Esse
   
   Hərdən sözlər ürəyimdən gəlib kal armud tək hulqumumda ilişir. Amma bu kal armudu biz yeməliyik - yəni, deməliyik. Kal armudu isə kimin “ağlının dişi” batırsa, o kəslər yeyir. Bu baxımdan dişi batan da sağ olsun, batmayan da.
   Ailə-məişət münasibətlərində mənə ən şirin gələn mövzu nənə, baba və nəvə münasibətidi. Çünki bunda əsl uşaqlarla “yaşlı uşaqların” ünsiyyət prosesi meydana çıxır. Məsələn...
   Babalar nənələrdən rəhmsiz olurlar. Nənələr də babalara nəvələr üçün rəhmsiz olurlar.
   Altmış yaşlı babanın yaşını nəvəsi say çöpləri ilə sayır. Baba isə bu ömrü altmış ilə sayıb. Doğrudan da, hər şey UŞAQLAR üçün necə də asandır.
   Deyirlər, dünya böyükdü. İnanmıram. İki əsaslı arqumentim var.
   1. Şimaldan Cənuba, Şərqdən Qərbəcəndi, deməli, dörd divar kimi dardı.
   2. Dünya necə böyükdi ki, bizim ömrümüzə sığır?
   Hərdən satılan evlərin qiyməti ilə maaşımı, qonorarımı hesablayanda gözüm kəlləmə çıxır. Həmin evlərdən birini pul toplayıb almaq üçün, işləyən adam yox, işləyən qarğa olmalısan ki, ömrün çata. Odur ki, pulumu yığmıram. Bu gün son puluma Alber Kamyunun “Taun” romanını aldım.
   Metronun qiymətindən tutmuş adamların əsəbinə kimi hər şey qalxır. Bircə insanlar öz yerindədi. Tərpənmirlər. Bizim evimiz həmişə birmərtəbəlidi. Qalxmır ki, qalxmır...
   Gözəlliyə cənnətə, gözəli mələyə, təmizliyi bulağa (zəm-zəmə), bəyazı südə bənzədə-bənzədə bu dünyada özümüzə o dünya yaratmaq istəyimiz var, deyəsən. Yoxsa, bu ibarələr təsadüfənmi yaranır? Balzaq əfəndi yazır ki, “Allaha şübhə etmək ona inanmaq deməkdir”. Deməli, biz cənnətə şübhə etmədən inanırıq. Hamımız?
   Cənnət və Cəhənnəm, Xeyir və Şər, İşıq və Qaranlıq. Bu dualizmlərə fikir verdinizsə, müsbətlər həmişə birincidir. Bu prinsip cəmiyyətdə həmişə var, yaxşını əvvələ verib, yamanı arxasınca göndərirlər. Ona görə insanlar həmişə aldanırlar...
   Yuxumda da şeir, ədəbiyyat görürəm. Hərdən mənə elə gəlir ki, eyni günü təkrar yaşayıram. Yuxumda da yatmaq istəyirəm. Həyatda adamı yatmağa qoymurlar.
   Qadınlarla kişilərin ən ümdə vəzifələrindən biri də budur ki, onlar seçim imkanı qarşısında qalanda ən sərfəlini seçirlər, ən layiqlini yox. Bir də eşitmişəm ki, qadınların beyni kişilərin beynindən yüngüldü. Sizcə bu təsadüfdümü?
   Gender bərabərliyini qadınlar pozurlar, çünki onların sayı daha çoxdu. Qadınlar kişilərin qabırğasından yaranıb. Gec gəlib, tez öyrənənlər kişiləri cənnətdən qovdurdular. Bu hal sonralar hamıya sirayət etdi. Tamahkar insan olan yerdə cənnət ola bilməz.
   Ey insanlara böyük varlıq deyənlər, insan ölmək istəyəndə deyir: “Allah, mənə ölüm ver”. Yəni insan halalca ölümünü də ala bilmir, istəyir.
   Bir dəfə ölümdən soruşdum:
   - Ölüm, həyat beş həriflidir, sən dörd - niyə sən həyatın sonuna vara bilirsən?
   Ölüm gülümsünərək dedi:
   - Liliputlar o boyda uzundraz Qulliveri yerə yıxıb paltar biçib tikdilər, dünya təəccüblənmədi. Mənim özümdən bir qarış böyük həyatın sonuna varmağım sizə niyə ağır gəlir?
   Adəmin qabırğasından Həvvanı yaratdı Allah. Ona görə də kişilərin canı həmişə qadınlardadı (divin canı şüşədə olan kimi).
   Hərdən bir sual ürəyimin qapısına təpik vurub içəri girir: niyə ölüləri və ölümü unutmuruq? Biz ölümü başqa insanların simasında o qədər xatırlayırıq ki, axırda ona aşiq oluruq. Məcnun Kəbədə zəncirdən yapışıb eşq diləyir. Halbuki atası onu eşqdən - BƏLAdan xilas olsun deyə aparmışdı. Biz ölümdən qaçmaq, qorunmaq istəyib həmişə ona sarı gedirik, onu təkrarlayırıq.
   
   Fərid Hüseyn
   
Farid-001@inbox.az