Bu gün Azərbaycanda kino istehsalı ilə məşğul olan çoxlu prodakşn və studiyalar fəaliyyət göstərir. Lakin bu studiyaların hamısı tammetrajlı filmlərin çəkilişi ilə məşğul deyil. Bununla belə, dövlət sifarişi ilə il ərzində istehsalata 5-6 film buraxılır. Az da olsa, filmlərimiz artıq festivallarda nümayiş olunur. Amma Azərbaycan kinosunun dünya kino bazarına daxil olmasından danışmaq hələ tezdir. Bir çox ölkələr, uzağa getməyək, Gürcüstan, Qazaxıstan son vaxtlar dünyaya çıxış üçün müştərək filmlərin istehsalından bəhrələnir. Müştərək layihələrlə həm filmin büdcəsini artırmaq, həm də qarşılıqlı mübadilə nəticəsində ortaya keyfiyyətli ekran işi çıxarmaq mümkün olur.
   
   
   Bu məsələ bizim üçün də aktualdır. Qeyd edək ki, dünyanın aparıcı kino şirkətləri ilə müştərək filmlərin istehsalının təşkil edilməsi “Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı”nda da əksini tapıb.
   Müştərək istehsalın üstünlükləri filmə iki dövlətin kinoteatr şəbəkəsində özünə tamaşaçı auditoriyası qazanmaq fürsəti verir. İki dövlət öz maliyyəsini, yaradıcı heyətini, texnikasını ortaya qoyaraq keyfiyyətli ekran işinin ərsəyə gəlməsinə şərait yaradır. Filmin hər iki ölkədə tanınması mümkün olur.
   Azərbaycanda müştərək film layihələrinə gəldikdə isə, bu sırada son illərdə istehsal olunan filmlərdən “Sahə”, “Qala”, “Kabus” filmlərinin adlarını çəkə bilərik.
   “Qala” filminin rejissoru Şamil Nəcəfzadə bildirir ki, müştərək layihə gələcək filmin coğrafiyasını genişləndirir: “Burada bir neçə ölkənin prodüserləri, aktyorları iştirak edir deyə həmin ölkələrdə filmə maraq çox olur. Dünya kino praktikasında müştərək istehsal artıq adi bir hala çevrilib. Biz bu sistemdən daha çox yararlanmalıyıq. Koprodakşn “Qala” filmində necə baş tutdu? Biz filmdə də rus aktyorlar oynayacağını və digər məsələləri nəzərə alıb, Rusiyadan prodüser və vəsait cəlb etmək fikrinə düşdük”.
   Qeyd edək ki, “Qala” filmi «Azərbaycanfilm» kinostudiyası ilə Rusiyanın «United Multimedia Projects» şirkətinin birgə işidir. Əslində, istehsalın bu formasının əsasını ideya təşkil edir. Əgər filmin mövzusu hər iki və ya çox olan tərəfləri qane edirsə, bu iş baş tutur. Çünki çəkiləcək filmin ideyası hər iki tərəfin tamaşaçısının marağında olmalıdır.
   
   Beynəlxalq festivallarda müştərək filmlərə üstünlük verilir
   
   Birgə istehsal kinomuzun dünya arenasına çıxmasında mühüm addımdır. Bu halda, filmin dünya ekranlarına çıxmaq şansı yüksəlir. Adətən beynəlxalq festivallarda müştərək filmlərə üstünlük verilir. Məsələn, hansısa beynəlxalq festivala Gürcüstanla müştərək filmimizi təqdim etsək, bu müsabiqə təşkilatçılarında marağa səbəb olacaq. “Nərimanfilm” kinostudiyası da “Sahə” (rejissor İlqar Safat) filmini qonşu ölkə ilə birgə istehsal edib. Film bütünlüklə Azərbaycanda 35 mm kino lentinə çəkilib. Layihə Kler Douns (ssenarist, Britaniya) və Cedomir Kolar (prodüser, Fransa) konsultasiyaları əsasında İFA-SC treninq proqramı çərçivəsində işlənib. “Sahə” filmi cografi mənşəyinə, universal mövzularına görə “art-house” sayıla bilməsinə baxmayaraq, kommersiya baxımından da güclüdür.
   “Nərimanfilm” kinostudiyasının prodüseri Leyla Dostəliyeva bu işin uğurlu alındığını qeyd edir: “Sahə” tammetrajlı bədii filmi “Nərimanfilm” kinostudiyasının Gürcüstanın “Georgiafilm” kinostudiyası və “Bagira Films” kinokompaniyası ilə müştərək istehsalıdır. Sözügedən layihə fəaliyyət göstərdikləri uzun illər ərzində Azərbaycan və Gürcüstan kinematoqrafçılarının ilk müştərək işidir.
   “Nərimanfilm” kinostudiyası adıçəkilən layihənin aparıcı istehsalçısıdır. Gürcü kinematoqrafçılar isə çəkiliş prosesinin texniki təchizatı, həmçinin, filmin Gürcüstanda və Avropada geniş yayımlanması ilə təcəssüm olunur. Qeyd etməliyəm ki, “Sahə” filminin istehsalı Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən olan qismən maliyyələşdirmə və PaşaBank-ın göstərdiyi maliyyə dəstəyi nəticəsində həyata keçirilir”.
   Bu yaxınlarda Amerikanın “Bros.Production” LLC kompaniyası ilə bağladıqları müqaviləyə toxunan Leyla Dostəliyeva bildirdi ki, “Nərimanfilm” kinostudiyası Azərbaycanda filmlərin istehsalı ilə məşğul olacaq, “Bros.Production” LLC kino şirkəti isə maddi-texniki köməklik göstərəcək. Həmçinin, “Bros.Production” LLC kompaniyası respublikamızda istehsal olunmuş filmlərin Azərbaycandan kənarda yayılması məsələsində də yardımçı olacaq.
   Prodüser daha sonra müştərək işin xeyrindən danışdı. Bildirdi ki, gürcü kompaniyaları ilə olan əməkdaşlıq onlara müsbət impuls vermiş və filmin yaradılması prosesində çox mühüm pozitiv nəticələr əldə ediblər: “Bizim o qədər də böyük olmayan təcrübəmizdən aydın olur ki, tamaşaçıların maraqlarına səbəb olmaq üçün filmlərimizi məhz xarici partnyorlarla müştərək çəkməliyik. Xarici partnyorlarla əməkdaşlıq öz işinə kənardan baxmaq imkanı verir, müxtəlif sahələrdə təcrübə mübadiləsinə şərait yaradır. Üstəlik, partnyor vasitəsilə informasiya vermək üçün zəmin hazırlayır. Nümunə olaraq “Sahə” filmini göstərə bilərik. Hələ istehsal başa çatmamış Gürcüstan, Türkiyə və Fransa auditoriyaları tərəfindən müəyyən maraq vardır”.
   Göründüyü kimi, “Azərbaycanfilm” və “Nərimanfilm” kinostudiyalarının koprodakşn işləri müştərək layihələrin kinomuzun dünya arenasına çıxmasında böyük rolu olduğunu göstərir. Müasir kinomuzda müştərək filmlər say etibarilə azdır. Amma son illər bizdə də bu təcrübədən istifadə edilir. Niyə də olmasın?! Azərbaycan kinosunun inkişafı üçün kənar maliyyəni kinomuza niyə də cəlb etməyək?
   
   İntiqam Hacılı