Hollivudda nəsil dəyişimi baş verir. Vaxtilə kinofilmlərdə tez-tez gördüyümüz, sevdiyimiz simaların bir qismi tədricən ekranlardan yoxa çıxır. Onların yerinə daha çox yeni simaları görürük. Əslində bu, təbii prosesdir. Həyatda olduğu kimi, kinoda da yeni nəsil özündən əvvəlkini əvəz edir. Bəs, dünya kino sənayesinin mərkəzi sayılan Hollivudda yeni simalar kimlərdir? Onlardan bir neçəsini təqdim edirik.
   
   
   Kristen Stüart
   Tipaj: Müstəqil kinematoqrafa meyilli xumarbaxışlı qız.
   18 yaşlı Kristen «Alatoranlıq» filminə çağırılmazdan əvvəl 15-dək ekran əsərində çəkilmişdi. Əslində, Stüartın aktrisa karyerası Devid Finçerin «Qorxu otağı» filmində başlamışdı. Kristen orda Codi Fosterin astma xəstəsi olan 12 yaşlı qızını oynayırdı. Gənc qızın «Alatoranlıq»dakı tərəf-müqabili Robert Pettinson etiraf edir ki, sınaqlara məhz Şon Pennin «Vəhşi təbiət» filmində çəkilmiş həmin aktrisanı - Kristen Stüartı görmək üçün gəlibmiş.
   Kristen deyəndə yada ilk düşən «Cundanse» festivalı olur. 2010-cu ildə müəllif filmlərinin ən vacib festivalında Stüartın iştirakı ilə iki ekran əsəri göstərilib: «Rayli ailəsinə xoş gəlmisiniz» və «The Runaways». Üstəlik aktrisa birinci filmdə striptizçi, ikincidə isə lesbiyan rokçu obrazını yaradıb. Düzdür, əminlikdə deyə bilmərik ki, gənc aktrisanın gələcək işlərinin hamısı festivallıq olacaq, bununla belə Kristen daim xarakterik rollara üstünlük verir. Bircə bunu qeyd etmək kifayətdir ki, Stüart «K-11» adlı növbəti filmində transseksual oğlanı canlandırmağa hazırlaşır.
   
   Sorşa Ronan
   Tipaj: «Oskar»ı hədəf almış peşəkar qurban
   16 yaşı tamam olan Ronan nadir hallarda çəkilir, amma çəkildiyi filmlər dərhal «Oskar»a gedir. Yeri gəlmişkən, Sorşa elə rejissor Co Raytın «Bağışlanma» filmində oynadığı öz fantaziyasının qurbanı olan qız rolundan sonra rejissorların diqqətini cəlb eləməyə başlayıb. İki ildən sonra Sorşa Ronan Piter Ceksonun «Sevimli sümüklər» filmində rol alıb. Bu dəfə akademiya onun manyak qurbanı olan qəhrəmanını diqqətdən kənar qoyub və aktrisa «Qızıl Qlobus» və Britaniya Kinoakademiyasının BAFTA mükafatları ilə kifayətlənməli olub.
   Sonra, təbii ki, növbə «Oskar»ındı. Doğrudur, ənənəvi şəkildə hər il bir yeniyetməni nominant eləyən akademiklər, yaşı 30-dan az olan aktyor və aktrisaları mükafatlandırmağı xoşlamırlar. Amma Ronan «Oskar»ı qarşısına məqsəd qoyub və geri çəkilmək fikri yoxdu. Məsələn, o, təzəcə Piter Uirin «Qayıdış yolu» filmindəki çəkilişlərini tamamlayıb (bu filmdə QULAQdan qaçmış dustaqlara yardım eləyən polyak qızını oynayır) və hazırda Co Raytın «Hanna» filmində iştirak eləməyə hazırlaşır. Yeri gəlmişkən, Sorşa bu filmdə də Şərqi Avropada doğulmuş yeniyetmə Nikita obrazını yaradır. Atası tərəfindən ölüm maşını kimi yetişdirilmiş Hannanın uşaqlığı Mərkəzi Kəşfiyyat İdarəsinin (ABŞ) təlim düşərgələrində keçib və indi o, öz azadlığını qaytarmağa çalışır.
   
   Dakota Fenninq
   Tipaj: Hollivudun əxlaqsız balası
   Cəmi 16 yaşı olmasına baxmayaraq, Dakota Fenninq həmyaşıdlarından çox zəngin filmoqrafiyası ilə fərqlənir. Doğrudur, yaşına görə siyahıdakı rolların əksəriyyəti uşaq obrazlarıdı: məsələn, gənc aktrisa Stiven Spilberqin «Dünyaların savaşı» filmində Tom Kruzun qızını, Toni Skottun «Qəzəb» filmində isə Denel Vaşinqtonun doqquz yaşlı rəfiqəsini oynayıb. Müstəqil qəhrəmanlar siyahıya son bir neçə ildə daxil olmağa başlayıb. Lakin «Təzə ay» filmindəki rolundan və «The Runaways»də elədiklərindən sonra aydın görünür ki, onu böyük gələcək gözləyir. Yeri gəlmişkən, Dakotanın kiçik bacısı Ell də onun yolunu davam etdirir və ən ciddi rəqiblərindən biridir. «Mənim adım Semdi» filmini görənlər balaca Elli yaxşı tanıyırlar.
   Bundan sonra tamaşaçılara, sadəcə, gözləmək qalır, çünki Dakotanın onları məyus eləmək fikri yoxdur. Hazırda o, «Qaçaqlar» adlı filmdə qısa şortikli rok-n-roll fanatını canlandırır. «Betsi və imperator» filmində isə Napoleon Bonapartın sevgilisi olacaq. Bonapart rolunu Al Paçinoya həvalə ediblər.
   
   Mia Vasikovska
   Tipaj: Feminizmə meyilli viktorian ledi
   Baxmayaraq ki, Tim Bertonun «Alisa möcüzələr aləmində» filmində yaratdığı Alisa obrazı Mianın 15-ci roludur, buna qədər gənc aktrisanı öz ölkəsindən başqa heç yerdə nə görmüş, nə də barəsində eşitmişdilər. Yəqin ona görə ki, Mia Avstraliyada yaşayır və baletlə məşğul olur.
   Əslində, Mia Vasikovskadan nə desən gözləmək olar. Çünki «Alisa möcüzələr aləmində» filmi ilk üç həftə ərzində «Karib dənizinin quldurları - 3»dən daha çox gəlir gətirib. Odur ki, prodüserlər Miadan asanlıqla əl çəkməyəcəklər. Amma konkret layihələrdən danışmalı olsaq, aktrisa təzəcə Qas Van Sentin «Narahatlar» filmində çəkilişləri başa çatdırıb və «Ceyn Eyr»in növbəti ekranizasiyasında oynamaq üçün nəfəs belə dərmədən Britaniyaya uçub. Yeri gəlmişkən, Qas Van Sentin qısasaçlı sarışın oğlanlara xüsusi meyli olduğunu bilən Mia gözəl uzun saçlarını kəsdirərək rejissora da, tamaşaçılara da sübut eləyib ki, karyerası uğrunda hər şeyə hazırdır.
   
   Emma Stoun
   Tipaj: Qonşu həyətdə yaşayan məzəli qız
   Müasir Hollivudda komediyalar ulduzu olmaq istəyən hər kəs necə başlayıbsa, Stoun da elə başlayıb. Yəni Cadd Apatovun filmində. O vaxta qədər yalnız seriallarda çəkilən Emma 2007-ci ildə rejissorun «Superspayz» filmində iştirak edib və bundan sonra daha beş komediyada rol alıb. Keçən il çəkildiyi «Zombilend» isə aktrisanı ulduza çevirib.
   Bu il ekranlara çıxması nəzərdə tutulan «Yüngül A» komediyasında Stoun ilk baş rolunu oynayacaq. Onun qəhrəmanı - məktəbli qız seksual oriyentasiyası ilə bağlı yayılan şayiələri öz lehinə çevirməyə çalışır. Daha sonra isə aktrisa «Adsız komediya» adlı ekran əsərində Keyt Uinslett, Hyu Cekman, Naomi Uots və bir neçə başqa çox-çox məşhur ulduzla tərəf-müqabili olacaq.
   
   Amanda Seyfrid
   Tipaj: Göründüyü qədər axmaq olmayan sarışın

   Hollivudun arşınına görə Seyfrid gec çəkilməyə başlayıb. İlk rolunu on beş yaşında oynayıb, amma yalnız iyirmi dörd yaşında özünü publikaya tanıda bilib. Özü də çox çətinliklə, çünki «Cenniferin bədəni» filmi ekranlara çıxandan sonra hamı onu «Meqan Foksla birlikdə çəkilmiş həmin aktrisa» çağırırdı. Amanda bu damğadan qurtulmaq üçün «Xloya» erotik trillerində çəkilməyə razılıq verib.
   Baxmayaraq ki, Seyfrid heç bir ayrı-seçkilik salmadan, heç kimin xətrinə dəymədən təklif olunan rolların hamısını qəbul eləyir, «Xloya»dan sonra gələn təkliflər ciddiləşməyə başlayıb. Məsələn, gənc aktrisa «Albert Nobbs» tarixi filmində 20 il özünü kişi kimi qələmə vermiş qadının obrazını canlandıracaq.
   
   Hazırladı: Aygün A.