Hər il olduğu kimi, 2009-cu ildə də bütün dünyada sanbalı ilə seçilən ənənəvi ədəbi və sənət mükafatları öz sahiblərini tapdı. Əslində məşhur mükafatlara layiq görülənlər öz yaratdıqları ilə qarşıdakı illərdə həmin sahənin janr və mövzu, mövzuya yanaşma tərzinə yenilik gətirdiklərinə görə onlara bu qədər diqqət yetirilir.
   
   
   «Gerçəkliyin təsvirinə görə» Nobel mükafatı
   
   2009-cu il üçün ədəbiyyat üzrə Nobel mükafatı 56 yaşlı alman yazıçısı xanım Herta Müllerə verildi. Ömrünün yarısını sosialist Rumıniyasında yaşamış yazıçı xanım Nobel mükafatı laureatı titulu ilə yanaşı 1,4 million ABŞ dolları da qazandı.
   İsveç Akademiyasının daimi katibi Piter Enqlund mükafat komissiyasının qərarını açıqlayarkən söyləmişdi ki, xanım Müller bu mükafata «məhrumların halını zəngin poetik dillə və nəsrə xas gerçəkliklə təsvir edən» müəllif kimi layiq görülüb.
   Yazıçı hələ 1987-ci ildə Çauşesku rejiminin nə zaman devriləcəyini gözləmədən həyat yoldaşı ilə Almaniyaya mühacirət edir, əsl şöhrət və hörməti burada tapır. Herta Müller öz əsərlərində avtoritar rejimdə yaşamağa məhkum olan insanların adi həyatını son dərəcə realist qələmlə təsvir edir. Nobel mükafatına qədər onun 19 kitabı, esselər silsiləsi iyirmidən artıq ədəbi mükafata layiq görülüb. Təbii ki, həmin mükafatlar sanbalına görə Nobel mükafatı ilə müqayisəyə gəlməsə də, hər halda sənətə verilən dəyər kimi müəllifə əzizdir.
   
   Nobellə yarışan Pritsker mükafatı
   
   Bu mükafat 1979-cu ildən hər il memarlıq sahəsindəki ən uğurlu layihələrin müəllifinə təqdim edilir. Bütün dünyada «Hyatt» mehmanxana şəbəkəsinin sahibi olan Pritsker ailəsi bu mükafatı təsis etməklə memarlığa görə Nobel mükafatının verilməməsi kimi ədalətsizliyi bir növ ödəmək istəyib. Laureata «Nobel statuslu» mükafatla yanaşı, 100 min ABŞ dolları hədiyyə edilir.
   Tərkibi hər il təzələnən beynəlxalq münsiflər heyəti layihə zamanı tətbiq edilən memarlıq ideyalarının innovasiya xarakterli olmasını əsas meyar seçirlər.
   2009-cu ildə Pritsker mükafatı isveçrəli memar Peter Sumtora verilmişdi. 1946-cı ildə Bazeldə anadan olmuş Peter Sumtor vətənində və Nyu-Yorkda memarlıq təhsili alıb. Hər il həm İsveçrədə, həm də Avropanın digər ölkələrində maraqlı memarlıq layihələrini təqdim edən P.Sumtor otuz yaşında ikən öz layihə bürosunu açıb.
   
   81-ci «Oskar» təqdimatı
   
   2009-cu il fevralın 22-dən 23-nə keçən gecə Los-Ancelesdəki «Kodak» kinoteatrında 24 əsas nominasiya üzrə Amerika Kino Akademiyasının seçdiyi qaliblərin adları açıqlandı.
   «Ən yaxşı əsas kişi rolu» nominasiyasında Şon Penn («Harvi Milk»), «Ən yaxşı qadın rolu» nominasiyasında isə Keyt Uinslet («Oxucu») qaplib gəldilər.
   İlin ən yaxşı filmi isə «Gecəqondu milyonçusu» hesab edildi. Yeri gəlmişkən, bu film ən yaxşı rejissor, operator və montaj işinə, ən yaxış mahnıya və ən yaxşı musiqi müşayiətinə görə, ən yaxşı səs və ən yaxşı uyğunlaşdırılmış ssenariyə görə də «Oskar» mükafatı qazandı.
   İlin ən yaxşı xarici filmi isə Yaponiya kinematoqrafçılarının «Yoladüşmə» bədii lenti hesab edildi.
   «UOLL-İ» cizgi filmi isə «Ən yaxşı tammetrajlı animasiya filmi» kimi «Oskar» mükafatı qazandı.   

 «Qremmi-2009»  musiqi seçiminin yönəldicisi
   
   Tale belə gətirib ki, okeanın o tayında təsis edilmiş bir çox sənət mükafatı bütün dünya insanlarının əksəriyyətinin musiqi zövqünün formalaşmağına təsir göstərir. Nüfuzlu «Qremmi» mükafatının qaliblərinin sənət karyerasında isə belə bir ödül sahibi olmaq çox məqamı, o cümlədən qazanacağı qonorarın məbləği kimi disklərin tirajı da yaxşılığa doğru dəyişir.
   108 kateqoriyada 30 musiqi janrı üzrə ötənilki qaliblərin adlarını sadalamaq fikrimiz yoxdur. Yalnız ən mühüm nominasiyaların qaliblərini yada salacağıq. Müğənni Con Mayer «Rok mahnısının ən yaxşı solo ifası» və «Pop mahnısının ən yaxşı kişi ifaçısı» görə «Qremmi» qazandı. Britaniyanın «Coldrlay» qrupunun «Viva la Vİda» kompozisiyası ilin ən yaxşı kompozisiyası seçildi. «İlin albomu»nu isə Robert Plant və Alison Krauss yazdırıbmış. Onlar bu mükafatla yanaşı daha dörd nominasiya üzrə də qalib gəlmişdilər. «Pop üslubunda ilin ən yaxşı albomu»na görə ingilis müğənnisi Daffinin albomu «Qremmi» aldı.
   
   «Emmi» - Amerika teleakademiyasının mükafatı
   
    Teleakademiya bədiilik və yüksək sənətkarlıq baxımından heç də birmənalı qarşılanmayan teleserialları, çoxseriyalı televiziya filmlərini dəyərləndirir. «Dram» və «Komediya» bölmələri üzrə ilin ən yaxşıları mükafatlandırılır.
   Ötən il AMC kanalında yayımlanan «Ağılsızlar» serialı mərasimin favoriti kimi xeyli mükafat qazandı.
   Televiziya filmi janrında əsas mükafat cəmiyyətdən bir qədər uzaq və yoxsulluq içində yaşayan ana və qızın taleyindən bəhs edən «Boz bağlar»a verildi. Həmin filmdə çəkilmiş aktrisa Cessika Lənq aktyor işinə görə əsas mükafat aldı.
   
   2010-cu ilin ilk mükafatı - «Qızıl qlobus»
   
   Bu il yanvarın 17-də keçirilmiş «Qızıl qlobus» mükafatının 67-ci təqdimat mərasimində ötənilki kino uğurları dəyərləndirildi. Belə ki, «Avatar» ilin ən yaxşı dramatik filmi, «Veqasda toyaxşamı» ən yaxşı komediya, «Ağılsızlar» ən yaxşı dramatik, «Mahnı» isə ən yaxşı komik serial kimi dəyərləndirildi.
   Martin Skorseze isə dünya kinematoqrafına verdiyi böyük töhfəsinə xüsusi «Qızıl qlobus»a layiq görüldü.
   Avropa kinoakademiyasının mükafatını qazanmış «Ağ lent» filmi xarici dildə ən yaxşı film kateqoriyasında «Qızıl qlobus» aldı.
   
   Hazırladı: Gülcahan MİRMƏMMƏD