Sənət incilərinə qəsd, yoxsa ikinci həyat?
   
   Ötən il «Rossiya» telekanalında yayımlanan «Baharın 17 anı» teleserialının rəngli versiyası tamaşaçılar tərəfindən birmənalı qarşılanmadı. Rusiya kommunistləri filmin rəngli versiyasını ideoloji təxribat və sənət incisinə qəsd adlandıraraq hətta «Rossiya» kanalını məhkəməyə verdilər. Onlar «Ştirlisin» ağ-qara lentdə qalmasını tələb edirdilər. Rusiya kommunistlərinin bu tələbi ölkə ictimaiyyətində də dəstək qazanmışdı. Bir sıra kino mütəxəssisləri də ağ-qara «Ştirlis»in rəngli təsvirə köçürülməsini tənqid atəşinə tutdular.
   Telekanal rəhbərliyi isə onlara ünvanlanan ittihamları rədd edərək rəngli təsvirdə kinolentə xələl gəlmədiyini bildirdi: «Film bizim xüsusi sifarişimizlə rənglənib və ümid edirik ki, tamaşaçılar bu variantdan yeni müsbət hisslər alacaqlar».

   
   «Millətin rəngi» əməliyyatı
   
   Rusiya mətbuatı məsələyə münasibətini bildirərək yazır ki, rəngləmə fenomeni meydana gəldiyi ilk vaxtlardan - 20-ci əsrin əvvəllərindən çoxlarını təmin etməyib. Köhnə kino və cizgi filmlərinin həvəskarları ağ-qara lentlərin rəngli təsvirə köçürülməsini «mədəni vandalizm» adlandırırlar. Kino klassiklərinin rəngli versiyasını «Millətin rəngi» əməliyyatı adlandıranlar da var. Köhnə filmlərin rənglənməsini mənzillərin avrotəmirinə bənzədənlər də az deyil.
   Filmlərin rəngli versiyasını ərsəyə gətirən «Grading Dimension Pictures» şirkəti isə ünvanlarına səslənən ittihamları cavabsız buraxmayıb. Klassik filmlər üzərində texnoloji eksperiment aparan yaradıcı heyət bildirib ki, əfsanəvi teleserialın yenidən canlanmasına yalnız sevinmək lazımdır. Onlar hesab edir ki, rəngli film qətiyyən köhnə filmin təhrif olunmuş variantı deyil. Təşkilat filmlərin rənglənməsini tamaşaçıların diqqətini daha çox cəlb etmək məqsədi daşıdığını bildirib. Onların fikrincə, bu, çox vacibdir. Çünki indiki gənclər ağ-qara filmlərə baxmağı sevmirlər. Şirkət təmsilçiləri hətta bildiriblər ki, rejissor Eldar Ryazanov 1992-ci ildən «Avtomobildən qorunun» filminin rənglənməsinə çalışırdı və bu işin məsuliyyətini də onlar boyunlarına götürüblər. Şirkət həmçinin «Döyüşə qocalar gedir», «Zoluşka» filmləri daxil olmaqla 17 ekran işinin rəngli versiyasını hazırlayıb.
   «Biz köhnə lentlərə ikinci həyat veririk. Onları daha da baxımlı edirik, ekran ömrünü uzadırıq. Bu filmlərin DVD variantı əla satılır» - deyə şirkətin prodüseri İqor Lopatenko bildirib. Onun sözlərinə görə, filmlər onlar üçün sənət incisindən daha çox mədəni məhsuldur: «Rəngli effekt tamaşaçıya daha çox informasiya və nüanslar bəxş edir». Şirkətin prodüseri hətta «Döyüşə qocalar gedir» filminin nümayişi zamanı telekanalın reytinqinin artdığını da bildirib.
   Ancaq tamaşaçıların narazılığına görə, artıq bu filmlər yeni versiyada ekrana çıxmır. Rusiyada ictimai rəy belədir ki, klassik filmlərin rəngli versiyası həmin filmi əvvəllər görməyən tamaşaçılar üçün daha yaxşıdır.
   
   Ağ-qara, yoxsa rəngli?
   
   Azərbaycan kinosunda da ağ-qara filmlərin rənglənməsinə münasibət birmənalı deyil. Kinoşünas Aydın Kazımzadə hesab edir ki, bəzi köhnə filmlərin rəngli versiyası lazımdır: «Amerikada bu proses çoxdan başlayıb. Artıq Rusiyada da yayılıb. Köhnə lentlərin rənglənməsi estetikadır, göz oxşayır. Filmlər tamam yeni formada təqdim olunur. «Kaş, 1945-ci ildə çəkilən «Arşın mal alan» filmi rəngli olaydı!»
   Eyni zamanda, kinoşünas ağ-qara filmlərin öz yerinin olduğunu da qeyd edir. Onun fikrincə, elə filmlər var ki, onlar ağ-qara olmalıdır. «Məsələn, «Tütək səsi» filmi müharibədən bəhs edir. Onu necə rəngli vermək olar? Həmçinin «Fəryad» filmində də rənglər azdır. Operator bilərəkdən həmin filmdə soyuq rənglərə üstünlük verib». A.Kazımzadənin fikrincə, «O olmasın, bu olsun» filmindəki al-əlvan rənglərin çoxluğu əhval-ruhiyyəni qaldırmaq baxımından effektlidir.
   Kinooperator Rafiq Quliyevin köhnə filmlərin rəngli versiyasına münasibəti müsbət deyil. «Biz filmləri ağ-qara görməyə alışmışıq. Hər bir ekran əsəri öz dövrünün ab-havasını, estetikasını, aurasını yaşadır. Mövzuya təkrar müraciəti xoşlamadığım kimi bunu da xoşlamıram».
   R.Quliyevin fikrincə, rənglər dramaturgiyanın bir daşıyıcısıdır və ağ-qara kinoda bunu yaratmaq xüsusi qabiliyyət tələb edirdi. «Ağ-qara filmlər daha təsirli idi, seyrçi də ona daha çox öyrəşmişdi. 20-30-cu, eləcə də müharibə illərindən bəhs edən filmləri rəngli qəbul edə bilmirəm. Mən «Kəndlilər» və «Bismillah» filmlərini heç cür rəngli təsəvvür edə bilmərəm. Belə filmləri yenidən rəngli şəkildə təqdim etmək düz deyil».
   Xalq rəssamı Mais Ağabəyov da ağ-qara filmlərin rəngli versiyasının əleyhinədir. Rəssamın fikrincə, hər bir sənət əsəri öz dövrünü tərənnüm edir. Ağ-qara çəkilən filmlərə rəng vermək o dövrün ab-havasını dəyişir. «Rejissor Tofiq Tağızadə «Yeddi oğul istərəm» filmini rəngli lentdə çəkə bilərdi. Amma dövrü nəzərə alaraq ağ-qara çəkməyə üstünlük verib. Məncə, dünyadan köçən rejissorlar istəməzdilər ki, onların filmləri rəngli versiyada çıxsın. Çünki o, başqa cür qavranılır».
   Kinorejissor Oqtay Mirqasımov hesab edir ki, bu prosesin qarşısını almaq mümkün deyil. Rejissorun fikrincə, indiki nəsil ağ-qara fotonu, ağ-qara filmi qəbul etmir: «Bizim nəsil üçün bu bir xatirədir, bütövlükdür. Ağ-qara filmlərin estetikası tam fərqlidir. Amma televiziyanın öz tələbləri var. Əgər biz istəsək ki, efirdə hər gün köhnə filmləri göstərsinlər, bu, mümkün deyil. İndiki nəslin və iqtisadiyyatın öz tələbləri var. Onlar bizim zövqlərimizdən üstündür».
   
   Təranə Sərdarqızı