Hollivudda belə bir tendensiya mövcuddur ki, müharibə mövzusuna həsr olunmuş filmlər öz xərcini ödəmədiyi üçün kommersiya baxımından sərfəli deyil. Ona görə də Hollivudun tarixində II Dünya müharibəsindən bəhs edən filmlərin sayı barmaqla sayılacaq qədərdir. Bəlkə də, bu tendensiyanın yaranmasına II Dünya müharibəsinin ilk dövrlərində ABŞ-ın tutduğu mövqe səbəb olub. Tarixdən məlumdur ki, əgər Perl-Xarbor olmasaydı, ABŞ müharibəyə Hitlerin müttəfiqi qismində qoşulacaqdı. Amma Perl-Harborun məhvindən sonra hətta Hitlerin ən qatı tərəfdarları belə səslərini kəsmək məcburiyyətində qaldılar. Amerika kimi qüdrətli bir dövlət belə təhqiri bağışlaya bilməzdi.
   
   Düşünülmüş dramaturgiya və ulduzlar
   
   1990-cı illərin sonu, 2000-ci illərin əvvəllərində Hollivud yenidən «öz müharibələrinə» qayıtdı. Ancaq bu tamam başqa yanaşma idi. İstər II Dünya müharibəsindən bəhs edən «Sıravi Rayanı xilas edərkən», «Perl-Harbor», «Düşmən qapı arxasında», istərsə də Amerika ordusunun Vyetnam, İraq, Somali və Serbiyada apardığı hərbi əməliyyatları təsvir edən «Biz əsgər olmuşuq», «Qara şahin», «Döyüş qaydaları» filmlərində Amerikanın hərbi qüdrəti, Amerika əsgərlərinin qəhrəmanlığı təbliğ olunurdu. Bu filmlərin əksəriyyəti maliyyə cəhətdən uğursuz alınsa da, istehsalçılar əl saxlamırdılar. Hətta son illər həyatda da, kinoda da fasiləsiz müharibələr aparan amerikalılar müharibəyə şounun əsas elementini - düşünülmüş dramaturgiyanı və ulduzları əlavə etdilər. Ucsuz-bucaqsız şou azmış kimi, Amerika əhalisi bir az da reallıq tələb edir. Odur ki, «Sıravi Rayanı xilas edərkən» filminin də, «Perl-Harbor»un da əsasında real hadisələr dayanır. Bu filmlərdə müharibə artıq açıq şəkildə təsvir olunur. Amerikanın müharibə aparmasının səbəbləri açıqlanır, müharibə bir növ qanuniləşir. Filmlərin əsasında isə real faktlar dayanır. Məsələn, Uilyam Fridkinin «Doyüş qaydaları» filminin əsasında hansısa ərəb ölkəsində silahsız kütləyə atəş açmaq əmri vermiş amerikalı zabitin məhkəmə prosesində baş verənlər əks olunub. Bu film həm də müharibə üzərində qurulmuş məhkəmədir. Müəlliflər qəhrəmanlarla birlikdə müharibəyə də bəraət qazandırırlar.
   
   Dəlixana müharibə və dünyanın modeli
   
   Hazırda Rusiya kinosunda da müharibə mövzusuna müraciət edən rejissorların sayı xeyli artıb. Aleksey Balabanov, Andrey Konçalovski, Nikolay Stambula, İqor Talpa, Sergey Snejkin rus-çeçen müharibəsindən bəhs edən filmlər çəkiblər. Bu ölkədə müharibə haqqında belə çoxlu sayda film ancaq Böyük Vətən müharibəsindən sonra çəkilib. Lakin həmin dövrdə mövqelər, hisslər, vurğulanmalı məqamlar məlum idi. Böyük Vətən müharibəsində konkret düşmən - işğalçı vardı və ondan müdafiə olunmaq hamının haqqı və borcu idi. Hamı öz vətəndaş mövqeyini göstərməyə can atırdı. Çeçenistana münasibət isə başqa cürdür. Oradakı situasiyanı sovet hərbi filmlərinin ruhuna oturtmaq mümkün deyil. Odur ki, rejissorlar eyni zamanda həm qiymət verməkdən çəkinməyə, həm də əks tərəfə münasibətdə siyasi korrekturaya əməl edərək, yumşaq davranmağa, onları qıcıqlandırmamağa çalışırlar. Yəni, onlar konkret müharibədən yox, müharibənin içindən müəyyən süjetlər, mövzular çıxararaq danışmağa cəhd edirlər. Belə mövzulardan biri insan alveridir. Rejissor A. Balabanov «Müharibə», İ. Talpa isə «12-ci payız» filmində bu mövzuya müraciət edib. Adıçəkilən rejissorların hərəsi bir neçə real faktın əsasında öz dramlarını yaradıblar və hər ikisi öz filmlərində vurğulayırlar ki, müharibədən deyil, insanlardan bəhs edən film çəkiblər... Çeçenistan mövzusunu aktual edən başqa bir cəhət hərbi əməliyyatlardan populyar teleseriallar üçün maraqlı fon kimi istifadə olunmasıdır. Rusiyanın bu yaxınlarda yayımlanmış bir neçə serialında bunu müşahidə etmək olar. A. Konçalovski isə tamam başqa yolla gedib. Rejissor müharibə mövzusuna yanaşmasını tamaşaçılara dəlixana timsalında təqdim edib. Onun «Dəlilər evi» filmində hadisələr çeçen-inquş sərhəddində yerləşən psixo-nevroloji xəstəxanada baş verir. 1995-ci ildə həkimlər xəstələri baxımsız qoyaraq xəstəxananı tərk edirlər. Konçalovskinin filmində hərbi əməliyyatlar və sənədli zorakılıq yox, metaforalar üstünlük təşkil edir. Bir neçə il əvvəl qəddar qansoranlar ordusundan bəhs edən bir triller kassa gəlirlərinin məbləğinə görə rekord vurdu. «Gecə qarovulçusu» filmi premyera günündən başlayaraq 14,7 milyon dollar topladı və ilk rus blokbasteri oldu. «Gecə qarovulçusu» gəlir məbləğinə görə hətta «Üzüklər hökmdarı: Kralın qayıdışı»nı da (ondan beş dəfə çox gəlir toplayaraq) geridə qoymuşdu. Elə bu uğur da rus kinematoqrafçılarını filmin davamını çəkməyə ruhlandırdı - bir-birinin ardınca «Gündüz qarovulçusu» və «Qəmgin qarovulçu» filmləri çəkildi. Hazırda «Qarovulçu»lar Rusiyada Hollivudun «Ulduz müharibələri»nə bərabər tutulur. On il (90-cı illər) Amerika filmlərinə baxmış ruslar Hollivud stilində çəkilmiş yerli qəhrəmanları görməyi çoxdan arzulamışdılar. Filmin yaranması həm də rus kino sənayesinin inkişaf mərhələsinə təsadüf edirdi.
   
   «Kurtlar vadisi» istisnadır
   
   Türkiyədə kino son illər, demək olar ki, yenidən kəşf edilir. Bir-birinin ardınca həm səviyyə, həm də texniki keyfiyyət baxımından Qərb filmlərindən geri qalmayan ekran əsərləri çəkilməyə başlayıb. Onlar bu yaxınlara qədər baxdığımız, qəmli, kədərli eşq macəraları danışan, İbrahim Tatlısəsin düşük filmləri kimi tamaşaçını aldatmaq funksiyası daşıyan ənənəvi türk kinosundan kəskin şəkildə fərqlənir. Bu gün türk kinosu Kann, Venesiya, Berlin kimi A kateqoriyalı beynəlxalq kinofestivallarda iştirak edir və nüfuzlu mükafatlara layiq görülür, türk aktyorları Hollivuda dəvət olunur. Üstəlik rus həmkarlarından fərqli olaraq mafiya nümayəndələrini, cinayətkarları, narkomanları, qatilləri yox, normal, adi insanların obrazlarını yaradırlar. Bir sözlə, türk kinematoqrafiyası canlanır. Paralel olaraq kino sektoru da inkişaf edir, kinoteatrlar genişlənir, yenilənir, tamaşaçıların sayı və gəlirin məbləği də artır. Türk rejissorları göstərirlər ki, əgər 1994-cü ildə bütün Türkiyə üzrə yerli filmlərə tamaşaçıların cəmi 2 faizi maraq göstərirdisə, indi bu rəqəm artıq 60 faizə yaxındır. Bütün bunlardan sonra məlum oldu ki, tamaşaçı günahsız imiş. O kinoya baxmaq istəyir, amma lazım olan kino yoxmuş. Amerika, Türkiyə və Rusiyada kino sahəsi qarışıq mərhələlərdən keçsə də, bu hansısa işlək bir mexanizm üzərində olub. Bunun nəticəsidir ki, adları çəkilən ölkələrdə kinodan danışmaq mümkündür.
   
   İntiqam HACILI