O, fərdi ifa tərzi, fərqli səs tembri, orijinal səhnə dinamikası və çevik manevrləri ilə seçilir. Milli kino və teatrımızda yaratdığı bir-birindən maraqlı obrazları, təzadlı xarakterlərə verdiyi sənət ömürlüyü ilə sevilən aktrisa kinomuzun ötkəm Xalidəsindən («Onun bəlalı sevgisi») oğlunu itirmiş qəhrəman Əsli anasınadək («Qala» filmi) Azərbaycan qadının koloritini, özünəməxsusluğunu qəribə bir sadəlik, belə demək mümkünsə, çılpaqlığı ilə göstərə bilib. Tamaşaçı onun rollarında standartları, qəlibli məziyyətləri hiss etməyib. Bir aktrisa kimi bu, bəlkə də Sona Mikayılovanın ən böyük xoşbəxtliyi, uğurudur. Onunla söhbət də elə qəlibsiz, mizansız oldu. Aktrisa müsahibəsində sənətə gəlişindən sənətdənkənar yaşantılarınadək bəzi həyat məqamlarına aydınlıq gətirdi.
   
   
   - Doğrusu, bu sənətə gəlməyimə səbəb anam olub. Çünki o həvəskar teatrda işləyirdi və məni də özü ilə məşqlərə aparardı. Bəzən elə oradaca, anamı gözləyə-gözləyə epizodik rolların ifaçısına çevrilirdim. Atam isə kinonu sevir və məni mütəmadi kinoteatrlara aparardı. Bu minvalla özüm də bilmədən iki böyük sənət sahəsi - kino və teatrla iç-içə böyüdüm. Demək olar ki, on yaşımdan bu sənətin içindəyəm. İstənilən yaradıcılıq sahəsinin, xüsusən kino və teatrın qapısının kandarından keçdinsə, sözün yaxşı mənasında, o səni sovurub salır içəri, aparır lap 40-cı qapısına (Gülür). Amma, əsla narazı deyiləm, yaxşı ki, sənət var və mən bu sənətdəyəm.
    - Kandarından girdiyiniz sənət sonradan sizi Moskva Dövlət Kinematoqrafiya İnstitutuna apardı. Tələbə Sona Mikayılovanı necə xatırlayırsınız?
   - Mənə elə gəlir ki, insan həyatının ən maraqlı illəri məhz tələbəlik dövrüdür. Çılğın gənclik, qayğısız günlər, kövrək arzular və bir də hər şeyin öhdəsindən gələ bilmək enerjisi. Bax, o illərin energetikası bütün ömrə bəs edir. Mənim də tələbə həyatım maraqlı və rəngarəng olub. Tələbə yoldaşlarım arasında Həmidə Ömərova, Fərqanə Quliyeva, Ötkəm İsgəndərov, Fərhad İsrafilov da var idi. Müəllimimiz Yevgeni Semyonoviç Matveyev bizə Stanislavski məktəbini addımbaaddım tədris edir, deyərdim ki, onu canımıza, qanımıza hopdururdu. İnstitutun dəhlizlərində sənətin böyük simaları Sergey Gerasimov, Aleksey Batalov, Fyodor Bondarçuk kimi böyük sənətkarlarla üz-üzə gəlirdik, onların işlərini görürdük, məncə, bu, böyük xoşbəxtlik idi.
   Amma mənim ən böyük xoşbəxtliyim Yevgeni Matveyevin on beş nəfərlik aktyor kursuna düşməyim və bu sənətin yollarını ondan öyrənməyim olub.
   - Kino və teatrdakı debütünüzü necə xatırlayırsınız?
   - Teatrda debütüm C.Cabbarlının «Dönüş» pyesi əsasında Vaqif İbrahimoğlunun hazırladığı bir tamaşada oldu. Həmin tamaşada bizim bir çox dəyərli aktyorlarımız oynayıb - Muxtar Manıyev, Rasim Balayev, Əminə Yusifqızı və digərləri. Rəfiqəm, aktrisa Fərqanə Quliyeva da tamaşada rol almışdı, amma ailə vəziyyəti ilə əlaqədar o, tamaşanı tərk etməli oldu. Kinoda debütümə gəlincə isə bu, “Onun bəlalı sevgisi” filmində Xalidə obrazı oldu. Baş qadın rollarından birini ifa etmişəm və deyilənə görə pis alınmayıb.
   - Uğurlu debütdən sonra tamaşaçılar bir müddət sizi daha çox epizodik rollarda görürdü.
   - Bilirsiniz, ilk işimdən sonra rejissor Gülbəniz Əzimzadənin iki filminə - “ İmtahan” və “Qaladan tapılan mücrü”yə çəkilmək üçün dəvət alsam da, ailə vəziyyətimlə əlaqədar kino fəaliyyətimdə estafet epizodik rollara keçdi. Təbii ki, övladlarımı böyütməli idim. Düşündüm ki, qadın olaraq həyat missiyamın əsası məhz budur.
   - Bəlkə elə buna görədir ki, yaradıcılığınızda ana obrazı silsiləsi var.
   - Doğrudur, o zamanlar bir-birinin ardınca silsilə ana obrazlarını yaratmalı oldum. C. Məmmədquluzadənin “Ana” əsərində ana, daha sonra Xalq yazıçısı Anarın ssenarisi əsasında ekranlaşdırılan “Cavid ömrü” və Şamil Nəcəfzadənin «Qala» filmlərində yenə ana obrazını yaratmalı oldum. Bəlkə elə buna görə dostlarım mənə zarafatla «dahilər anası» deyirdi (Gülür). Bu sıraya «Ölüm növbəsi» filmini də aid etmək olar.
   - Söz «Qala»dan düşmüşkən, bu filmdə yaratdığınız oğlunu itirmiş Əsli ananın hayqırtıyla söylədiyi «Bütün Azərbaycanı basılmaz qalaya çevirməliyik!» ifadəsi bütünlükdə oğlunu torpaq, vətən uğrunda itirmiş anaların səsini, mərdliyini, dönməzliyini əks etdirir. Obrazın sizdə oyatdığı təəssürat...
   - Təbii ki, ağrılı və həm də şərəfli bir roldu, analıq missiyası... Məncə, içində Vətən yanğısı olan hər kəs gərəkli məqamda elə Əsli ana olur. Azərbaycan qadınının böyüklüyü də elə məhz bundadır.
   - Bəs teatr, səhnə Sona Mikayılovaya nə verdi?
   - Teatr mənə çox şey verdi. Uğurlu debütdən sonra Vaqif İbrahimoğlu ilə yaradıcı iş birliyimiz davam etdi. Bir teatr rejissoru kimi onunla işləmək mənə çox maraqlı idi. Həmin ərəfədə o, öz teatrını yaratdı və mən heç fikirləşmədən həmin teatrda işləməyə qərar verdim. Düşünürəm ki, aktyor daim öz üzərində işləməli, yeniliklər axtarışında olmalıdır. Bu mənada fəaliyyətimin «Yuğ» mərhələsini fərqləndirirəm. Ümumilikdə məndən sənət müəllimimin kim olduğunu soruşsanız, düşünmədən Yevgeni Semyonoviç Matveyev və Vaqif İbrahimoğlunun adını çəkərəm.
   - Hazırda pedaqoji işlə də məşğulsunuz, Mədəniyyət və İncəsənət Universitetində dərs deyirsiniz. Tələbələrin səviyyəsi və incəsənətə bağlılığı sizi qane edirmi?
   - Mənim universitetə gəlməyimə Həmidə xanım Ömərova səbəb oldu. Düzdür, ilk gündən mən aktyor bölməsinə dərs demək istəyirdim, bu da təbii idi, çünki mən aktrisayam və bu sənəti daha yaxşı çatdıracağıma inanırdım. Lakin kinoşünaslıq kafedrası yeni olduğundan bir müddət orada kino tarixindən dərs dedim, buna görə Həmidə xanıma minnətdaram. Hazırda isə gələcək aktyor nəslinə bildiklərimi öyrətməyə çalışıram. Gənclərə çox böyük ümidim var, maraqlı işlər görürəm. Festivallara, müsabiqələrə qatılmaları, müasir tələbləri, incəsənətin meyarlarını dərk etmələri işıqlı günlərimizin hələ qarşıda olduğunu deyir.
   - Yəqin ailədə davamçılarınızın olması genetik kodla bağlıdır...
   - Bəlkə də. Oğlum Mikayılov Mikayıl əvvəl Pantomima Teatrında çalışdı, sonra Oqtay Mirqasımovun kurslarını bitirib rejissuraya meyilləndi. “Nərimanfilm” şirkətində bir tammetrajlı, daha sonra isə qısametrajlı film çəkdi, paralel olaraq filmlərdə rol aldı. Lakin teatr həmişə onu cəlb etdiyindən yenidən teatra qayıtdı. İndi Dövlət Musiqili Komediya Teatrında rejissor kimi tamaşalar qoyur. Balaca oğlum isə Akademik Opera və Balet Teatrının solistidir. Belə deyək də, ailəmiz kiçik bir incəsənət köşəsidir.
   - Özünüzü daha çox həyatda, yoxsa sənətdə bəxti gətirən qadın hesab edirsiniz?
   - Deyim ki, hər şey aşıb-daşır, hər şey gözəldi, yox, amma bu günümdən razıyam. Min şükür ki, həyatda da, sənətdə də, çətin məqamlarımda mənə dayaq olacaq həyat yoldaşım, övladlarım, Həmidə xanım Ömərova, Fərqanə xanım Quliyeva, Ötkəm İsgəndərov kimi sənət dostlarım var. Kinoya dəvət olunuram, tamaşalarda oynayıram. Deməli, mən kimlərəsə gərəkliyəm, məncə, insanın həyatda gərəkli olduğunu bilməsi çox böyük xoşbəxtlikdir.
   
   Söhbətləşdi: Vəfa Təyyarqızı
   
   Fotolar Dövlət Film Fondunun arxivindən götürülüb