Mayın 18-də Azərbaycan Gənc Tamaşaçılar Teatrında Almaniyanın “Zudist-medicagentur e.K” və “Salnamə” sənədli filmlər studiyalarının birgə istehsalı olan “Ümid yeri” sənədli filminin təqdimatı keçirildi. Filmin ssenari müəllifi və rejissoru Mojkan Ehrari, operatoru Ayxan Salar, bəstəkarı Emin Məmmədov, icraçı prodüseri Sayalı Dadaşdır.
   
   Mədəniyyət və Turizm Nazirliyinin Kinematoqrafiya şöbəsinin baş məsləhətçisi Almaz Sultanzadə tədbirdəki qonaqları salamlayaraq filmin tarixçəsi haqqında məlumat verdi: “190 il bundan əvvəl Avropadan Qafqazın cənubuna qədər uzun yolu qət edən köçkün almanlar Azərbaycanda məskən saldılar. Göygöl, Gəncə ərazisində məskunlaşan almanlar işgüzarlığı və bacarığı ilə nüfuz qazanmışdılar. Uzun illər yerli əhali ilə mehribanlıq içində yaşayan almanlar 1941-cı ildə SSRİ-nin rəhbəri Stalinin əmri ilə Qazaxıstana sürgün edildilər».
   Filmdə Azərbaycan ərazisində salınmış Helenendorf (Göygöl rayonu) qəsəbəsinin keçmiş sakinlərinin xatirələri yer alıb. 80 yaşlı Gizella nənə 16 yaşlı nəvəsi ilə Almaniyadan Azərbaycana, keçmiş Helenendorfa yola düşür və nəvəsinə keçmiş günlərdən danışır.
   Tədbirdə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev Almaniya-Azərbaycan münasibətlərindən, filmdə toxunulmuş tarixi hadisələrdən söz açdı.
   Filmin rejissoru M.Ehrari bu layihənin reallaşmasında köməyi olan hər kəsə minnətdarlığını bildirdi. Tədbirdə “Salnamə” sənədli filmlər studiyasının direktoru Böyükağa Məmmədov, Azərbaycan almanlarının tarixinin tədqiqatçısı Məmməd Cəfərli filmlə bağlı fikirlərini söylədilər.
   
   Yeganə