Mayın 20-də Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə “40-cı qapı” bədii filminin Azərbaycan premyerası keçiriləcək. Tədbirdən öncə KİV nümayəndələri ilə mətbuat konfransı təşkil ediləcək. Görüşdə filmin rejissoru Elçin Musaoğlu, baş rolların ifaçıları Həsən Səfərov, Gülər Nəbiyeva və Rövşən Ağayev, nazirliyin Kino şöbəsinin nümayəndəsi və filmin prodüseri Xaqani Həşimov iştirak edəcəklər.
   Tədbirdə “H.O.S.T.” rok qrupu filmə yazdığı “40-cı qapı” saundtrekini səsləndirəcək, sonra muğam ustası Alim Qasımov ifa edəcək. Həmçinin “Natiq” ritm qrupunun ifası olacaq. Filmin nümayişindən öncə yaradıcı qrup təqdim olunacaq və filmin dünya festivallarındakı uğurlarından bəhs edən videorolik göstəriləcək.
   Premyeraya Milli Məclis üzvləri, nazirliklərin, səfirliklərin nümayəndələri, Milli Elmlər Akademiyası və digər akademiyaların kollektivləri, Heydər Əliyev Fondunun nümayəndələri və başqaları dəvət olunacaqlar.