Oktyabrın 28-də Mədəniyyət və Turizm Nazirliyinin və Rəssamlar İttifaqının birgə təşkilatçılığı ilə “Gümüş maska” müasir incəsənət sərgisi keçirildi.
   
   Dövlət Gənc Tamaşaçılar Teatrında təşkil olunan sərgini giriş sözü ilə açan Mədəniyyət və Turizm Nazirliyinin İncəsənət şöbəsinin müdiri Fərəh Əliyeva “Yeni adlar, yeni simalar” layihəsi çərçivəsində təşkil olunan sərginin keçirilməsinin əhəmiyyətindən danışdı. Bildirdi ki, son illər Mədəniyyət və Turizm Nazirliyi tərəfindən mədəniyyət və incəsənətin müxtəlif sahələrində gənc istedadların dəstəklənməsi, onların əsərlərinin təbliği və geniş tamaşaçı auditoriyasına təqdim edilməsi məqsədilə bir sıra tədbirlər həyata keçirilir. Təşkil olunan sərgilər gənc istedadları yaradıcılığa ruhlandırır, yeni maraqlı əsərlərin yaranmasına səbəb olur. F.Əliyeva belə təbirlərin davamlı olaraq keçiriləcəyini bildirdi, sərgidə əsərləri nümayiş olunan rəssamlara yeni yaradıcılıq uğurları arzuladı.
   Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağəli İbrahimov layihə çərçivəsində sərgilənən əsərlərin iştirakçılarda maraq oyadacağına əminliyini ifadə etdi. O, belə sərgilərin təşkilinin geniş auditoriyanın gənc rəssamların yaradıcılığını daha yaxından tanımasına şərait yaratdığını vurğuladı.
   Tədbirdə çıxış edən sənətşünas, Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev son dövrlərdə Bakıda bir sıra maraqlı sərgilər keçirildiyini dedi. Ardıcıl olaraq “Azərbaycan rəssamlarının ilk avtoportret sərgisi”nin, “Azərbaycan incəsənəti əsrlərin qovşağında”, “7-ci mərtəbə” sərgilərinin keçirildiyini xatırladan sənətşünas gənclərin iştirak etdiyi bu layihənin Azərbaycan rəssamlığının yeni simasını formalaşdırmaqda olduğunu bildirdi: “İnanıram ki, bu əsrin qovşağında yaradıcılığa başlayan rəssamlar Azərbaycan rəssamlığının XXI əsr mənzərəsinin yaradılmasında fədakarlıq göstərəcək və həmişə olduğu kimi Azərbaycan incəsənətini xalqın qürur mənbəyinə çevirəcəklər”.
   Sərgidə əsərləri nümayiş etdirilən müəlliflər adından çıxış edən Gündüz Ağayev layihədə iştirakdan məmnunluğunu ifadə etdi. Gənc rəssamların əsərlərinin təbliğinin, daha geniş auditoriyaya təqdim olunması istiqamətində atılan addımların gənclər tərəfindən təqdir olunduğunu bildirdi.
   O, qeyd etdi ki, müasir dövrdə yeni rəssamlar yetişir, yeni fikirlə, yaradıcılıq axtarışları ilə öz sözünü deməyi bacarırlar. Sonda o, sərgi təşkilatçılarına, iştirakçılara minnətdarlığını bildirdi.
   Sonra əsərləri sərgilənən rəssamlar iştirakçılara təqdim olundu.
   Sərgidə gənc rəssamlar Gündüz Ağayev, Təkin Əfəndiyev, İnarə Rəsul və heykəltəraş Məmməd Rəşidovun rəngkarlıq, kiçikhəcmli heykəltəraşlıq, installyasiya və digər janrlarda müasir incəsənət əsərləri nümayiş olundu.
   
   Ceyhun