsinə çıxa bilmir - sualına gəlcəyin kinematoqrafçılarının cavabları düşünürük ki, oxucular üçün də maraqlı olacaq. Qeyd edək ki, bu fikirlər kino ixtisası üzrə təhsil alan tələbələrin və onların müəllimlərinin düşündükləridir.
   Aqşin Babayev - filologiya elmləri doktoru:
   - Son illərdə istehsalata buraxılmış filmlərin arasında “Hökmdarın taleyi” bədii filmi müəyyən qədər fərqlənir. Rejissoru Ramiz Həsənoğlu olan “Cavid ömrü” filmini də bəyənirəm. Yaxın keçmişə qədər Azərbaycan aktrisalarının yerində gürcü, rus qızları oynayırdı. Halbuki azərbaycanlı aktrisalar bu filmlərdə rol ala bilərdilər. Hazırda bu problemlər bir qədər aradan götürülüb. Amma hələ də problemlərimiz qalmaqdadır. Mən istərdim daha çox filmlər istehsal olunsun. İstərdim bizim unudulmuş, yaddan çıxmış nağıllarımız əsasında filmlər çəkilsin. Ruslar nağıllardan xeyli sayda kino çəkiblər. Bizim zəngin şifahi xalq ədəbiyyatı və bənzərsiz klassik ədəbiyyatımız var.
   Dünya kinosuna çıxış, təbii olaraq, istedaddan keçir. Gərək o səviyyədə bizim aktyorlarımız olsun ki, dünya kinosuna çıxaq. Mənə elə gəlir ki, bu gün həm rejissor, həm də aktyor ansamblının səviyyəsi elə şəkildədir ki, biz dünya kinosuna çıxa bilmirik.
   Tofiq İsmayılov - professor:
   - Sovetlər birliyi dağılandan sonra Azərbaycanda xırda-xuruş kinostudiyalar yarandı. Hər yerindən duran rejissor oldu, hər yetən əlinə kamera aldı. Amma hər əlinə kamera alan operator, rejissor deyil. Azərbaycan kinosunun gələcəyi üçün baza lazımdı. Dünya kinosuna çıxışın yolu yaxşı filmlərdən keçir.
    Festivala getmək hələ dünya kinosuna çıxmaq deyil. Kino festivalına bütün ölkələri çağırırlar. Əgər biz festivala gediriksə, bu hələ gözəl film çəkirik demək deyil. Amma Avropaya çatanda dayanırıq. 
   Aysel Əliyeva - ADMİU-nun 4-cü kurs tələbəsi, kinoşünas:
   - Bu gün Azərbaycan kinosunda ssenari qıtlığıdır. Ən önəmli mövzu olan Qarabağ mövzusunda çəkilən filmlər çox primitivdir. Bu filmlərdə düşmən obrazı tam açılmır. Vətən yolunda şəhid olmuş qəhrəmanların obrazı yaradılmır. Aktyorlar obraza tam yiyələnmir, çox bayağı oynayırlar. Azərbaycan tamaşaçısının tələbatını bizim filmlər ödəmədiyindən xarici ölkələrin, əsasən də türk rejissorlarının filmlərinə üstünlük verilir. 
   Günay Cəfərova - ADMİU-nun 4-cü kurs tələbəsi, ssenarist:
   
- Son çəkilən filmlərdən “Cavad xan”ın adını çəkə bilərəm. Bu, Azərbaycan masştabında yaxşıdır. Dünya kinosuna çıxmaq üçün qlobal və düşündürücü mövzularda filmlər çəkilməlidir. Kinomuzun dünya səviyyəsində olması üçün bu sahədə köklü dəyişikliklər olmalıdır. 
   Şamil Azadlı - ADMİU-nun 3-cü kurs tələbəsi, kinorejissor:
   
- Etiraf edək ki, rejissorlarımız subyektiv və obyektiv səbəblərdən zəif filmlər ortaya qoyublar. Dünya kinosuna çıxışsa marketinqdən başqa, rejissorların təcrübəli olmasından daha çox asılıdır. Bu gün tamaşaçıların maraq dairəsində olan detektiv və kriminal filmlər də Azərbaycanda çəkilmir.
   Son dövrlərdə isə Şamil Nəcəfzadənin filmi digərlərindən bir qədər fərqlənir. Müasir kinomuzun problemləri çoxdur. Güclü ssenaristlər, savadlı kadrlar (rejissor, operator və b.) çox azdır. Kinomuza himayədarlıq edənlər yoxdur, çünki sponsorlar bizim rejissorlara, filmlərimizə inanmırlar.
   
   Bunlar gənclərin və onlara kinonun sirlərini öyrətməyə çalışan müəllimlərin fikirləri idi. Gələn sorğumuzda peşəkarların fikirlərini öyrənməyə çalışacağıq.
   

   Könül MAYILOVA