Filmlərimizi dünyada necə tanıtmalı?
   
   Azərbaycan kinosunun ən böyük çatışmazlıqlarından biri də distribüsiya işidir. Milli kinematoqrafiya nümunələrimizin istər ölkə daxilində, istərsə də beynəlxalq miqyasda tanıtımı və satışı sahəsində problemlər hələ də qalmaqdadır. Dövlət tərəfindən filmlərimizin istehsalına ayrılan vəsait artırıldıqca istehsalçı şirkətlərin də sayı artır. Amma xarici kino bazarına çıxmaq üçün filmlərimizdə nə çatışmır? Məsələyə aydınlıq gətirmək məqsədilə mütəxəsiss fikirlərini öyrəndik.
   
   
   Əli İsa Cabbarov (“Dərviş” prodüser mərkəzinin rəhbəri, kinorejissor):
   - İlk olaraq, onu bildirim ki, film istehsal edən prodüserlərin, şirkətlərin yayımla, satışla məşğul olmaları real deyil. Çünki sırf bu istiqamətə yönəlmiş xüsusi yayım şirkətləri olmalıdır. Bu məqsədlə "Dərviş" prodüser mərkəzi olaraq həmkarlarımızla birgə çox yaxın gələcəkdə "Azəreksportfilm" adlı bir təşkilat təsis etməyi düşünürük. Yəni milli filmlərimizin təbliği, yayımı, satışı, eləcə də beynəlxalq miqyasa çıxması üçün bu, kinoindustriyamızda, demək olar, təməl addım olacaq. Bu baxımdan birgə film istehsalı çox vacibdir. Avropanın bizi anlayacağı dildə "danışmalıyıq".
   
   Xaqani Həşimov («Ritm prodakşn»ın direktoru):
    - Bu gün daha çox kommersiya filmləri satılır və tələbat buna böyükdü. Belə filmlər insanları daha çox cəlb edir. Xarici bazara film çıxarmaq üçün ilk növbədə müasir həyatın problemlərindən və gələcəkdən bəhs edən, tamaşaçını maraqlandıran ssenari yazılmalıdır. Bizdə hələ ki, belə filmlər çəkilmir. “40-cı qapı” artıq 20 beynəlxalq festivalda iştirak edib və 8 mükafat qazanıb. Filmi festivallarda adətən çox bəyənirlər, amma bugünkü bazar üçün bu film «art house», yəni müəllif filmi olduğundan o qədər də önəmli deyil. Amma bir neçə film şirkətləri olmuşdur ki, onlar bizə filmin distribyütoru olmağı təklif etmişdilər. Onların da şərtləri bizi qane eləmədi.
   
   Leyla Dostəlizadə («Nərimanfilm» şirkətinin prodüseri):
   - Bazara iddialı film maraqlı olmalı və yüksək professional şəkildə çəkilməlidir. Ssenari tamaşaçıları maraqlandırmalıdır. Əgər film bütün bunlara cavab verirsə, əlbəttə ki, o, öz tamaşaçısını mütləq tapacaq. Bu gün Avropada, Hollivudda professional filmlər çəkilir. Xarici bazarda tamaşaçı kütləsi qazanmaq üçün biz də nəsə yenilik etməliyik. O filmlərdə tamaşaçıya ölkəmiz, adət-ənənələrimiz haqqında, nəsə yeni bilik verməliyik.
   Əlbəttə, hər bir insan film çəkəndə ümid edir ki, bunun nəticəsi yaxşı olacaq. Biz də gözləyirik ki, filmimiz festivallara da gedəcək, mükafatlar da alacaq, xarici kino bazarına da çıxacaq... Amma hələ ki, bu ümiddi... İnşallah konkret bir iş olanda onda biz deyərik ki, hə, biz bunu etdik.
   
   Şamil Əliyev (kinorejissor):
   - Ümumiyyətlə, ilk növbədə dünya kino bazarında aktiv şəkildə iştirak edib, bazarın tələbini öyrənmək lazımdır. Kino bazarı geniş məna kəsb edir. Çünki orada müxtəlif tamaşaçı kateqoriyalarını nəzərdə tutan amillər var. Məsələn, elə bazar var ki, orda bloqbasterlər, meynstrim, «action» filmləri, yaxud «art house» və s. daha çox yer ayırır. Bu, bilirsiz, kino «ekspertiza»nın işidir. Bu özü çox böyük prosesdir. Bazarı daim öyrənmək, «ekspertiza» ilə məşğul olmaq lazımdı. Bizdə 1-2 nümunə vardır ki, həmin filmlər bazara çıxarılıb. Məsələn, «Dərviş» prodüser mərkəzi öz filmlərini bazara təqdim edə bilir. Amma bazarda iştirak etmək üçün girişhaqqı, zalların kirayəsi, bukletlər hazırlamaq kimi tələblərin hamısını nəzərə alsaq, böyük məbləğdə vəsait lazım olduğunu görərik. Hələ bununla mütəmadi şəkildə məşğul olan kimsəni görməmişəm.
   
   Tofiq Musayev («Sınaqfilm» prodüser mərkəzinin direktoru):
    - Əvvəla, xarici bazara film çıxarmaq istəyiriksə, birinci maraqlı ssenarilər yazılmalı və müasir parametrlərə uyğun işlər çəkilməlidir. Çünki ən azından filmi festivala göndərib nümayişinə baxanda ondan utanmamalıyıq. Bütün bunlar olandan sonra,yəqin ki, filmlərimizi xarici bazarlara da satmaq olar. «Sınaqfilm»də çəkilən hər bir film festivala gedə bilər. Çingiz Rəsulovun «Kuklalar» filmini beynəlxalq festivallara göndərməyi düşünürük. Bundan başqa, “Ölüm növbəsi” Türkiyə film festivallarına qatıla bilər. Məncə, son dövr dövlət sifarişi ilə çəkilən filmlərimizin hər birini festivallara göndərmək olar.
   
   Mütəxəssislərimiz filmlərimizin keyfiyyətindən, kinosənayedən danışdılar. Amma nədənsə kinematoqrafçılarımız filmlərin satışı və dünyaya çıxarılması ilə peşəkar səviyyədə məşğul olmaq istəmirlər. Söylənilən bütün fikirlər bir növ gələcək zaman müstəvisində olduğundan filmlərimizin taleyi ilə bağlı konkret heç nə söyləyə bilmirik. Xarici bazara film çıxarmağın yolu isə bu müstəvidən yox, məhz müasir zamanın damarını tutmaqdan keçir...
   
   Yeganə Cansail