Oktyabrın 4-dən İtaliyada Şekspirin məşhur «Romeo və Cülyetta» pyesinin əsasında yeni filmin çəkilişlərinə başlanılacaq. Filmin ssenarisini «Qosford park» filminə görə «Oskar» qazanmış Culian Fellouz yazıb. Cülyetta rolunda isə Lili Kollinz çəkiləcək. Ssenaristin sözlərinə görə, yeni nəslin «Romeo və Cülyetta»sı yoxdur. Ona görə də bu filmə tələbat var. O əlavə edib ki, Şekspirin əsəri onun üçün sadəcə klassik sevgi macərasıdır.
   Çəkiləcək filmin prodüserləri arasında Hollivudda istehsal olunmuş «Yeddi həyat», «Xoşbəxtlik axtarışında» filmlərinin rejissoru Qabriel Muççino da var. 12 milyon dollarlıq büdcəsi olan yeni «Romeo və Cülyetta»nın bu versiyasına italiyalı rejissor Karlo Karley quruluş verəcək. Layihənin prodüserləri isə hələ də Romeo rolunun ifaçısını axtarırlar.
   Qeyd edək ki, «Romeo və Cülyetta» əsərinin son versiyası Baza Lurman tərəfindən 1996-cı ildə çəkilib. Həmin filmdə baş rolları Leonardo di Kaprio və Kler Deyns oynayırdı. Hadisələr isə müasir dövrdə baş verir.