Bugünlərdə Azərbaycan Kinematoqrafçılar İttifaqının kino zalında Azərbaycanın Milli Qəhrəmanı Naiq Yusifova həsr olunan filmin təqdimatı olub. Qeyd edək ki, sözügedən film Milli Məclisin deputatı Qənirə Paşayevanın ssenarisi və dəstəyi, telejurnalist Etibar Məmmədovun rejissorluğu ilə çəkilib. Təqdimetmə mərasimində çıxış edən filmin təşəbbüsçüsü Q. Paşayeva filmin çəkiliş prosesindən danışıb və belə qəhrəmanların təbliğinin Azərbaycan cəmiyyəti üçün çox vacib olduğunu bildirib: “Onlar yaşlarının ən gözəl vaxtında şəhid olublar. Naiq Yusifov və onun kimiləri Azərbaycan gəncləri üçün örnəkdirlər. Bu qəhrəmanlarla yanaşı, onların ailə üzvlərini də təbliğ etməliyik. Çünki valideynləri də onlar kimi qəhrəmandırlar. Belə ailələri gənc ailələrə tanıtmalıyıq. Naiq Yusifovun nəslindən çox qəhrəman çıxıb. Onların arasında Sovet İttifaqı Qəhrəmanı da var”. Q. Paşayeva Azərbaycan telekanallarında belə filmlərin nümayişinin davamlı olmasını arzu etdiyini dilə gətirib.
   Millət vəkili Azərbaycanın milli qəhrəmanları haqqında internet saytının yaradılacağını da vurğulayıb: “Bu saytın da təqdimatı olacaq. Hər şeyi dövlətin etməsini istəyənlər var. Bəs dövlət kimdir? Dövlət elə bizik də. Bunu hamımız anlamalıyıq. İmkanlı şəxslərimiz bu məsələlərə dəstək verməlidirlər. Biz qəhrəmanlarımızı nə qədər öyrənib, öyrətsək, o qədər çox qəhrəmanımız olacaq”.
   Sonra film nümayiş etdirilib.
   Məlumat üçün bildirək ki, Naiq Yusifov 5 yanvar 1970-ci ildə Tovuz rayonunun Ağdam kəndində anadan olub. Qarabağ müharibəsi başlayanda könüllülərdən ibarət dəstələrdən birinə yazılıb. 24 mart 1992-ci il tarixdə Tovuzun Koxa-Nəbi kəndinə hücum edən ermənilərlə döyüşdə Naiq Yusifov qumbaranı sinəsinə sıxaraq partladıb, bir neçə düşməni məhv edib, özü isə şəhid olub. Azərbaycan Prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı fərmanı ilə Yusifov Naiq Nəsir oğluna ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verilib.
   Vaxtilə təhsil aldığı orta məktəb qəhrəmanın adını daşıyır.