“Salnamə” studiyasında çəkilmiş “İz...Qala” sənədli filmi Kann Beynəlxalq Kinofestivalının “Short Film Corner” bölməsinə qəbul edilib. Rejissoru Şamil Əliyev, ssenari müəllifi Nadir Bədəlov olan “İz...Qala” filmi Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə istehsal olunub. Bu, rejissorun Avropanın məşhur kinofestivalında iştirak edən ikinci sənədli filmidir. Xatırladaq ki, “Yaddaş” studiyasında istehsal olunan “Azərbaycan xalçası” sənədli filmi ilk dəfə 2009-cu ildə Kann festivalının “Short Film Corner” bölməsində iştirak edib.
   Yeri gəlmişkən, “Azərbaycan xalçası” filmi mayın 15-19-da Ukraynanın Xarkov Beynəlxalq Kinofestivalının proqramına daxil edilib. Rejissor Ş.Əliyev həmin festivalda iştirak etmək üçün dəvət alıb: “Xarkov festivalında iştirak etmək üçün Mədəniyyət və Turizm Nazirliyi mənə şərait yaradıb. Hələlik lazım olan bəzi məsələləri həll etməklə məşğulam”.
   Əlavə edək ki, sənədli filmlərdən əvvəl rejissor “Təsadüfi görüş” bədii filmi ilə beynəlxalq festivallarda iştirak edərək mükafatlar qazanıb.