“Salnamə” studiyasında istehsal olunan “Kazım Qarabəkir Paşa” sənədli filminin təqdimatı aprelin 27-də Kinematoqrafçılar İttifaqında keçirildi. Film 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinə köməyə gəlmiş Qafqaz İslam Ordusunun komandirlərindən biri, Naxçıvanın erməni-daşnak qüvvələrindən təmizlənməsində böyük rəşadət göstərmiş Kazım Qarabəkir Paşaya həsr olunub.
   
   Tədbirdə mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva, Kinematoqrafçılar İttifaqının katibi Rasim Balayev, Kazım Qarabəkir Paşanın qızı Həyat Qarabəkir, Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç, ATƏT-in Baki ofisinin rəhbəri Bilgə Cankorel, millət vəkili Məlahət Həsənova və kino ictimaiyyətinin nümayəndələri iştirak edirdi.
   Kinematoqrafçılar İttifaqının katibi, Xalq artisti Rasim Balayev “Kazım Qarabəkir Paşa” sənədli filminin həm mədəniyyət, həm də tarixi baxımından dəyərli olduğunu bildirdi: “Bu filmi vətəndaşlıq nöqteyi-nəzərindən qiymətli iş hesab etmək olar. Çünki belə bir şəxsiyyətin fəaliyyətini bilməmək, yeni nəslə təqdim etməmək günah olardı”.
   Film barədə məlumat verən rejissor Tahir Əliyev bildirdi ki, bu ekran əsərinin çəkilməsi ideyası Qars Universitetinin doktoru Əqidə Ələkbərli tərəfindən irəli sürülüb: “Təklif Mədəniyyət və Turizm Nazirliyi tərəfindən yüksək qiymətləndirildi və filmin istehsalı “Salnamə” studiyasına həvalə edildi. Çəkilişləri Türkiyənin bir neçə şəhərində apardıq. Düşünürəm ki, bu ekran əsəri ötən il “Salnamə”də istehsal edilən uğurlu filmlərdən olacaq”.
   Mərasimdə filmin təqdimatı üçün Türkiyədən Bakıya gələn Kazım Qarabəkir Paşanın qızı Həyat Qarabəkir də çıxış etdi. Belə bir filmin çəkilməsindən məmnunluğunu və təşəkkürlərini dilə gətirdi: “Atam həm Türkiyənin, həm də Azərbaycanın düşmənlərinə qarşı vuruşub. Bu cür filmlər hər iki ölkə üçün gərəklidir. Çünki biz eyni millətin nümayəndələriyik. Sevinirəm ki, Azərbaycan mənim atama qiymət verdi”.
   Çıxışlardan sonra “Kazım Qarabəkir Paşa” sənədli filmi nümayiş olundu. Nümayiş bitdikdən sonra Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç filmi bəyəndiyini etiraf etdi. Səfir rejissor Tahir Əliyevlə əməkdaşlıqlarını davam etdirəcəklərini bildirdi.
   Qeyd edək ki, 40 dəqiqəlik sənədli filmin ssenari müəllifi Güllü Məmmədova, prodüseri Böyükağa Məmmədovdur.
   
   İntiqam Hacılı