Mayın 18-də Gənc Tamaşaçılar Teatrında Almaniyanın “Zudist-medicagentur e.K” və “Salnamə” sənədli filmlər studiyalarının birgə istehsalı olan rejissor Mojkan Erarinin “Ümid yeri” sənədli filminin ilk təqdimatı keçiriləcək. 
   Filmin mövzusu 190 il bundan əvvəl almanların Azərbaycanın Göygöl, Gəncə, Ağstafa, Tovuz bölgələrində məskən salması, uzun illər yerli əhali ilə mehribançılıq şəraitində yaşaması və 1940-cı ildə Kremlin çıxardığı qəddar qərar nəticəsində Qazaxıstana sürgün edilmələrindən bəhs edir.
   Filmin ssenari müəllifi və rejissoru Mojkan Erari, operatoru Ayxan Salardır. Montaj işi Branka Pavloviçə, musiqisi Emin Məmmədova və Sayalı Dadaşa məxsusdur.Filmin icraçı prodüseri Azad Axundovdur.