Rusiyalı rejissor Nikita Mixalkovun lentə aldığı «Günəşdən usanmışlar - 2» bədii filmi Kann Beynəlxalq Film Festivalının müsabiqə bölməsinə qəbul olunub. İkinci Dünya müharibəsindən bəhs edən filmdə rejissorun özü də rol alıb. Qeyd edək ki, bu il keçirilən 63-cü Kann festivalında «Qızıl palma budağı» uğrunda 16 film yarışacaq. Onlar arasında özünəməxsus üslubları ilə kino aləmində yer tutmuş Abbs Kiarostami, Takeşi Kitano, Alexandro Qonsales İnyarutti, Mayk Li və başqaları da var. Müsabiqədən kənar isə Vudi Alenin, Stiven Frirzin və Oliver Stounun filmləri nümayiş olunacaq.
   Mayın 12-dən 23-ə kimi keçiriləcək festivalın münsiflər heyətində Tim Berton (sədr), Keyt Bekinseyl, Covanna Mesocorna, Alberto Barbera, Emmanuel Karrere, Benisio del Toro, Viktor Erise və Şekxar Kapur təmsil olunurlar.