Bir çoxlarına görə, kino bütün kollektivin (rejissor, aktyor, ssenarist, bəstəkar, operator və s.) müştərək əməyidir. Kinonun uzunömürlü olub-olmamasında musiqi də rol oynayır. Bütün bunları nəzərə alaraq musiqiyə həm də filmin uzun ömürlülüyünə, yaş göstəricisinə təsir edən amil də demək olar.
   Dünya kinosunda əksər filmlər həm də tamaşaçılar arasında hitə çevrilmiş “soundtrack”a (musiqisinə) görə sevilir və baxılır. Lakin bizdə?.. Bu məqsədlə də bəstəkarlarımız arasında son dövrlər filmlərimizə bəstələnən musiqilərin vəziyyəti ilə bağlı sorğu apardıq.

   
   Oqtay Rəcəbov:
    «Son zamanlar bəstəkarlarımız müasir filmlərə keyfiyyətli musiqilər yazır. Filmə musiqi bəstələmək elə də asan iş deyil, bu bəstəkardan böyük bacarıq tələb edir. Bəstəkar rejissorun qoyduğu tələblərə əməl etməlidir. Hesab edirəm ki, son dövr çəkilən filmlərdə uğurlu musiqi nümunələri var. Cavanşir Quliyevin, Rauf Əliyevin, Azər Dadaşovun müasir və milli ruhda bəstələnmiş musiqiləri filmlərimizi daha da baxımlı edir.
   Musiqi illər keçdikcə dövrün tələblərinə uyğun olaraq dəyişir, müasir dövrün tələblərinə uyğunlaşır. Məncə, bu, bizim bəstəkarlarda alınır. Filmlərə müxtəlifjanrlı musiqi bəstələmək isə bəstəkarın savadlı və peşəkar olmasından çox asılıdır».
   
   Cavanşir Quliyev:
   «Kino musiqisini filmlərdən ayırıb qiymətləndirmək doğru deyil. Çünki bu tətbiqi musiqidir. Məncə, qiyməti filmə baxdıqdan sonra vermək lazımdır. Son illər bəstələnən musiqilər çəkilən filmlərə layiqdir. Bildiyiniz kimi, kino musiqisi əsasən rejissorun istəyi ilə yazılır, burada bəstəkarın istəyi elə də çox nəzərə alınmır. Sovet dönəmində musiqilərin üzərinə qoyulan yük, onlara olan tələbat başqa idi. İstənilən janrda filmə musiqi bəstələmək bəstəkarın borcudur. Əgər bəstəkar peşəkar deyilsə, o zaman problemlər ola bilər».
   
   Sərdar Fərəcov:

   «Azərbaycan kinosu bu gün yeni inkişaf mərhələsinə daxil olmuşdur. Kinonun tərkib hissələrindən biri də filmlərin musiqisidir. Filmlərimizin tarixinə nəzər salsaq, görərik ki, “Arşın mal alan” ilk professional musiqili film olubdur. Onu da yadımıza salaq ki, kinomuzun da musiqi beşiyinin başında Üzeyir Hacıbəyov durur. Nəhəng bəstəkarlarımızdan Q.Qarayevin “Qoyya”, “İnsan məskən salır”, “Onun böyük ürəyi”, “Uzaq sahillərdə” və s. filmlərə, o cümlədən Tofiq Quliyevin bir çox ekran əsərinə yazdıqları musiqilər bu gündə sevilə-sevilə dinlənilir. Fikrət Əmirov, Cahangir Cahangirov, Xəyyam Mirzəzadənin əsərləri böyük konsert salonlarında səslənməklə yanaşı, filmlərdən də tamaşaçıların qəlbinə yol tapıb. Bu şəxsiyyətlərin kinomuzda böyük rolu olub. Bu gün də Azərbaycan filmi artıq yeni mövzulara üz tutub istiqamətlənir. Yeni gələn kino nəsli öz sözünü deməyə başlayır. Son illər «Qala”, “Cavid ömrü” filmlərinin bəstələri də xoşuma gəlir. “Qala” filmi Cahangir Zülfüqarovun filmdə ilk bəstəkar işi olmasına baxmayaraq, çox təsirli, güclü alınmışdır. “Cavid ömrü” filminin bəstəkarı Cavanşir Quliyev, artıq öz sözünü demiş, sənətdə bişmiş bir bəstəkardı. Bəstəkarlar Rafiq Əliyevin də əməyini xüsusilə qeyd etmək istərdim. Son illərdə onun yazdığı musiqilər psixoloji baxımdan çox fərqlənir. “Cavad xan” filminin bəstəkarı özüm olduğum üçün bu haqda danışmaq istəməzdim.
   Bəstəkarın filmlərə müxtəlif janrda musiqi bəstələməsi onun daxili aləminin zənginliyinə dəlalət edir. Elə bəstəkarlar var ki, onlarda komik ritmlər, dinamika alınmır, daha çox lirikaya meyillidirlər. Bunun üçün də gərək bəstəkar həmişə öz üzərində işləsin və özündən əvvəlki ustadlardan öyrənsin”.
   
   Azər Dadaşov:
   «Bütün filmlərimiz mənə doğma və əzizdi. Lakin filmlərimizin musiqilərini dünya kinosunun musiqiləri ilə müqayisə edəndə bizim filmlər bu məsələdə hələ ki, irəlidədir. Musiqinin filmdə rolu olduqca böyükdür. Musiqi zəif filmi güclü etmək əzmindədir. Filmlərimizin musiqisində uğurlarımızla yanaşı, çatışmayan cəhətlərimiz də var. Bir müəllim kimi kino musiqimizə 5 ballıq sistemdə 4 qiymətini verərdim. Bəzən filmlərdə musiqilərin uğursuz alınmasının da öz səbəbləri olur ki, bunlardan biri də rejissorun peşəkar bəstəkar axtarması yox, dost bildiyi bəstəkarlara müraciət etməsidir. Təbii ki, burda həmin adamın professionallığından çox, onun dostluq münasibətləri nəzərə alınır. Bəlkə də, filmin musiqi işinin zəifliyinə gətirib çıxaran amillərdən biri də budur. Məncə, belə məsələlərdə rejissor seçimi doğru etməli, obyektiv olmalıdır.
   Hər zamanın özünəməxsus texniki imkanları var. İndiki dövrdə musiqilər kompyuterdə elektron formada və s. yazılsa da, bəstəkar həmişə bir şeyi düşünməlidir. İstənilən halda bəstələnmiş musiqidə bəstəkarın ruhu, qəlbi duyulmalıdır”.
   Belə... Sorğumuzun nəticəsini nəzərə alıb müasir filmlərimizə bəstələnən musiqilərin hələ də dünya musiqi arenasına çıxarılacaq səviyyədə olmadığını təəssüflə qeyd edə bilərik. Əgər müasir filmlərimizə bəstələnən musiqilər tamaşaçının yadında qalmayıb, elə filmdən sonra unudulursa, bunda tamaşaçı yox, bəstəkarlarımız günahkardır. Ən azından bu gün yaddaşlarda Üzeyir Hacıbəyovun, Qara Qarayevin, Fikrət Əmirovun, Tofiq Quliyevin kino musiqiləri hələ də yaşayırsa, demək, müasir filmlərə çəkilən yaxşı musiqilər də həmin sırada yer ala bilər. Təbii ki, söhbət zövqlü tamaşaçıdan və peşəkar bəstəkarlardan gedir...
   
   Yeganə CANSAİL