Azərbaycanın bir qrup kino işçisi İrana gedib. Səfərin məqsədi Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına «Azərbaycanfilm» kinostudiyasında istehsala buraxılan «Tərsinə çevrilmiş dünya» filminin çəkilişlərini aparmaqdır. Film İran kinematoqrafçıları ilə birgə çəkilir.
   Azərbaycanın qəhrəman polislərinə həsr olunmuş filmin ssenari müəllifi Çingiz Abdullayev, rejissoru Ənvər Əbluçdur. Ekranlaşdırılan film detektiv janrdadır. Filmin bir hissəsi İranın paytaxtı Tehranda, daha sonra Ənzəli şəhərində aparılacaq.
   Azərbaycanda nəzərdə tutulan çəkilişlərə isə mayın ikinci həftəsindən başlanacaq. Film müştərək olduğundan burada yerli aktyorlarla yanaşı, iranlı aktyorlar da çəkilirlər. Baş rol iranlı Məhəmməd Firutənəyə həvalə edilib. Filmdə Xalq artistləri Rasim Balayev və Fuad Poladov da rol alıblar.
   Qeyd edək ki, «Tərsinə çevrilmiş dünya»nın çəkilişlərinin iyun ayında başa çatdırılması nəzərdə tutulur. Filmin oktyabrda təhvil veriləcəyi gözlənilir.