XX əsrin məşhur filmlərinin rimeyklərinin çəkilməsi artıq dəbə çevrilir. Rimeyk köhnə filmlərin yeni versiyası və ya interpretasiyasıdır. Bəzi kinoşünasların fikrincə, əgər yeni versiya orijinalın ümumi süjetini deyil, yalnız bəzi elementlərini qoruyub saxlayırsa, onu rimeyk adlandırmaq çətindir. Bu baxımdan dünya təcrübəsində uğurlu rimeyklər çoxdur.
   
   Hollivud kinosənayesi başda olmaqla, dünyanın əksər kino şirkətləri daha çox tarixi mövzulara müraciət edərək eyni mövzuda bir neçə film çəkirlər. Amerika kino şirkətləri tarixi filmlərin rimeykindən başqa, döyüş və qorxulu filmlərin rimeyklərinə də üstünlük verir. Məsələn, “Fox” studiyası Arnold Şvarsneggerin iştirakı ilə çəkilən “Yırtıcı” filminin rimeykini çəkməyə hazırlaşır. Film-rimeykin ilin sonuna qədər ekranlara çıxarılması planlaşdırılır. Studiya həmçinin klassik döyüş filmi olan “Komandos” filminin rimeykini də başa çatdırmalıdır. Məşhur döyüş filminin yeni versiyasını “Küçə kralları”nın rejissoru Devid Eyer çəkəcək.
   Dünya kinosunda həmçinin Xasa Van Sentanın ”Psixo” (Hiçkokun «Psixo» filmi ) və yaxud «Mələklər şəhəri» (Vim Vendersin «Berlin üzərində səma» filmi) rimeyklərə gözəl misaldır.
   İtaliyada isə Vilyam Şekspirin məşhur “Romeo və Cülyetta” faciəsi əsasında çəkilən eyniadlı filmin yeni rimeyki çəkiləcək. Bu filmin son versiyası 1996-cı ildə çəkilib.
   
   Rusiya təcrübəsi
   
   Rusiyada da filmlərin rimeykinin istehsalı genişlənib. Belə ki, Timur Bekmambetov 2007-ci ildə Eldar Ryazanovun «Qəribə təsadüf», Georgi Yunqvald-Hilkeviç 2009-cu ildə “Üç muşketyor” haqqında filmin davamını çəkiblər. Eləcə də Nikita Mixalkovun «12» filmini Amerika rejissoru Sidni Lyümetin “On iki qəzəblənmiş kişi” filminin rimeyki saymaq olar.
   Rusiya mətbuatında yayılan xəbərlərə görə, E.Ryazanovun «İşdə məhəbbət macərası» ikiseriyalı melodramının da rimeyki çəkiləcək. Xəbərə görə, işçi adı «İşdə məhəbbət macərası. Bizim dövr» rimeykini 2011-ci ilin qışında ekranlara çıxarmaq planlaşdırılır. E.Ryazanovun özü isə bununla bağlı hər hansı bir rəy verməkdən imtina edib. O bildirib ki, yalnız 2006 -cı ildə özünün «Karnaval gecesi - 2, yaxud 50 il sonra» filminin davamını çəkib.
   
   Rimeyklər lazımdırmı?
   
   Film-rimeyklərə baxışlar, təbii ki, birmənalı deyil. Məsələn, tanınmış gürcü aktyoru və müğənnisi Vaxtanq Kikabidze Rusiya mətbuatına müsahibəsində “Mimino - 2” filminin davamının çəkilməsi ilə bağlı suala “Film çəkilsə də, əvvəlki səviyyədə alınmayacaq” cavabını verib. Eləcə də filmin rejissoru Georgi Daneliya vaxtilə filmin davamını çəkmək təklifindən imtina edib.
   Milli kinomuzda rimeyklərə ehtiyac olub-olmaması ilə bağlı kino mütəxəssislərimizin fikirləri də fərqlidir.
   Tanınmış kinoşünas Aydın Kazımzadə milli kinomuzda rimeyklərlə bağlı faktların olduğunu bildirir. Kinoşünasın sözlərinə görə, 1916-cı ildə çəkilən «Neft və milyonlar səltənətində» filmi it-bata düşdüyündən, 1981-ci ildə həmin film «Qızıl uçurum» adı ilə yenidən çəkilib. «Bu, çox yaxşıdır. Çünki biz əvvəl çəkilmiş filmdə baş verənləri sonradan çəkilən ekran əsərindən bildik. Bu film hətta festivalda mükafat qazanıb. Eləcə də «Arşın mal alan» filmi üç dəfə çəkilib. 1916-cı ildə çəkilən «Arşın mal alan» səssiz olduğundan 1945-si ildə çəkilən eyniadlı film daha böyük uğur qazandı. Film dünyanın 150-dən çox ölkəsini gəzib. 1965-ci ildə çəkilən «Arşın mal alan» isə texniki cəhətdən daha müasir olsa da, əvvəlki filmin effektini verə bilmədi. Çünki həmin aktyor ansamblı yox idi».
   Aydın Kazımzadə köhnə filmlərin yenidən çəkilməsinə lüzum olmadığını bildirsə də, tarixilik baxımından bəzi filmlərin yenidən çəkilməsini zəruri hesab edir. Onun fikrincə, “Uzaq sahillərdə” filminin çoxseriyalı televiziya variantının çəkilməsi çox vacibdir. Belə ki, yaradıcı heyət Mehdi Hüseynzadənin qəhrəmanlığının hamısını filmdə göstərə bilməyib. A.Kazımzadənin fikrincə, bu qəhrəmanlıqlar bir neçə seriyaya sığışa bilər. “Müharibə dövründə yaşadığımız üçün Mehdi Hüseynzadə kimi qəhrəmanları ekrana gətirmək çox vacibdir. Hərçənd indi Nodar Şaşıqoğlu kimi aktyor tapmaq da çətindir. Çünki o filmin uğurunun çoxu Nodar Şaşıqoğlunun hesabına yarandı. Film özü də yaxşı çəkilmişdi».
   A.Kazımzadə hesab edir ki, “26-lar” haqqında da yeni film çəkilməli, tarixi- inqilabi filmə yeni bir baxış olmalıdır: ”Yaxud da götürək Ceyhun Mirzəyevin “İşarəni dənizdən gözləyin” filmini. Azərbaycan Xalq Cümhuriyyətinin son günlərini təsvir edən bu filmdə tarixi həqiqətləri göstərmək onu yenidən çəkmək lazımdir».
   Filmlərin davamının çəkilməsinə gəlincə, kinoşünas bildirdi ki, hər bir əsər yazılır və nöqtəsi qoyulur. Həmin filmə süni şəkildə əlavələr etmək heç vaxt uğur gətirmir. “Köhnə filmlərin rimeykini və ya davamını çəkməkdənsə, müstəqilliyimizi, məsələn, Azərbaycan neftinin müharibə illərində oynadığı rolu əks etdirən filmlər çəkilməlidir. Kim deyirsə ki, filan filmin davamını sənət xatirinə çəkirik, bu, doğru deyil. Bunlar yaradıcı heyətin pul qazanmaq xatirinə uydurduqları süjet xətləridir”. A.Kazımzadə vaxtilə böyük maraqla baxılan “Evləri köndələn yar” filmtamaşasının davamı olan “Evləri göydələn yar” tamaşasını ugursuz versiya adlandırdı.
   Xalq artisti, kinorejissor Eldar Quliyev də filmlərin rimeykini, davamını çəkməyə müsbət yanaşmır: “Rusiyada rimeykləri kinotetrlar üçün deyil, televiziyalar üçün çəkirlər. Onlarda yüzlərlə telekanallarla yanaşı təcrübə də çoxdur. Bizim telekanallar da bu barədə düşünməli və yaxşı teleserillar çəkməlidirlər. Hollivudda isə klassik filmlərin rimeykini edirlər. Hansı ki o filmlər bir ekran əsəri kimi öz sözünü deyib. Ancaq onları təkrarlamaq çox çətindir. Təcrübələr göstərir ki, rimeyklər əsas filmdən zəif alınır”.
   Kinorejissorun fikrincə, bu gün milli kinomuzda adı kino tarixinə qızıl hərflərlə yazılan Leyla Bədirbəyli, Həsənağa Turabov, Ələsgər Ələkbərov, Möhsün Sənani kimi aktyorlar olmadığından onların çəkildiyi filmlərin rimeykinə də ehtiyac yoxdur.
   Kinorejissor Cəmil Quliyevin isə məsələyə yanaşması fərqlidir. Onun fikrincə, əgər hər bir dəyərli filmə tələbat varsa, 20-30 il və ya daha çox vaxt keçəndən sonra rimeyk şəklində çəkilə bilər. “Rimeyk onu göstərir ki, həmin filmə böyük diqqət var. Ona görə də o filmə qayıdılır və onu yeni interpretasiyada tamaşaçılara təqdim edirlər. Bu, kinoda maraqlı bir proses ola bilər”. C.Quliyev bildirir ki, rimeyklərin çəkilişi zamanı müəllif hüquqları qorunmalıdır. Çünki vaxtilə dünya kinosunda “7 samuray”, “Qarğa”, “Hərb və sülh” filmlərinin rimeykləri müəllif hüquqları ilə bağlı problemlər yaradıb.
   C.Quliyev rimeyklərlə təkrar ekranlaşdırmanı eyniləşdirən kinoşünasların fikirləri ilə razılaşmayaraq bildirir ki, rimeyk orijinal ssenari əsasında çəkilir. Ekranlaşdırmaya isə dəfələrlə müraciət etmək olar. Kinorejissor bu baxımdan hesab edir ki, milli kinomuzda “Arşın mal alan”, “O olmasın, bu olsun” musiqili komediyaları bir müddətdən sonra rimeyk olunacaq. Həmçinin İ.Şıxlının “Dəli Kür”, Y.Səmədoğlunun “Qətl günü”, Lev Tolstoyun “Hərb və sülh”, “Anna Karenina”, Dostoyevskinin “Cinayət və cəza” əsərlərinə dəfələrlə müraciət etmək olar.
   
   Təranə Sərdarqızı