Azərbaycan rəssamları bir-birindən maraqlı avtoportret əsərləri yaradıblar. Bu əsərlər keçirilən sərgilərdə qismən nümayiş etdirilsə də, onların böyük bir hissəsi uzun illər rəssamların emalatxanalarında saxlanılıb, sərgilərdə nümayiş etdirilməyib.
   
    Portret, mənzərə, tarixi, batal, natürmort və məişət janrlarında yaradılmış əsərlərə nisbətən avtoportretlər geniş ictimaiyyət nümayəndələrinə az təqdim edilib, respublikada ayrıca avtoportret sərgisi keçirilməyib.
   Qeyd edilənləri nəzərə alaraq, Azərbaycan rəssamlarının yaradıcılığının təbliği və avtoportret əsərlərinin geniş tamaşaçı auditoriyasına təqdim edilməsi məqsədilə Azərbaycanda ilk dəfə olaraq “Azərbaycan rəssamlarının avtoportretləri” adlı sərgi təşkil olunacaq.
   Sərgi sentyabrın 21-dən 25-dək Muzey Mərkəzində keçiriləcək. Qeyd edək ki, Azərbaycan rəssamlarının Dövlət Rəsm Qalereyası və Dövlət İncəsənət Muzeyində saxlanılan avtoportret əsərləri ilə yanaşı, sərgidə digər avtoportret əsərləri də nümayiş etdiriləcək.
   Sərgidə iştirak etmək istəyən rəssamlar öz avtoportret əsərlərini 2010-cu il sentyabr ayının 17-dək Muzey Mərkəzinə təqdim edə bilərlər.