Azərbaycanda bədii kinonun yarandığı illərdə bir sıra filmlərimizin ssenarilərini dramaturq Cəfər Cabbarlı yazıb. Sonrakı dövrdə çəkilən filmlərimizin əksəriyyətinin ssenarisini yazıçılar qələmə alıb. Onların içərisində Moskva Kinematoqrafiya İnstitutunda ssenari və rejissorluq kurslarını bitirənlər də var.
   Hazırda çəkilən bədii filmlərimizin, demək olar ki, yarıdan çoxunun ssenari müəllifləri ya rejissorlarımızın özü, ya da yazıçılarımızdır. Bütün bunlar kinomuzda sırf ssenarist peşəsi ilə məşğul olan şəxslərin azlığından xəbər verir. Bu barədə kino mütəxəssislərinin fikirlərini öyrəndik.
   
   
   Yusif Şeyxov: “Ssenarinin texniki yazılış formaları mövcuddur”
   
   Mədəniyyət və Turizm Nazirliyinin Kinematoqrafiya şöbəsinin milli filmlərin istismarı və təbliğatı sektorunun müdiri Yusif Şeyxov qeyd edir ki, nazirlik gənc rejissorları kinoya cəlb etməkdə maraqlıdır və bunun üçün “Bu meydan, bu ekran” müsabiqəsi keçirilir: «Artıq bu işin gənc ssenaristlər arasında da aparılmasının vaxtı çatıb. Kinonun yaxşı ssenaridən başlanması artıq bir aksiomadır. Bu cür ssenarilərin yazılması üçün peşəkar ssenaristlər lazımdır. Mən gələcək filmi necə təsəvvür edirəmsə, ssenarilərimi o formada yazıram. Amma məlumdur ki, ssenarinin texniki yazılış formaları mövcuddur. Həmin qaydaya yiyələnmək bu sahə ilə məşğul olanlar üçün elə də çətin deyil. İnternetdə də bu barədə bir çox tövsiyə və məlumatlar var. Şriftin ölçüsündən tutmuş ssenarinin səhifəsinə qədər standartlar göstərilib”.
   Azərbaycan kinosunda hələlik ssenarinin yazılması və təqdim edilməsində bu qaydalara əməl olunmur. Y.Şeyxov kinodramaturq olmaq istəyən hər bir gəncin bu qaydalara uyğun ssenari yazmasını vacib sayır: “Hələlik az sayda ssenaristlərimiz bu qaydalarla işləyir”.
   Məlumdur ki, Mədəniyyət və Turizm Nazirliyinin keçirdiyi “Bu meydan, bu ekran” müsabiqəsində rejissorların yaş həddi 35-dir. Nazirliyin sektor müdirindən Azərbaycanda kinodramaturgiyanın inkişafı üçün ssenari müəlliflərinə də yaş həddinin tətbiq olunmasının mümkünlüyü barədə soruşduq. Y.Şeyxov bildirdi ki, səviyyəli ssenaristlərin meydana çıxması üçün də işlərin görülməsi vacibdir: «Məsələn, “Bu meydan, bu ekran” müsabiqəsinə təqdim olunan işlərin əksəriyyətinin ssenari müəllifləri elə gənclərdir. Bir çox hallarda rejissorların özləri, tanınmış yazıçılar və ssenaristlərdir”.
   Y.Şeyxov bu il “Bu meydan, bu ekran” müsabiqəsinə təqdim olunan layihələrin içində maraqlı ssenarilər olduğunu da qeyd etdi: “Bundan əvvəlki müsabiqələrdə maraqlı işlərin sayı builkindən az idi. Bizə təqdim olunan ssenarilərin bəzilərindən məlum olur ki, gələcəkdə bu işi bacaran peşəkarlar üzə çıxacaq”.
   
   Şamil Əliyev: “Pis mövzu yoxdur, mövzunun yararsız 0təqdimatı var”
   
   Kinorejissor Şamil Əliyev ssenari yazmaq üçün müəyyən məktəb keçmək lazım olduğunu deyir: “Ssenarinin özünün dramaturji qanunları var. Söhbət peşəkar kinostudiyalardan, filmlərdən gedirsə, dünya kinosu bu gün həmin qanunlara, standartlara uyğun işləyir. Hətta dünyaya özünün kino estetikasını diktə edən Hollivud da bu sistemlə işləyir”.
   Ş.Əliyev ssenari yazılmamışdan əvvəl keçdiyi mərhələlərdən danışdı. Onun sözlərinə görə, ilk olaraq “logline” sinopsis təqdim edilməlidir, yəni filmin mövzusu bir cümlədə dəqiqləşdirilməlidir: “İkinci mərhələ “plotline”dir ki, burada gələcək ssenari dörd cümlədə verilir. Ardınca bir səhifədə sinopsis yazılmalıdır. “Tegline” ssenarinin yazılması ərəfəsində yazılır. Bu isə filmin bir cümlədən ibarət şüarıdır. Sonra 10 səhifəlik “treatment-sinopsis”də hadisələr silsiləsi öz əksin tapır. Bütün bunlardan sonra hadisələr silsiləsi olmaq şərti ilə 70 səhifəlik ssenari təqdim olunur. Əgər ssenari 69 səhifə olarsa, qəbul olunmur. Deməli, həmin ssenaridə qüsur var, ya da tam, dolğun yazılmayıb”.
   Məlumdur ki, ssenarini yazmaq üçün müəyyən biliklər və vərdişlər lazımdır. Bu, dünya film fondlarının, peşəkar mütəxəssislərin tələbidir. Ş.Əliyev də bu qaydaların əsas olduğunu vacib sayır: “Ssenarinin özünün də yazılma forması var. Misal üçün, dialoqlar səhifənin ortasında, qəhrəmanın adı ortada böyük hərflə olmalıdır. Hadisələrin təsviri söz yığınından uzaq və konkret göstərilməlidir. Bütün bunlardan sonra ssenari üç variantda təqdim olunur. Ssenaristin birinci variantdan üçüncü varianta qədər hansı dəyişikliklər etdiyinə fikir verirlər. Hollivuda ildə 60 min ssenari təqdim edilir. Bu ssenarilərin yalnız “logline”larını oxuyurlar. Deməli, “logline”da mövzu bir cümlədə elə ifadə olunmalıdır ki, gələcək ssenarini cəlb etmək mümkün olsun. Pis mövzu yoxdur, mövzunun yararsız təqdimatı var”.
   Beləliklə, hər iki mütəxəssisin fikirlərindən aydın oldu ki, Azərbaycan kinosunda səviyyəli ssenarist yetişməsi üçün dünya praktikasında lazım olan qaydalara əməl olunması vacibdir. Bunun üçün xüsusi məktəb keçmək və tədris vəsaiti hesab olunan ssenarilər oxumaq lazımdır.
   
   İntiqam Hacılı