Fevralın 18-dən 21-dək Moskvada “Zolotoy Vityaz” II Beynəlxalq ekoloji filmlər kinoforumu keçiriləcək. Festivalın rəsmi internet saytına istinadla bildirilib ki, kinoforumun devizi “Ekologiyanın canı - bəşəriyyətin xilası”dır. Kinoforumda Azərbaycan “Naxçıvanda qış” sənədli filmi ilə təmsil olunacaq. “Salnamə” sənədli filmlər studiyasında hazırlanan filmin rejissoru Tahir Əliyev, ssenari müəllifi Mətləb Yaqubovdur. Kinoforum Rusiya Təbii Resurslar və Ekologiya Nazirliyi, Kinematoqrafçılar İttifaqı, “Mesnıye” Gənclər Ekoloji Hərəkatı, “Ekoqrad” Fondunun təşkilatçılığı ilə Mərkəzi Kinematoqrafçılar Evində keçiriləcək. Forumun yaradıcısı və daimi prezidenti Rusiyanın xalq artisti Nikolay Burlyayevdir.
   Onun fəxri qəyyumları Moskva və bütün Rusiyanın patriarxı Kirill, Federal Şuranın sədri Sergey Mironov, Kinematoqrafçılar İttifaqının sədri Nikita Mixalkov və başqalarıdır. Tədbirdə Rusiya, Azərbaycan, Belarus, Bolqarıstan, Bosniya və Hersoqovina, Gürcüstan, Qırğızıstan, Serbiya, Ukraynadan 56 sənədli film nümayiş olunacaq.
   Forumun müsabiqədənkənar proqramında ekoloji gənclər təşkilatının və “Vita” Heyvanların hüquqlarını müdafiə mərkəzinin hazırladığı filmlər də nümayiş etdiriləcək.