Sentyabrın 22-də "Kiçik Qalq - Art Gallery"də konseptual rəssam, müasir rəngkarlığın nümayəndələrindən biri Fərid Rəsulovun "Şeylər" adlı fərdi sərgisinin açılış mərasimi oldu. 
   İki ay davam edəcək sərgidə müxtəlif, lakin heç bir özünəməxsusluğu olmayan əşyaların (“Ütü”, “Qayğanaq”, “Sınmış boşqab”, “Sınmış fincan”, “Rozetka” və s.) rəsmləri seçilərək nümayiş olunur. Onlar bizim gündəlik həyatımızdan götürülüb, reallığa çox yaxın çəkilib və ilk baxışda onların sintezi çox tanış ailə atmosferi yaradır.
   Məlumat üçün bildirək ki, Fərid Rəsulov həkim - oftalmoloqdur. Rəssamlıq təhsili almayıb. Təsadüfən gənc Azərbaycan rəssamlarının əhatəsinə düşüb və özündə bu qabiliyyəti hiss edib.
   F.Rəsulov: "Bu qabiliyyətim həyatımı birdən-birə dəyişdi. Gözlənilmədən başa düşdüm ki, dünyaya münasibətimi müasir incəsənətin köməyi ilə ifadə edə bilərəm. Çəkdiyim rəsmlər ilk baxışdan tamaşaçıda adi təəssürat doğursa da, mahiyyətə nüfuz edəndə hər birinin özünəməxsus mənası anlaşılır".